Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür?
Bu şəkildə gördüyünüz Qaradağ rayonu Lökbatan bələdiyyəsinin 29 iyul 2016-cı ildə istifadəyə verdiyi "Mərasim evi"dir. Mərasim evi Lökbatan qəsəbəsi Ş.Xəlilov küçəsi 4, 11, 13 və 15 saylı binaların qarşısında bələdiyyənin maliyyəsi ilə inşa edilib. O dövrdə ərazi abadlaşdırılıb, həm də "Mərasim evi"nin fəaliyyəti üçün lazımı avandanlıqla təchiz edilib. Artıq bu ilin iyulun 26-da "Mərasim evi"nin fəaliyyətinin on ili tamam olur. Sual olunur, ötən on il ərzində "Mərasim evi"nin istifadəsindən bələdiyyə büdcəsinə nə qədər vəsait daxil olub? Bilən varmı.
Heç olmasa son il yarım ərzində bələdiyyə
büdcəsinə daxil olan vəsaiti açıqlaya bilsələr yaxşı olardı. Ən əsası əldə
olunan vəsaitin hara xərclənməsi barədə məlumat paylaşılsaydı həm də
qanunvericiliyin tələblərinə cavab verilmiş olardı.
Ancaq şəffaflıq və hesabatlılığı
təmin etmək, ərazidə vətəndaş məmnunluğunu təmin etmək əvəzinə sədrin bütün işini
gücünü atıb bələdiyyənin balansında olan traktorla söküntü ilə məşğul olması bütün hallarda yolverilməzdir. Mən hələ traktorun hesabına bələdiyyə büdcəsinə gəlməli olan vəsait haqqında danışmıram. Bir daha təkrar edirəm, bələdiyyə sədrinin vəzifəsi ərazi (və ya ərazilərdə)
qanunsuz tikintilərlə mübarizə aparmaq deyil.
Təsdiq edilən Qanunvericlikdə və normativ-hüquqi aktlarda bələdiyyə sədri üçün
belə bir vəzifə müəyyən edilməyib. Əgər edilməyibsə onda sədrin işini gücünü
atıb bu işlə məşğul olması nə deməkdir. Bunu necə başa düşək? Rayon icra hakimiyyətinin hər hansı rəsmisinin
bələdiyyə sədrinə belə bir tapşırığın verilməsi də həqiqətə uyğun deyil. Bütün hallarda RİH rəsmiləri seçkili orqan təmsilçilərinə
yalnız tövsiyə verə bilər. Onlarda heç bir halda belə qanunsuz tövsiyə verməz. Bu əslində rayon "RJU"-sunun səlahiyyətinə aid olan məsələdir. Nə isə...
Göründüyü kimi, aşağıda qeyd edilən maddələrin
heç birində ərazidə (və ya ərazilərdə) qanunsuz tikintilərin bilavasitə
söküntüsünün bələdiyyə sədri tərəfindən
icra edilməsi sədrin vəzifələrinə aid edilməyib.
Bələdiyyə sədrinin kifayət qədər icra
olunmalı vəzifəsi var. Bu vəzifələri icra etmək, ən əsası şəffaflıq və
hesabatlılığı təmin etmək əvəzinə özünə aid olmayan işlə məşğul olmaq bütün
hallarda bələdiyyənin çəki və nüfuzuna xələl gətirən amillərdir. Konkret.
Beləliklə, sözümün canı ondadır ki, bir bələdiyyə sədrinin hər hansı bir neqativ hərəkəti,
qanuna zidd addımı və ya hansısa cinayət xarakterli hərəkətinə görə məsuliyyətə
cəlb edilməsinin “küləyi” bütün bələdiyyələrin sədr, üzv və qulluqçularını tutur.
Odur ki, gəlin elə hərəkət edək ki, etdiyimiz hansısa bir neqativ addıma görə, digər
həmkarlarımız xəcalət hissi keçirməsin. Nə isə...
Yəqin ki, bu yazıları Qaradağ RİH rəsmiləri də oxuyub sədrə öz tövsiyələrini lazımı səviyyədə verəcəklər.
Bizim məqsədimiz cəmiyyətdə
bələdiyyənin çəki və nüfuzunun artması, üzləşdikləri çətinlikləri aradan
qaldırlmasına öz töhfəmizi verməkdir. Konkret...
Vüqar Tofiqli
P.S. Bələdiyyə sədrinin vəzifələrini bir
daha xatırladıram:
Bir
daha bələdiyyə sədrinin üzərinə düşən əsas vəzifələr barəsində qanunvericilikdə
əks olunan məqamları diqqətə çatdırmaq istərdim.
“Bələdiyyələrin statusu” haqqında Qanunda bələdiyyənin icra
aparatının rəhbəri olaraq olaraq “Bələdiyyənin sədri əmr və sərəncamlar verir,
bələdiyyənin qərarlarını imzalayır” (Maddə 4)
Bələdiyyə sədri bələdiyyənin fəaliyyətinə rəhbərlik edən və
onun işini təşkil edən vəzifəli şəxsdir. Ölkəmizdə bələdiyyə sədrinin əsas vəzifələri
bunlardır:
-Bələdiyyənin iclaslarını çağırmaq və onlara sədrlik etmək.
-Bələdiyyə qərarlarının icrasını təşkil etmək və nəzarət etmək.
-Bələdiyyəni dövlət orqanları, müəssisələr, təşkilatlar və vətəndaşlar
qarşısında təmsil etmək.
-Bələdiyyənin büdcəsinin və maliyyə vəsaitlərinin
qanunvericiliyə uyğun idarə olunmasını təmin etmək.
-Bələdiyyə icra
aparatının fəaliyyətini təşkil etmək, işçilərin işinə rəhbərlik etmək.
-Bələdiyyənin mülkiyyətinin idarə olunmasını və qorunmasını
təmin etmək.
-Yerli əhəmiyyətli sosial, iqtisadi və ekoloji proqramların
həyata keçirilməsinə rəhbərlik etmək.
-Vətəndaşların müraciətlərinə baxılmasını təşkil etmək və
onların problemlərinin həlli üçün tədbirlər görmək.
Bələdiyyə sədrinin şəffaflığın və hesabatlılığın təmin edilməsində
mühüm vəzifələri vardır. Bunlara aşağıdakılar daxildir:
-Bələdiyyənin fəaliyyəti barədə məlumat vermək – qəbul edilən
qərarlar, həyata keçirilən layihələr, büdcə və xərclər haqqında vətəndaşları
mütəmadi məlumatlandırmaq.
-Büdcə şəffaflığını təmin etmək – bələdiyyə büdcəsinin
hazırlanması, təsdiqi və icrası barədə məlumatların açıqlanmasını təşkil etmək.
-İllik hesabat təqdim etmək – bələdiyyənin fəaliyyəti və
maliyyə vəziyyəti barədə bələdiyyə üzvlərinə və yerli əhaliyə hesabat vermək.
-Vətəndaş müraciətlərinə baxılmasını təşkil etmək – sakinlərin
ərizə, təklif və şikayətlərinin vaxtında araşdırılmasını və cavablandırılmasını
təmin etmək.
-İctimai iştirakçılığı təşviq etmək – yerli əhəmiyyətli məsələlərin
müzakirəsinə sakinlərin cəlb olunmasına şərait yaratmaq, ictimai dinləmələr və
görüşlər keçirmək.
-Sənədlərə çıxış imkanını təmin etmək – qanunvericiliklə nəzərdə
tutulmuş hallarda vətəndaşların bələdiyyə qərarları və digər rəsmi sənədlərlə
tanış olmasına şərait yaratmaq.
-Maliyyə intizamına nəzarət etmək – bələdiyyə vəsaitlərinin
qanuni və təyinatı üzrə xərclənməsini təmin etmək, maliyyə pozuntularının
qarşısını almaq.
-Korrupsiya risklərinin qarşısını almaq – qərarların
qanunvericiliyə uyğun qəbul edilməsini və şəxsi maraqların bələdiyyə fəaliyyətinə
təsir etməməsini təmin etmək.
Bu vəzifələrin yerinə yetirilməsi yerli özünüidarəetməyə ictimai etimadın artmasına və bələdiyyənin fəaliyyətinin daha səmərəli olmasına kömək edir.
Rəylər
0 Rəy