Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün
soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər
birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu
olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində
milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin,
nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini
yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri
insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir,
cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə
çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha
minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə
etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik,
süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2026-cı il
Rəylər
0 Rəy