Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
24-06-2023, 16:47

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Qəbiristanlıqların qorunması və saxlanılması sahəsində bələdiyyələrin işinin təşkili barədə


İnsanların gündəlik, təxirəsalınmaz tələbatlarının yerinə yetirilməsi məsələlərinə ciddi əhəmiyyət verilməsi yerli əhaliyə daha yaxın olan bələdiyyələrin fəaliyyətinin genişlənməsinə zəmin yaratmaqla bərabər, həm də onların üzərinə böyük vəzifələr qoyur.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli qərarı ilə yerli icra hakimiyyəti orqanlarına qəbiristanlıqların müvafiq bələdiyyələrə təhvili işinin təmin edilməsi tapşırılmışdır. Tapşırığın icrası istiqamətində mühüm addımlar atılmış, artıq bələdiyyələrin əksəriyyəti tərəfindən qəbiristanlıqlar təhvil alınmışdır. Buna baxmayaraq proses tam yekunlaşmadığından bu istiqamətdə işlər davam etdirilməkdədir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin adıçəkilən qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda (bundan sonra – Qayda) qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə dair tələblər və müvafiq olaraq bu sahədə göstərilən xidmətlərin təşkilində bələdiyyənin hüquq və vəzifələri müəyyən edilmişdir.

Belə ki bələdiyyələr tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində qeyri-kommersiya qurumu statusunda qəbiristanlıqlar yaradılır. Onların normal fəaliyyətinin təşkili məqsədilə bələdiyyələr qəbiristanlığın ştat cədvəlini və xərclər smetasını təsdiq edir; qəbiristanlığın müdiriyyətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir; qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlərin görülməsini təmin edir; mövcud qəbiristanlıqların ərazisinin genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair bu Qaydaların 11-ci hissəsinə və torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir; əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin dəfn mərasimlərinin təşkilinə yardım göstərirlər.

Qəbiristanlığın qorunması məqsədilə qəbiristanlığın müdriyyəti qanunvericiliklə müəyyən edilmiş aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin etməlidir:

1. qəbiristanlıqların əmlakının inventarlaşdırılması və siyahı üzrə qorunmasını təmin etmək;

2. qəbiristanlığın ərazisindəki bina və qurğuların, yolların, meydançaların və qəbiristanlığın hasarının saxlanılmasını və təmirini təşkil etmək;

3. qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların (cığırların) səliqəli saxlanılmasını, qışda qardan təmizlənməsini, həmçinin buz bağlamış hərəkət hissələrinə qum səpilməsini təşkil etmək;

4. qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini və onlara qulluq edilməsini təmin etmək;

5. qəbiristanlığın ərazisində səyyar ticarətlə və dilənçiliklə məşğul olmağa, kimsəsiz şəxslərin gecələməsinə, sərxoş vəziyyətdə olan şəxslərin və ev heyvanlarının qəbiristanlığın ərazisinə daxil olmasına, habelə qəbiristanlığın ərazisindən otlaq sahəsi kimi istifadə edilməsinə yol verməmək;

6. dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərlə bağlanılmış müqavilə əsasında qəbir yerlərinə və qəbirüstü tikililərə ödənişli əsaslarla qulluq edilməsini təmin etmək;

7. qəbiristanlığın sanitariya-gigiyena normalarına uyğun saxlanılmasını, o cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin daşınmasını təşkil etmək.

Qeyd olunan öhdəliklərin icrasından irəli gələrək qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri qanunvericiliklə müəyyən edilmiş mənbələr hesabına maliyyələşdirilir. Bələdiyyələr yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və Qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşan bu vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət edirlər. Qəbiristanlığın növbəti il üçün gəlir və xərclərinin smetası hər il dekabrın 20-dən gec olmayaraq bələdiyyə iclasında təsdiq edilməlidir.

Yuxarıda qeyd olunan xərclərin maliyyələşmə mənbələrindən biri olaraq ölmüş şəxsin dəfni ilə bağlı göstərilən xidmətlər Qaydaların 19.1-ci bəndində sadalanmışdır. Bu bənddə nəzərdə tutulan dəfn xidmətləri həmin xidmətin göstərilməsi üçün çəkilən xərclərə mütənasib, həmçinin müdiriyyətin və qəbiristanlığın saxlanılması xərclərinə uyğun müəyyən edilir.

Ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmamışdırsa, onun yuyulması və dəfnə hazırlanması, qəbir yerinin qazılması, ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılması və cənazənin dəfn edilməsi və dəfn zamanı din xadiminin iştirakı ilə dini ayinlərin icrası üzrə göstərilən xidmətlərin ümumi dəyəri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğindən artıq olmamalıdır.

Müvafiq müavinətin məbləği isə Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir və ildə bir dəfədən az olmamaq şərtilə indeksləşdirilir. (hazırda dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manatdır).

Göstərilən xidmətlərin ayrı-ayrılıqda və ümumi dəyəri bələdiyyə tərəfindən təsdiq edilir və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdirilir.

Qəbiristanlıqlar təhvil alındıqdan ötən müddət ərzində bələdiyyələr tərəfindən onların qorunması, saxlanılması və idarə olunması sahəsində bir çox işlər görülməsinə, əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılmasının diqqətdə saxlanılmasına baxmayaraq bəzi hallarda qəbiristanlıqlarda təmizliyə riayət edilməməsi, abadlıq işlərinin aparılmaması ilə bağlı şikayətlərə və vandalizm aktlarına rast gəlinir.

Cari ildə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki rus qəbiristanlığında baş verən vandallığı ölkə rəhbərliyi də diqqətdən kənar qoymamış və nəzarətə götürmüşdür.

Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq ərazidə abadlıq işləri aparılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz olunmasına qərar verilmişdir. Eyni zamanda hadisə ilə bağlı cinayət işi açılmışdır.

Göstərilənlərə əsasən qəbiristanlıqların qorunması və saxlanılması sahəsində görülən işlərə əhali, eləcə də dövlət tərəfindən daim diqqət göstərildiyi, həssaslıqla yanaşıldığı nəzərə alınaraq bu sahədə qanunvericiliyin tələblərinin dərindən öyrənilməsi, eləcə də qəbiristanlığın qorunması üzrə qəbiristanlıq müdiriyyəti tərəfindən vəzifə öhdəliklərinin tam yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi bələdiyyələrə tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

Digər tövsiyələr