Habil Həmidov: “Bu gün vergi xidmətinin qarşısında daha ciddi və məsuliyyətli vəzifələr dayanır”
Binə bələdiyyəsində büdcə gəlirlərinin artırılması, vergi yığımının mövcud vəziyyəti və vergi uçotu sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərlə bağlı görüş keçirilib.
Görüşdə Xəzər rayonu Binə bələdiyyəsinin sədri Habil Həmidov,
bələdiyyənin Vergi Xidmətinin yeni təyin edilən rəhbəri Tərlan Abdullayev və “Bələdiyyələrin
Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli iştirak ediblər.
Müzakirələr zamanı bələdiyyənin büdcə gəlirlərinin mövcud vəziyyəti,
vergi ödəyicilərinin uçotunun daha səmərəli təşkili, vergi bazasının genişləndirilməsi
və daxilolmaların artırılması istiqamətində həyata keçirilən tədbirlər ətrafında
fikir mübadiləsi aparılıb.
Təqdim olunan statistik göstəricilərə əsasən, 2025-ci ilin
yanvar-oktyabr aylarında Binə bələdiyyəsi üzrə vergi yığımları 127.037 manat təşkil
etdiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 139.376 manata yüksəlib. Beləliklə,
ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmalarında 12.339 manat və
ya təxminən 9,7 faiz artım qeydə alınıb.
Xüsusilə oktyabr ayının nəticələri diqqət çəkir. Belə ki,
2025-ci ilin oktyabr ayında vergi yığımı 11.875 manat olduğu halda, 2026-cı
ilin oktyabr ayında bu göstərici 20.788 manata çatıb. Bu isə əvvəlki ilin
müvafiq ayı ilə müqayisədə 8.913 manat və ya təxminən 75,1 faiz artım deməkdir.
Oktyabr ayında qeydə alınan bu dinamika vergi xidmətinin fəaliyyətində müsbət dəyişikliklərin
baş verdiyini göstərir.
Hazırda Binə bələdiyyəsi üzrə ümumilikdə 15.295 vergi ödəyicisi
uçotdadır. Onlardan 317-si qeyri-yaşayış sahələri üzrə vergi ödəyiciləridir. Bu
göstəricilər bələdiyyənin vergi bazasının kifayət qədər geniş olduğunu və
mövcud potensialdan daha səmərəli istifadə edilməsinin vacibliyini ortaya
qoyur.
Görüşdə çıxış edən bələdiyyə sədri Habil Həmidov indiyədək
vergi xidmətinin əldə etdiyi nəticələrin onu və bələdiyyə üzvlərini tam qane
etmədiyini bildirib. O, yeni formalaşdırılan və fəaliyyətinə yenidən baxılan
vergi xidmətinin qarşısında daha ciddi və məsuliyyətli vəzifələrin dayandığını
vurğulayıb. Qeyd edib ki, vergi daxilolmalarının artırılması üçün yalnız mövcud
vəziyyətin təhlili ilə kifayətlənmək olmaz. Eyni zamanda, vergi ödəyicilərinin
dəqiq uçotunun aparılması, vergi bazasının genişləndirilməsi və yığım
prosesinin müasir tələblərə uyğun təşkili istiqamətində ardıcıl iş
aparılmalıdır.
Habil Həmidov Binə qəsəbəsinin ərazisinin genişliyinə və
demoqrafik göstəricilərinə diqqət çəkərək əhalinin sayının təxminən 200 min nəfərə
çatdığını bildirib. Onun sözlərinə görə, belə böyük ərazini və əhali
kontingentini əhatə edən bələdiyyənin maliyyə imkanlarının mövcud potensiala
uyğun formalaşmasına bir sıra obyektiv amillər mane olur.
Bu amillər sırasında bələdiyyəyə indiyədək ərazinin müfəssəl
xəritəsinin təqdim edilməməsi, bələdiyyə mülkiyyətinə torpaq və əmlak verilməməsi,
eləcə də vergi və rüsum tariflərinin təxminən 26 il əvvəl müəyyənləşdirilmiş səviyyədə
qalması xüsusi qeyd olunub. Bildirilib ki, bu məsələlər bələdiyyənin gəlir
imkanlarını məhdudlaşdırmaqla yanaşı, yerli özünüidarəetmə orqanının ərazidə
mövcud olan potensialdan tam istifadə etməsinə də maneə yaradır.
Bələdiyyə sədri vurğulayıb ki, vergi xidmətinə yeni
kadrların cəlb edilməsi, işin təşkilində müasir yanaşmaların tətbiqi və uçot
sisteminin təkmilləşdirilməsi ilin sonunadək büdcə gəlirlərinin artırılması
baxımından müəyyən ümidlər yaradır. Artıq oktyabr ayının göstəricilərində
müşahidə olunan ciddi artım da bu istiqamətdə görülən işlərin ilkin nəticəsi
kimi qiymətləndirilib.
Görüşdə, həmçinin vergi ödəyiciləri haqqında məlumat
bazasının dəqiqləşdirilməsi, ərazidə vergi uçotundan kənarda qalan obyektlərin
müəyyənləşdirilməsi, qeyri-yaşayış sahələrinin uçotunun təkmilləşdirilməsi və
vergi yığımına nəzarətin gücləndirilməsi məsələlərinin əhəmiyyəti vurğulanıb.
Sonda “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai
Birliyinin sədri Vüqar Tofiqli müzakirə olunan məsələlərlə bağlı fikirlərini
bölüşüb və iştirakçıları maraqlandıran sualları cavablandırıb. O, yerli
özünüidarəetmə orqanlarının maliyyə dayanıqlığının gücləndirilməsində düzgün
vergi uçotunun aparılmasının, şəffaf idarəetmənin və vergi ödəyiciləri ilə
sistemli işin mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüşdə aparılan müzakirələr bir daha göstərib ki, Binə bələdiyyəsinin
mövcud vergi potensialından daha səmərəli istifadə edilməsi, uçot sisteminin təkmilləşdirilməsi
və büdcə daxilolmalarının artırılması istiqamətində işlərin sürətləndirilməsi
vacibdir. 2026-cı ilin on aylıq nəticələrində, xüsusilə oktyabr ayında müşahidə
olunan artım isə bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi
üçün müəyyən əsaslar yaradır.
Belediyye.info
Rəylər
0 Rəy