Seymur Həsənov: “Badamdar bələdiyyəsinin əsas hədəfi büdcə gəlirlərini 700 min manata çatdırmaqdır”
Badamdar qəsəbəsində əmlak və torpaq sahələrinin uçotunun dəqiqləşdirilməsi, bələdiyyə büdcəsinə daxilolmaların artırılması və əldə olunan maliyyə vəsaitinin sakinləri narahat edən problemlərin həllinə yönəldilməsi istiqamətində işlər davam etdirilir. Hazırda büdcə gəlirlərinin artırılması ilə yanaşı, əmlakların qeydiyyatı və vergitutma bazasının genişləndirilməsi də əsas prioritetlər sırasındadır.
Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov bildirib
ki, Bələdiyyələrin Vahid İnformasiya Sisteminin (BVİS) imkanlarından istifadə
olunması əmlak və torpaq sahələrinin uçotunun aparılmasında, mövcud məlumatların
dəqiqləşdirilməsində və büdcə daxilolmalarının artırılmasında mühüm rol
oynayır.
“Hazırda Badamdar qəsəbəsi üzrə 12.126 əmlak və 5.034 torpaq sahəsi ilə
bağlı mülkiyyət məlumatları BVİS-də uçota alınıb. Bununla belə, 3 mindən artıq əmlakın
çıxarışının olmaması həmin əmlakların qeydiyyata alınması prosesində müəyyən çətinliklər
yaradır. Bu məsələ vergitutma bazasının tam formalaşdırılması və əmlakların
hüquqi statusunun dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məqsədimiz
mövcud imkanlardan maksimum istifadə etməklə uçotun əhatəliliyini artırmaq və
qeydiyyatla bağlı problemlərin həllinə töhfə verməkdir”, – deyə Seymur Həsənov
qeyd edib.
Bələdiyyə sədrinin sözlərinə görə, görülən işlərin nəticələri
büdcə daxilolmalarının dinamikasında da özünü göstərir. Belə ki, ötən ilin ilk
doqquz ayında bələdiyyə büdcəsinə 513 min manat vəsait daxil olduğu halda, cari
ilin müvafiq dövründə bu göstərici 610 min manata çatıb. Beləliklə, büdcə gəlirləri
100 min manata yaxın və ya təxminən 19,3 faiz artıb.
Seymur Həsənov bildirib ki, əldə olunan nəticələr
vergi xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, əmlak və torpaq sahələri üzrə
məlumatların sistemləşdirilməsi, eləcə də vergi və digər ödənişlərin uçotunun
daha səmərəli təşkili ilə bağlı işlərin davam etdirilməsinin vacibliyini göstərir.
Mehmanxanalar üzrə daxilolmalarda da artım müşahidə
olunur. Bu sahədən əldə edilən vəsaitin həcmi 2024-cü ildə 2.941 manat olduğu
halda, 2025-ci ildə 11.675 manata yüksəlib. Cari ildə isə müvafiq göstərici 13.595
manat təşkil edib. Bu rəqəmlər mehmanxanalar üzrə daxilolmaların əvvəlki dövrlə
müqayisədə artdığını göstərir. Bələdiyyə bu istiqamətdə uçotun təkmilləşdirilməsini
və ödənişlərin düzgün hesablanmasına nəzarətin gücləndirilməsini vacib hesab
edir.
Bələdiyyə sədrinin sözlərinə görə, qarşıya qoyulan əsas
məqsədlərdən biri büdcə gəlirlərini 700 min manata çatdırmaqdır. Bu hədəfə nail
olmaq üçün vergi xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, BVİS-in təqdim
etdiyi imkanlardan səmərəli istifadə olunması, əmlak və torpaq sahələri üzrə məlumatların
dəqiqləşdirilməsi, eləcə də büdcə daxilolmalarının artırılması istiqamətində tədbirlər
davam etdirilir.
“Bizim üçün əsas məsələ yalnız büdcə gəlirlərini
artırmaq deyil. Əldə olunan maliyyə vəsaitinin qəsəbənin inkişafına, sakinlərin
müraciətlərində qaldırılan problemlərin həllinə və yerli əhəmiyyətli məsələlərin
aradan qaldırılmasına yönəldilməsidir. Bələdiyyənin maliyyə imkanları nə qədər
geniş olarsa, sakinlərin ehtiyaclarına uyğun layihələrin həyata keçirilməsi
üçün də bir o qədər geniş imkan yaranar.
Hazırda büdcə daxilolmalarına görə ölkə üzrə
formalaşmış bələdiyyələr arasında ön sıralarda yer almağımızı mühüm nəticə
hesab edirik. Qarşımızda duran vəzifə bu mövqeyi qorumaq, maliyyə intizamını
gücləndirmək və əldə olunan nəticələri davamlı etməkdir. İnanırıq ki, sistemli
fəaliyyət, müasir informasiya texnologiyalarından düzgün istifadə və sakinlərlə
əməkdaşlıq sayəsində qarşıya qoyduğumuz 700 min manatlıq büdcə gəliri hədəfinə
nail ola biləcəyik”, – deyə Seymur Həsənov vurğulayıb.
Belediyye.info
Rəylər
0 Rəy