Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2023 , 01:03

Son xəbərlər

Bütün xəbərlər

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +
Müasir Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq islahatlarının inkişafında Ulu öndər Heydər Əliyevin rolu danılmazdır

2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevi daim ehtiramla xatırlayır. Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Dövlət başçısının qeyd olunan sərəncamına əsasən 2023-cü ilin məhz Heydər Əliyev ili elan edilməsi Heydər Əliyev dühasına dərin ehtiram, sayqı ifadəsi və unudulmazlıq təcəssümüdür. Nə qədər ki, bu xalq, millət var, yaşayır Heydər Əliyev fenomeni xatirələrdən heç zaman silinməyəcəkdir.  

Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Heydər Əliyev fenomeni təkcə Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdən biridir.  

 “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”- deyən Heydər Əliyevin bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olub, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.  “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, müstəqilliyi təhlükə altında olan ölkənin ilk növbədə iqtisadiyyatını dirçəltmək lazımdır. Bunun üçün isə bir yol var idi. Neft-qaz sənayesini yenidən ayağa qaldırmaq. Məhz onun qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də hamıya əfsanə kimi görünən “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanı işıqlı sabahlara doğru aparan yeni neft strategiyasının icrasına başlanıldı.    

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi.
Müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. 

Müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində-referendum yolu ilə qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir.

Demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin misilsiz tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyanın müəllifi kimi Уlu öndər Heydər Əliyev dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının və qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail olmuşdur.  

Müasir Azərbaycan ədliyyəsinin inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz rolu danılmazdır. Ümummilli lider Azərbaycana rəhbərliyi illərində respublikanın ədliyyə sisteminin inkişafına məhz belə bir mövqedən yanaşıb və insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sisteminin demokratik dəyərlər əsasında qurulmasını prioritet istiqamət kimi diqqətdə saxlayıb. Bu baxımdan, Ulu öndərin Azərbaycana rəhbərliyinin ilk dönəmində Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması xüsusi əhəmiyyət verdiyi məsələlərdən biri olub. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilməklə, respublikanın ədliyyə tarixində yeni mərhələnin əsası qoyulub. Məhz o vaxtdan adı çəkilən nazirlik Ali Məhkəmə istisna olmaqla, bütün başqa məhkəmə orqanlarına təşkilati rəhbərliyi və məhkəmə idarəçiliyini reallaşdırıb, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti və məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini həyata keçirib. Ədliyyə sisteminin müasirləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, ən başlıcası isə ədliyyə işinin gələcək inkişafı məqsədilə hərtərəfli zəmin yaradılıb.  Ümummilli lider Heydər Əliyev ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra da Azərbaycan Ədliyyəsinin həyatında əsaslı dövr başlandı. Bu dövr ədliyyə sistemiнin surətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin və strukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi və demokratik Azərbaycan Respublikası qurulmasında iştirak edənlərdən biri kimi ədliyyə orqanları diqqətdən kənarda qalmamış və bu qurumlara qayğı ilə yanaşılmışdır. Bu qayğının sayəsində Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri yenidən müəyyənləşdirilərək təkmilləşdirilmiş, ədliyyə fəaliyyətinin o zamanki dövrün tələblərinə cavab verməsi üçün müvafiq struktur dəyişiklikləri aparılmış, bir çox yeni qurumlar yaradılmışdır.  Ümummilli lider Heydər Əliyev Azərbaycan Ədliyyəsinə daim xüsusi diqqət və qayğı göstərmişdir. Ədliyyə işçilərinə mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə Ulu öndər Heydər Əliyev ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işcisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanır.

Bütün mənalı həyatını öz xalqına bəxş edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrildi.  Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ədliyyə və məhkəmə-hüquq islahatları son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Ötən müddətdə Azərbaycanın hərtərəfli inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq məhkəmə-hüquq islahatlarının da keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb, məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət göstərib. Eyni zamanda 2006-cı ildə dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır.     

Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində nazirliyin fəaliyyət istiqamətləri genişləndirilmiş, o cümlədən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün möhtərəm Prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, 446 nömrəli Fərmanı ilə Regional ədliyyə şöbələri yaradılmışdır.  Azərbaycan ədliyyəsinə daim yüksək diqqət və qayğı göstərən dövlət başçısı tərəfindən 18.11.2016-cı il tarixli, 1119 nömrəli Fərmanla  “Ədliyyə orqanlarının inkişafı haqqında” sözügedən Fərmana edilmiş dəyişikliklər ilə regional ədliyyə şöbələrinə idarə statusu verilmlşdir.  Eyni zamanda son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Qəbul edilmiş qərarlar, məhkəmə hüquq sistemində yeniliklər, o cümlədən, dünyada mövcud olan ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi aparılan islahatların bariz nümunəsidir. Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların mühüm tərkib hissəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ilə bu sahədə yeni bir mərhələnin əsası qoyulub. Qeyd olunan fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəyyənləşdirməklə bu sahədə ən aktual məsələlərin və problemlərin həllini nəzərdə tutan adıçəkilən sənəd mühüm əhəmiyyətə malik proqram xarakterli “yol xəritəsi”dir. Bu “yol xəritəsi”nin əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaqdır. Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, hakimlərin iş yükünün azaldılması icraatın səmərəliliyinin artırılması, məhkəmə qərarlarının icrası sahəsinin təkmilləşdirilməsi və süründürməçilik hallarının aradan qaldırılması, icranın alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi və s. problemlərin həllində qarşıya mühüm vəzifələr qoyub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu qələbə Azərbaycan dövlətçilik və müharibə tarixinə qızıl hərflərlə yazıldı. Çünki, bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi, Ermənistanın uzun sürən işğalçılıq siyasətinə son qoydu və Azərbaycan Respublikası vətəndaşlarının və dünya azərbaycanlılarının  əyilməz qürurunu özünə qaytardı. 

Xalqımız əmindir ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə аpаrаcaqdır.

Azərbaycan xalqının Ümummilli lideri, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir və оnun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Qədir Paşayev
Xaçmaz Regional Ədliyyə İdarəsinin  rəis müavini, ədliyyə müşaviri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

105 yaşlı Ədliyyə tarixi

Elmi-Praktik Məsələlər
20-11-2023

Yerli büdcənin tərtibi

Elmi-Praktik Məsələlər
10-10-2023