Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın
12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi
Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin
başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin
Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon
İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin
başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham
Əliyev dedi:
-Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin
edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı
doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası
üçün səylərinizi əsirgəməyəcəksiniz.
Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk
növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə
rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş
prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə
olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.
Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki,
bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar
özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər,
özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını
itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş
olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar
olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət
məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar
olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir
qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda,
xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar
və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz
işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə
ki, lazımi ölçülər götürüləcəkdir.
Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək
olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə
son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf
proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur
istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam
normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri
var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə,
o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun
yaradılması güclü potensial yaratmışdır.
Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası
yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır.
Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox
bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.
Bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə
də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra
edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət,
ümumiyyətlə, müsbətə doğru dəyişir. Bütün digər infrastruktur layihələri, o
cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman
obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini
tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə
ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz
bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların
sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.
Qaldı ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları
narahat edən məsələlər öz həllini tapsın, burada da əsas prinsip sosial ədalət
prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir
ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin
mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların
xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər,
əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında
aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.
Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz
tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən,
qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə
qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə
edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib.
Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər
inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.
Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur
olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət
tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki,
bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü
doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm,
sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim
qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə
məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək.
Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas
prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində
çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir
ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri
mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə
axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də
bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də
daha yüksəkdir. Bütün bunlar başadüşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə
miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin
etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır,
sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra
edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki
rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş
adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki
yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda,
yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində
dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək
lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın,
bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir.
Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf
mühitə böyük diqqət göstərilməlidir. Bizim bölgələrimizdə prinsip etibarilə
ekologiya ilə bağlı ciddi problemlər yoxdur. Əsas problemlər Bakı şəhərində idi
ki, biz bunu uğurla həll edirik. Bakının yeni mənzərəsi bunun əyani sübutudur.
Vaxtilə burada ekoloji fəlakət hökm sürürdü. Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən
ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı,
Sumqayıt parklar şəhərləridir. Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə
çirklənmiş yerləri abadlaşdırdıq, rekultivasiya etdik, parklar saldıq. Qara şəhəri
Ağ şəhərə çevirdik. Bölgələrdə isə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi
üçün, necə deyərlər, başqa üsullar var. Ona görə burada qanunsuz fəaliyyət daha
çox ekoloji ziyan vurur, nəinki neft-qaz sənayesi. Ona görə qanunsuz fəaliyyəti
məhdudlaşdırmaq, aradan qaldırmaq üçün mənim tərəfimdən müvafiq göstərişlər
verildi, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə ki, burada çayların məcralarının dəyişdirilməsi, tikinti
üçün lazım olan qanunsuz malların işlənməsi, istehsalı - bütün bunlar tənzimlənməlidir
və qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir.
Bir sözlə, Azərbaycanın bölgələri bu gün ən yüksək
standartlara cavab verməlidir. Yenə də deyirəm, son illər ərzində aparılmış işlər
nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə
görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş
dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə
bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri
biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar. İnsanlara
diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq
lazımdır. Bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda
olmaq. Yəni, mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı
olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar
olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri
yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya
üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə
doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər
vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin
olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və
xalqın rəğbətini qazanacaqsınız. Sizə uğurlar arzulayıram. Sağ olun.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov: Möhtərəm cənab
Prezident, ilk öncə bizə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımızı
bildiririk. Azərbaycan Respublikasının son illərdə bütün regionlarının, eyni
zamanda, Naxçıvan Muxtar Respublikasının inkişafında xüsusi mərhələ var. Bu,
Sizin xüsusi diqqət və qayğınızın nəticəsidir. Sizi əmin etmək istəyirik və söz
veririk ki, bundan sonrakı fəaliyyətimizdə Sizin etimadı doğrultmaq məqsədilə
verdiyiniz bütün tapşırıq və göstərişlərinizi vaxtında layiqincə yerinə yetirib
bu tapşırıqların icrasını tam təmin edəcəyik.
Prezident İlham Əliyev: Sağ ol.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov:
Möhtərəm cənab Prezident, yenidən etimad göstərərək bizi vəzifəyə təyin
etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Tam suveren Azərbaycanımızın
banisi olaraq Zati-alinizin bütün tapşırıqlarını təyin olunduğumuz vəzifələrimizdə
vicdanla, tam məsuliyyətimizlə və ləyaqətlə qeyd-şərtsiz icra edəcəyik. Təşəkkür
edirik.
Prezident İlham Əliyev: Sağ ol.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov:
Möhtərəm cənab Prezident, göstərdiyiniz böyük etimadı doğruldacağıq, müasir Azərbaycan
Respublikasının banisi Ulu Öndərimiz Heydər Əliyevin ideyalarını yaşadacağıq,
Sizə və Azərbaycan Respublikasına şərəflə xidmət edəcəyik.
Prezident İlham Əliyev: Sağ ol.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev: Möhtərəm
cənab Prezident, əmin etmək istəyirəm ki, göstərdiyiniz böyük etimadı səylə,
gücümüz, biliyimiz çərçivəsində tam şəkildə icra edəcəyik və işimizi ləyaqətlə,
şərəflə davam etdirəcəyik. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ ol.
Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan
İbrahimov: Möhtərəm cənab Prezident, bizə belə yüksək etimad göstərdiyiniz üçün
Sizə dərin minnətdarlığımı bildirirəm və söz verirəm ki, bu etimadı doğrultmaq
üçün əlimdən gələni edəcəyəm. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ ol.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Cənab
Prezident, bizə göstərdiyiniz yüksək etimada görə bir daha təşəkkür edirik.
Qarşımıza qoyduğunuz bütün vəzifələri bilik və bacarıqlarımızla yerinə yetirəcəyimizə
söz veririk.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli:
Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz böyük etimada görə Sizə minnətdarlığımı
bildirirəm. Verdiyiniz bu tapşırıqları və göstərdiyiniz böyük etimadı
doğruldacağıma bütün varlığımla söz verirəm. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Sizə uğurlar.
https://azertag.az
Rəylər
0 Rəy