İnsanların
gündəlik, təxirəsalınmaz tələbatlarının yerinə yetirilməsi məsələlərinə ciddi
əhəmiyyət verilməsi yerli əhaliyə daha yaxın olan bələdiyyələrin fəaliyyətinin
genişlənməsinə zəmin yaratmaqla bərabər, həm də onların üzərinə böyük vəzifələr
qoyur.
Bildiyiniz
kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli
522 nömrəli qərarı ilə yerli icra hakimiyyəti orqanlarına qəbiristanlıqların
müvafiq bələdiyyələrə təhvili işinin təmin edilməsi tapşırılmışdır. Tapşırığın
icrası istiqamətində mühüm addımlar atılmış, artıq bələdiyyələrin əksəriyyəti
tərəfindən qəbiristanlıqlar təhvil alınmışdır. Buna baxmayaraq proses tam
yekunlaşmadığından bu istiqamətdə işlər davam etdirilməkdədir.
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci
bəndinə əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi
olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması,
abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas
mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və
yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin
ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və
yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır.
Xatırladaq
ki, Nazirlər Kabinetinin adıçəkilən qərarı ilə təsdiq edilmiş
“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda (bundan sonra –
Qayda) qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına,
köçürülməsinə və bağlı elan edilməsinə dair tələblər və müvafiq olaraq bu
sahədə göstərilən xidmətlərin təşkilində bələdiyyənin hüquq və vəzifələri
müəyyən edilmişdir.
Belə ki
bələdiyyələr tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq
sahələrində qeyri-kommersiya qurumu statusunda qəbiristanlıqlar yaradılır.
Onların normal fəaliyyətinin təşkili məqsədilə bələdiyyələr qəbiristanlığın
ştat cədvəlini və xərclər smetasını təsdiq edir; qəbiristanlığın müdiriyyətini
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən
azad edir; qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə
bağlı işlərin görülməsini təmin edir; mövcud qəbiristanlıqların ərazisinin
genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair bu Qaydaların
11-ci hissəsinə və torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir;
əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin dəfn mərasimlərinin təşkilinə
yardım göstərirlər.
Qəbiristanlığın
qorunması məqsədilə qəbiristanlığın müdriyyəti qanunvericiliklə müəyyən edilmiş
aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin etməlidir:
1.
qəbiristanlıqların əmlakının inventarlaşdırılması və siyahı üzrə qorunmasını
təmin etmək;
2.
qəbiristanlığın ərazisindəki bina və qurğuların, yolların, meydançaların və
qəbiristanlığın hasarının saxlanılmasını və təmirini təşkil etmək;
3.
qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların
(cığırların) səliqəli saxlanılmasını, qışda qardan təmizlənməsini, həmçinin buz
bağlamış hərəkət hissələrinə qum səpilməsini təşkil etmək;
4.
qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini və onlara qulluq edilməsini təmin
etmək;
5.
qəbiristanlığın ərazisində səyyar ticarətlə və dilənçiliklə məşğul olmağa,
kimsəsiz şəxslərin gecələməsinə, sərxoş vəziyyətdə olan şəxslərin və ev
heyvanlarının qəbiristanlığın ərazisinə daxil olmasına, habelə qəbiristanlığın
ərazisindən otlaq sahəsi kimi istifadə edilməsinə yol verməmək;
6. dəfn
edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onun dəfni ilə bağlı
xərcləri çəkmiş şəxslərlə bağlanılmış müqavilə əsasında qəbir yerlərinə və
qəbirüstü tikililərə ödənişli əsaslarla qulluq edilməsini təmin etmək;
7.
qəbiristanlığın sanitariya-gigiyena normalarına uyğun saxlanılmasını, o
cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin
daşınmasını təşkil etmək.
Qeyd olunan
öhdəliklərin icrasından irəli gələrək qəbiristanlıqların qorunması,
saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri qanunvericiliklə
müəyyən edilmiş mənbələr hesabına maliyyələşdirilir. Bələdiyyələr yerli
büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə
bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və Qanunla
qadağan olunmayan digər mənbələr hesabına formalaşan bu vəsaitin təyinatı üzrə
xərclənməsinə nəzarət edirlər. Qəbiristanlığın növbəti il üçün gəlir və
xərclərinin smetası hər il dekabrın 20-dən gec olmayaraq bələdiyyə iclasında
təsdiq edilməlidir.
Yuxarıda
qeyd olunan xərclərin maliyyələşmə mənbələrindən biri olaraq ölmüş şəxsin dəfni
ilə bağlı göstərilən xidmətlər Qaydaların 19.1-ci bəndində sadalanmışdır. Bu
bənddə nəzərdə tutulan dəfn xidmətləri həmin xidmətin göstərilməsi üçün çəkilən
xərclərə mütənasib, həmçinin müdiriyyətin və qəbiristanlığın saxlanılması
xərclərinə uyğun müəyyən edilir.
Ölmüş şəxsin
cənazəsi dini ibadət evində yuyulmamışdırsa, onun yuyulması və dəfnə
hazırlanması, qəbir yerinin qazılması, ölmüş şəxsin soyadını, adını, atasının
adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılması və
cənazənin dəfn edilməsi və dəfn zamanı din xadiminin iştirakı ilə dini ayinlərin
icrası üzrə göstərilən xidmətlərin ümumi dəyəri “Sosial müavinətlər haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dəfn üçün müavinətin
məbləğindən artıq olmamalıdır.
Müvafiq
müavinətin məbləği isə Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən
edilir və ildə bir dəfədən az olmamaq şərtilə indeksləşdirilir. (hazırda dəfn
üçün sosial müavinətin məbləği 500 (beş yüz) manatdır).
Göstərilən
xidmətlərin ayrı-ayrılıqda və ümumi dəyəri bələdiyyə tərəfindən təsdiq edilir
və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan
yerdə yerləşdirilir.
Qəbiristanlıqlar
təhvil alındıqdan ötən müddət ərzində bələdiyyələr tərəfindən onların
qorunması, saxlanılması və idarə olunması sahəsində bir çox işlər görülməsinə,
əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılmasının diqqətdə
saxlanılmasına baxmayaraq bəzi hallarda qəbiristanlıqlarda təmizliyə riayət
edilməməsi, abadlıq işlərinin aparılmaması ilə bağlı şikayətlərə və vandalizm
aktlarına rast gəlinir.
Cari ildə
Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki rus qəbiristanlığında baş verən
vandallığı ölkə rəhbərliyi də diqqətdən kənar qoymamış və nəzarətə götürmüşdür.
Ölkənin
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq
ərazidə abadlıq işləri aparılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti
qurumlara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz
olunmasına qərar verilmişdir. Eyni zamanda hadisə ilə bağlı cinayət işi
açılmışdır.
Göstərilənlərə
əsasən qəbiristanlıqların qorunması və saxlanılması sahəsində görülən işlərə
əhali, eləcə də dövlət tərəfindən daim diqqət göstərildiyi, həssaslıqla
yanaşıldığı nəzərə alınaraq bu sahədə qanunvericiliyin tələblərinin dərindən
öyrənilməsi, eləcə də qəbiristanlığın qorunması üzrə qəbiristanlıq müdiriyyəti
tərəfindən vəzifə öhdəliklərinin tam yerinə yetirilməsinə nəzarətin
gücləndirilməsi bələdiyyələrə tövsiyə olunur.
Bələdiyyələrlə
iş mərkəzi