Hansı məqsədlə Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyələrə problem yaratmaqda davam edir?
Ölkə bələdiyyələrinin inkişafı, habelə üzləşdikləri problemlərin aradan qaldırılması məqsədi ilə son illərdə bir sıra ciddi addımlar atılıb. Bir tərəfdən bələdiyyələrin birləşdirilməsi ilə bağlı atılan addımlar, xüsusəndə Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun dəstəyi ilə BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə qoşulması, bələdiyyələrə xidmət göstərən sistemin (BAMS) yenilənməsi, bu sahədə bələdiyyələrdə şəffaflığın təmin edilməsi üçün həm BAMS-da yeniliklərin tətbiq edilməsi, həm də elektron bələdiyyə sisteminin istifadəyə verilməsi nəticə etibari ilə büdcə gəlirlərində ötən il 20 fazilik artıma səbəb olub.
Ancaq bununla yanaşı maraqlı bir vəziyyət yaranıb. Əmlak Məsələləri Dövlət Xidməti bir tərəfdən bələdiyyələrə Administrasiyanın müvafiq sektorunun təşəbbusu və dəstəyi ilə əmlak vergisinin yığımı ilə bağlı çıxarışların sürətli şəkildə verilməsini həyata keçirir, digər tərəfdən bələdiyyə torpaqlarının qiymətləndirilməsində ciddi problem yaradır.
Xidmət 50 gün ərzində bələdiyyəyə qiymətlə bağlı iki rəy göndərib. Maraqlıdır, deyilmi?
Demək, qiymətləndirmə şirkəti bir yerə sotu 208 manat göstərdiyi halda, ƏMDX birinci məktubunda bu rəqəmin 350-500 manat olmasını, bələdiyyənin bu rəqəmlə göndərdiyi məktuba isə yenə imtina edərək bu dəfə ərazinin 500 - 700 manat olmasını tələb edib.
Maraqlıdır, bələdiyyəyə 50 gün ərzində iki qiymət rəyinin göndərilməsində Əmlak Məsələləri Dövlət Xidmətinin məqsədi nədir? Xidmət bu addımla nə demək istəyir? Xidmət əməkdaşları hansı məqsədlə vətəndaşı bələdiyyə ilə üz-uzə qoyur? Budurmu vətəndaş məmnunluğunun təmin edilməsi?
Bundan əlavə, əvvəlki illərdə satış qiyməti ilə baglı rəyi ƏMDX verdiyi halda, hazırda bunu Qiymətləndirmə palatasına üzv olan MMC-lər verir.
Etiraf edək ki, “tez-bazar” qanunvericilikdə dəyişiklik edilməsi, qiymətlə baglı rəyin alınması ilə bağlı xidmət haqqının birdən-birə 3-5 dəfə artımına səbəb olub. Bu addımın atılmasında yəqin ki əsas məqsəd bələdiyyə torpaqlarının qiymətindən aşağl satılmasının qarşısının alınması, həmçinin bələdiyyə büdcəsinə əlavə vəsaitin daxil olmasıdırsa, onda ƏMDX-nin də razılığı edilən bu dəyişikliyin nə mənası oldu.
Onda sual olunur, belə olan halda MMC-nin verdiyi qiymət rəyi ilə ƏMDX-nin müvafiq qurumları razılasmayacaqdılarsa, qanuna düzəlişlə bağlı niyə müraciət edirdilər. Belə başa düşmək olar ki, qanuna edilən düzəlişin hansısa məqamından ƏMDX narazı qaldığından bələdiyyələri belə çək-çevirə salır. Nə isə....
Keçək konkret mətləbə.
Saatlı rayonu Qara Nuru bələdiyyəsi hələ may ayında qiymətləndimə palatasının üzvü olan "VECON” MMC-yə müraicət edərək satışa çıxardığı torpaq sahələrinin qiymətləndirməsi ilə bağlı müraciət edib. MMC nin direktorunun imzası ilə bələdiyyəyə daxil olan məktubda qeyd edilir:
“Aparılan hesablamaların nəticəsində 02.06.2025-ci il tarixinə Saatlı rayonu, Əbil kəndi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin dəyəri müəyyənləşdi: Bazar dəyəri – 2 500 (iki min beş yüz) manat.”
Belələiklə, torpağın hər sotunun satış qiyməti 208 manat müəyyən edilib. Bələdiyyə qiymət rəyini digər tələb olunan sənədlərlə birgə ƏMXD-nin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə göndərir. Şirvan Regional idarəsi bələdiyyəyə ünvanladığı birinci cavab məktubunu olduğu kimi təqdim edirik.
***
“Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə bağlı rəyin verilməsinin
mümkün olmaması barədə
Saatlı rayonu Qara Nuru bələdiyyəsinin ərazisində, Əbil kəndində yerəşən fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 7 ədəd 0.12 ha, 1 ədə 0.099 ha və 0.1019 torpaq sahələrinə dair müvafiq rəyin verilməsi ilə bağlı müraciətlərinizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, tərəfinizdən təqdim edilmiş sənədlər Ərazi İdarəsi tərəfindən baxılması və rəyin alınması üçün aidiyyəti üzrə göndərilməsi məqsədilə
Əmlak Məsələlri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinə göndərilmişdir. Ərazi şöbəsində görülmüş müvafiq tədbirlərdən sonra aparılan araşdıranın nəticəsi olaraq sözügedən torpaq sahələrinə rəyin verilməsinin mümkün olmaması bildirilmiş və bu barədə 13 saylı Şirvan Ərazi İdarəsinə müvafiq məktubla məlumat verilmişdir. Belə ki, Ərazi şöbəsinin təqdim etdiyi məlumatlarda torpaq sahələrinin yerləşdiyi ərazi üzrə 100-500 metr məsafədə 0.01 ha torpaq sahəsinin daşınmaz əmlak bazarında təşəkkül tapmış bazar dəyərinin 350-500 manat olduğunu nəzərə alaraq, qeyd olunan qiymətin 0.12 ha torpaq sahəsinin satış qiymətinə uyğunlaşdırılmasının məqsədəuyğun olduğu qeyd edilmişdir.”
***
Qara Nuru bələdiyyəsi Şirvandan gələn məktubun “xoş niyyətindən təsirilənərək” və regional idarənin arzusunu nəzərə alaraq növbəti uyğunlaşdırlımış məktubu göndərir. Və bundan sonra regional idarədən yenə “kövrək hisslərlə” yazılmış cavab məktubu alır. Məktubu olduğu kimi təqdim edirik.
***
“Saatlı rayonu Qara Nuru Bələdiyyəsinə Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə bağlı rəyin verilməsinin mümkün olmaması barədə
Saatlı rayonu Qara Nuru bələdiyyəsinin ərazisində, Əbil kəndində yerəşən fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 4 ədəd 0.12 ha, 1 ədəd 0.099 ha və 0.1019 torpaq sahələrinə dair müvafiq rəyin verilməsi ilə bağlı müraciətlərinizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, tərəfinizdən təqdim edilmiş sənədlər Ərazi İdarəsi tərəfindən baxılması və rəyin alınması üçün aidiyyəti üzrə göndərilməsi məqsədilə Əmlak Məsələlri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinə göndərilmişdir. Ərazi şöbəsində görülmüş müvafiq tədbirlərdən sonra aparılan araşdıranın nəticəsi olaraq sözügedən torpaq sahələrinə rəyin verilməsinin mümkün olmaması bildirilmiş və bu barədə 13 saylı Şirvan Ərazi İdarəsinə müvafiq məktubla məlumat verilmişdir. Belə ki, Ərazi şöbəsinin təqdim etdiyi məlumatlarda torpaq sahələrinin yerləşdiyi ərazi üzrə 100-500 metr məsafədə 0.01 ha torpaq sahəsinin daşınmaz əmlak bazarında təşəkkül tapmış bazar dəyərinin 500-700 manat olduğunu nəzərə alaraq, qeyd olunan qiymətin torpaq sahəsinin satış qiymətinə uyğunlaşdırılmasının məqsədəuyğun olduğuqeyd edilmişdir. Eyni zamanda 0.099 ha torpaq sahəsinə münasibətdə NECAS məlumat bazasına əsasən torpaq sahəsinin I, V və VI döngə nöqtələrinin 908013026835 və 908013026836 nömrəli çıxarışlarla üst-üstə düşməsi, 0.1019 ha torpaq sahəsinə münasibətdə torpaq sahəsinin II və III döngə nögqtələrinin 908013026834 nömrəli çıxarışla üst-üstə düşməsi bildirilmişdir. Odur ki, qeyd olunan uyğunsuzluqların aradan qaldırılması məqsədəuyğundur. Əlavə olaraq qeyd edirik ki, torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktı torpaq sahəsinin cari vəziyyətini əks etdirmədiyindən yeniden araşdırılaraq işlənməsi və mövcud qaydalara uyğun müraciət olunması tövsiyyə olunur.”
***
Bu cavab məktublarından hansı suallar yaranır. Təsəvvür edin ki, bələdiyyənin bir torpaq satışı ilə bağlı may ayından başladığı proses oktyabr ayınadək davam edib və davam etməkdədər. Sual olunur, maksimum bir ay ərzində həll olunmalı olan məsələ niyə bu qədər uzanmalıdır. Nəticədə vətəndaş səs verib seçdiyi bələdiyyənin konkret olaraq özünə düşmən hesab edir və belə başa düşür ki, ona problemi məhz bələdiyyə yaradır. Bir çox hallarda bələdiyyə məsələnin mahiyyətini vətəndaşa izah verə bilmədiyindən ciddi problemlərlə üz-üzə qalmalı olur.
İkinci bir tərəfdən məktubda qeyd edilən prosesə diqqət yetirək. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi ona ünvanlan bələdiyyənin sənədlərini baxılması üşün Əmlak Məslələri Dövlət Xidmətinə ünvanlayır.” Sual olunur bu məktublaşma sistemindəki bürokrtaiya kimə lazımdır və hansı məqsəd daşıyır. Bu prosesin şəffaf şəkildə təşkil etmək mümkün deyilmi? Niyə may ayından başlayan proses oktyabr ayınadək davam etməlidir. Bələdiyyələrdən xidmətə göndərilən 100 faiz müraciət məktubundan 95 faizinə imtina cavab verilməsi necə başa düşək. Bunun sadə şəkildə həlli mümkün deyilmi? Müsbət cavab verilən beş faiz məktubun arxasında hansı maraqların dayandığını isə müəyyən etmək çox çətindir.
Belə başa düşmək olar ki, cari ildə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindəki mövcud vəziyyət əvvəlki illərlə müqayisədə bir qədər də çətinləşdirilib.
Bir tərəfdən tariflərin gözlənilmədən artırılması, digər tərəfdən qiymət rəyinin verilməsi ilə bağlı əlavə olaraq Qiymələndirmə palatasının yaradılması və bununla bağlı qiymətlərin artması, üstəlik şəhid və qazi ailələrinə pulsuz verilən torpaqların bələdiyyə tərəfindən sənədləşdirilməsi zamanı ƏMDX özünə aid rüsumların alınmasının tələb etməsi, ümumiyyətlə, başa düşülən deyil. Maraqlıdır, qurum tərəfindən irəli sürülən təkliflər sırasında şəhid və qazi ailələrinə verilən torpaq paylarının sənədləşdirilməsində güzəşt tətbiqi məsələsi də varmı? Yəqin ki, yoxdur. Əgər olsaydı bələdiyyələrə “dirəşib” bu rüsumları almazdılar.
Müşahidələr ondan xəbər verir ki, cənab Prezident bu sahəyə əl gəzdirməli olacaq. Çünki bu qədər bürokrtik vəziyyət digər qurumlarda artıq xeyli əvvəl ləğv edildiyi bir vaxtda bu sahədə qalması və daha da dərinləşdirilməsi yolverilmzdir. Bu vətəndaş məmnunluğunun təmin edilməsinə çox ciddi problem yaratmaqdadır.
Dostlar, gəlin süni problemləri aradan qaldıraq, vətəndaşı bələdiyyənin üstünə qaldırmaqla narazı kütlənin sayının artırmayaq. Vallah ayıbdır. Bir sənədin təsdiqinin aylar deyil, az qala illərlə davam etməsi heç kimə başucalığı gətirmir. Bir dəfəlik bu süründürməçiliylə son qoyulmalıdır. Vəssalam. 90 faiz bələdiyyə sədri abırına qısılıb səsin çıxarmır. Əgər hansısa problem varsa əziyyət çəkin öz fəaliyyətinizi kənardan müşahidə edib bir nəticə çıxarın və bələdiyyələrə də metodoli yardım edin ki səhfləri təkrarlanmasınlar.
Düşünməyə dəyər. Fikirləşin.....
Vüqar Tofiqli
Rəylər
1 Rəy
Fuad Hacıbabayev
29-10-2025, 4 ay əvvəl
Bəli yazılanlar tamamilə doğrudur. Hazırda Qiymətləndimə palatası və ƏMDX bələdiyyələri sakinlərlə üz üzə qoyub. İnsanlar bələdiyyələri özlərinə düşmən hesab edirlər. Bu məsələlər araşdırılmalıdır. Hazırda bələdiyyələr kənddə daimi yaşayan insanlardan 1 sot həyatyanı torpaq üçün 1000 manat pul tələb edir. Bu nə dərəcədə doğrudur. Bunun təqsiri kimdədir. Bütün bunlar araşdırılmalıdır. Fağır kəndçi özünə fərdi ev tikmək üçün 0,12 ha torpaq üçün 12000 manat pulu hardan versin.
Cavabla