QHT Agentliyinin Müşahidə Şurasının sədri seçilib, İdarə Heyətinin sədri və müavinləri müəyyənləşib
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib. İclasa sədrliyi ümumi razılıq əsasında Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev edib. O, məlumat verib ki, Müşahidə Şurasında təmsil olunan qurumlar - Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi artıq nümayəndələrini təqdim edib. Yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb:
1) Elşad Məmmədli - Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat
və reyestr baş idarəsinin rəisi;
2) Zaman Hüseynov - Maliyyə Nazirliyinin Sosial sahələrin
maliyyəsi şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən;
3) Elnarə Ənsari - Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin
direktoru;
4) Fuad Məmmədov - “Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyasının Rəyasət Heyətinin sədri;
5) Rizvan Nəbiyev - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai
Birliyinin İdarə Heyətinin üzvü;
6) Xatirə Vəliyeva - Azərbaycan Milli QHT Forumunun İdarə
Heyətinin üzvü;
7) Fizzə Mirzəyeva - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyinin İdarə Heyətinin üzvü;
Rizvan Nəbiyev göstərilən etimada görə təşəkkür edib,
bildirib ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və
bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında
dəyişiklik edilməsi haqqında Fərmanına əsasən, Şuranın 4 üzvü vətəndaş cəmiyyəti
institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin
edilir. Şuranın sədri Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri
sırasından 4 il müddətinə seçilir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət
göstərir. O, Fərmandan irəli gələrək, Müşahidə Şurasının sədrinin seçilməsini təklif
edib.
Müşahidə Şurasının üzvləri “Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyasının Rəyasət Heyətinin sədri, tarix elmləri doktoru, professor Fuad
Məmmədovu Müşahidə Şurasına sədr seçib.
Fuad Məmmədov etimada görə Şura üzvlərinə minnətdarlığını
çatdırıb, Şura üzvləri adından QHT-lərə göstərilən diqqət və qayğıya, bu sahədə
aparılan genişmiqyaslı islahatlara görə Prezident İlham Əliyevə təşəkkür edib.
O, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, “Aprel şəhidi” olan
polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevanın da Şura
heyətində təmsil olunmasını şəhid ailələrinə olan həssas münasibətin növbəti təzahürü
adlandırıb.
Fuad Məmmədov bildirib ki, artıq Agentliyin “İcraçı
direktoru” vəzifəsi ləğv edilib, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən
ibarət İdarə Heyəti yaradılıb. Daha sonra Şura Agentliyin İdarə Heyətini
formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur
Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.
Aygün Əliyeva İdarə Heyəti adından göstərilən etimada görə
minnətdarlıq edib, bildirib ki, bundan sonra da qarşıya qoyulan vəzifə və
tapşırıqlar yüksək səviyyədə icra ediləcək.
Daha sonra Müşahidə Şurası qeyd olunan Fərmandan irəli gələrək,
2 dövlət komissiyasında təmsil olunması üçün üzvlərini müəyyən edib. Rizvan Nəbiyev
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasında, Xatirə Vəliyeva isə Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında Agentliyi təmsil
edəcək.
Müşahidə Şurası müvafiq Fərmana uyğun olaraq, İdarə Heyətinə bir sıra tapşırıqlar verib. Bundan başqa, Agentliyinin 2026-cı il üzrə Fəaliyyət Planındakı prioritetlər müzakirə edilib. QHT Agentliyinin Naxçıvan MR-da filialının yaradılması təklif olunub.
Rəylər
0 Rəy