Milli Məclisdə Latviya Yerli Hakimiyyətlər Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib
Mayın 20-də Milli Məclisdə Latviya Yerli Hakimiyyətlər Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki, görüşdə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun On Üçüncü Sessiyasının (WUF13) əhəmiyyəti, şəhərsalma və regional
inkişaf sahəsində beynəlxalq əməkdaşlıq, yerli özünüidarəetmə sahəsində təcrübə
mübadiləsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov WUF13 vasitəsilə Bakının qlobal urbanizasiya gündəliyinə mühüm töhfə verdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətləri parlament ölçüsündə də uğurla inkişaf edir.
Görüşdə bələdiyyələrin birləşməsi yolu ilə konsolidasiyası, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin gəlirlərinin optimallaşdırılması, regionların balanslı inkişafının təmin edilməsi, əhali məskunlaşması və demoqrafik proseslərin yerli özünüidarəetməyə təsiri, mərkəzlərlə periferiyalar arasında bələdiyyə xidmətlərinin əlçatanlığı məsələləri ətrafında müzakirələr aparılıb.
Belediyye.infonun əldə etdiyi məlumata görə, görüşdə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov iştirak ediblər. Əlavə edək ki, Qaraçuxur bələdiyyəsi 2012-ci ildən Yekablis şəhəri ilə "Qardaşlaşma" protokolu imzalayıblar. Ötən dövr ərzində dəfələrlə qarşılqlı səfərlər də həyata keçirilib.
Rəylər
0 Rəy