Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2026 , 20:04

80

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Zirə Mədəniyyət Mərkəzində  “Ailə dəyərləri bu gün” mövzusunda tədbir keçirilib

Zirə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov mövzunun aktuallığını və ailə dəyərlərinin qorunmasının önəmini diqqətə çatdırıb. O, həmçinin Ulu Öndər Heydər Əliyevin ailə institutunun möhkəmləndirilməsinə verdiyi böyük önəm və tövsiyələri xatırladıb.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva bildirib ki, ailə cəmiyyətin ən fundamental institutudur. Onun sözlərinə görə, ailə sadəcə sosial vahid deyil, dəyərlərin ötürüldüyü, şəxsiyyətin formalaşdığı, qarşılıqlı hörmətin və məsuliyyət hissinin öyrənildiyi ilk mühitdir. Ailədə qazandığımız mənəvi dəyərlər bütövlükdə cəmiyyətin dayanıqlığını müəyyən edir.

Z.Musayeva qeyd edib ki, bu gün ailə anlayışı qlobal miqyasda sürətli sosial dəyişikliklərin, texnoloji transformasiyanın, miqrasiya proseslərinin və yeni çağırışların təsiri altındadır: “Rəqəmsallaşma, urbanizasiya, iqtisadi dinamika və dəyişən sosial rollar ailə münasibətlərinə yeni çalarlar gətirir. Ailə dəyərləri yalnız mədəni ənənə məsələsi deyil, eyni zamanda insan hüquqları, sosial siyasət və dayanıqlı inkişaf kontekstində də mühüm önəm kəsb edir. Məhz ailə institutu sosial həmrəyliyin, qarşılıqlı dəstəyin və ictimai sabitliyin əsas dayaqlarından biridir”.

YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, cəmiyyətin mənəvi dayanıqlığı təsadüfi formalaşmır. Bu amillər uzun illər ərzində formalaşan dəyərlər sisteminin, mədəni ənənələrin və nəsillərarası ötürülən məsuliyyət anlayışının nəticəsidir. Həmin sistemin təməlində isə ailə dayanır. Ailə cəmiyyətin ilkin və ən təsirli institutudur. Çünki burada hər bir insanın xarakteri formalaşır, dünyagörüşü müəyyən edilir və vətəndaş mövqeyi bərqərar olur.

S.Qəhrəmanova qeyd edib ki, bu gün ailə institutunun mədəni dayaqlarının gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Çünki ailə daxilində formalaşan münasibət sonradan ictimai münasibətlərin strukturuna çevrilir. "Əgər ailədə hörmət, dialoq və qarşılıqlı anlayış mövcuddursa, cəmiyyətdə də sosial harmoniya möhkəmlənir. Unutmamalıyıq ki, gələcək nəsillərin xarakteri yaratdığı mühitlə müəyyən olunur. Sağlam ailə yalnız fərdi xoşbəxtlik deyil, milli dayanıqlılıq deməkdir. Güclü ailə modeli güclü cəmiyyətin və dövlətin əsasını təşkil edir", - deyə YAP Veteranlar Şurasının sədr müavini vurğulayıb.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov isə bildirib ki, Azərbaycan xalqı tarixən ailə institutuna xüsusi önəm verib, bu dəyərlər nəsildən-nəslə ötürülərək uğurla qorunub. Böyüyə hörmət, kiçiyə qayğı, qonaqpərvərlik, birlik və qarşılıqlı anlayış Azərbaycan ailəsinin əsas xüsusiyyətlərindəndir: “Bu gün ailə dəyərlərinin qorunması və gənclərin sağlam ailə prinsipləri əsasında tərbiyə olunması hər birimizin üzərinə düşən vacib vəzifələrdəndir”. E.Qurbanov deyib ki, Xəzər rayonunda ailə məsələlərinin monitorinqi ilə əlaqədar komissiya fəaliyyət göstərir.

YAP Veteranlar Şurasının üzvü Fidumə Hüseynova bildirib ki, ölkəmizdə ailə modeli uzun illərdən bəri qorunub saxlanılaraq, fundamental dəyərlərini itirmədən günümüzə gəlib çatıb. F.Hüseynova deyib ki, buna baxmayaraq, qloballaşma Azərbaycan ailəsinə də öz təsirini göstərir: “Ən yeni dövr yeni münasibətlər formalaşdırır. Ailəni qiymətli edən milli-mənəvi dəyərlər, ənənələr, adətlərdir. Bu xüsusiyyətlərə malik, ailə modelimizi bütün dünyaya örnək edən zəngin ənənələrimiz var”.

F.Hüseynova qeyd edib ki, Azərbaycan ailəsi məhz milli dəyərlər sayəsində həmişə uzunömürlülüyü və möhkəmliyi ilə seçilib: “Səmimiyyət, inam və qarşılıqlı hörmət ailə institutunu daha da möhkəmləndirir”.

Çıxış edən YAP İdarə Heyətinin üzvü Rauf Əliyev isə deyib ki, ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Onun sözlərinə görə, ailə ənənələrin qoruyucusu və ötürücüsüdür. R.Əliyev qeyd edib ki, Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, sosial məsələlərin həllini prioritet vəzifə hesab edir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. “Bu gün ailələrin üzərinə də böyük məsuliyyət düşür. Uşaqlar milli dəyərlərimizə zidd olan vasitələrdən uzaq tutulmalı, bu istiqamətdə fəal təbliğat işləri aparılmalıdır”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb. Tədbirdə YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
722