Milli Məclisdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib
Aprelin 23-də Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.
Tədbiri açan
komitə sədri Siyavuş Novruzov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik
irsi Azərbaycanın bütün sahələrində olduğu kimi, regionların inkişafı, idarəetmənin
təkmilləşdirilməsi və yerli özünüidarəetmə institutlarının formalaşdırılmasında
da mühüm rol oynayıb. O, qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı
Heydər Əliyevin rəhbərliyi dövründə dövlət siyasətinin əsas istiqamətlərindən
biri olub.
Siyavuş Novruzov
çıxışında Ulu Öndər Heydər Əliyevin regionlara mütəmadi səfərlər etdiyini, yerlərdə
mövcud vəziyyətlə birbaşa maraqlandığını və bölgələrin inkişafı üçün məqsədyönlü
addımlar atdığını bildirib. Vurğulanıb ki, həmin dövrdə bölgələrdə
genişmiqyaslı infrastruktur layihələri icra olunub, yollar salınıb, məktəblər,
xəstəxanalar və digər sosial obyektlər tikilib, yeni istehsal sahələri
yaradılıb.
Siyavuş Novruzov
deyib ki, Ulu öndərin regionların sosial-iqtisadi inkişaf siyasəti bu gün cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Onun sözlərinə
görə, bu istiqamətdə icra edilən dövlət proqramları nəticəsində ölkənin bütün
bölgələri sürətlə yenilənib, geniş quruculuq və abadlıq işləri həyata
keçirilib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesini
də bu siyasətin davamı kimi yüksək dəyərləndirib.
Sonra tədbirdə
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxış edib. O, vurğulayıb ki, Azərbaycan
Respublikasında demokratik və hüquqi dövlət quruculuğu, müstəqil dövlət
institutlarının formalaşdırılması, eləcə də yerli özünüidarəetmə və vətəndaş cəmiyyəti
təsisatlarının yaranması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Qeyd olunub ki,
Azərbaycan üçün nisbətən gənc təsisat olan yerli demokratiya və özünüidarəetmənin
hüquqi əsasları Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilib. Onun sözlərinə görə,
sonrakı dövrdə qəbul olunan qanunlar və digər normativ-hüquqi aktlar da bələdiyyələrin
hüquqi əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.
Vitse-spiker bu
gün suveren Azərbaycanda Prezident İlham
Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının ardıcıl icrası, yerli
özünüidarəetmə sisteminin təkmilləşdirilməsi və demokratik institutların möhkəmləndirilməsi
istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs edib.
Qeyd olunub ki,
son illərdə Azərbaycan özünün dövlətçilik və suverenlik tarixinin ən qüdrətli mərhələsini
yaşayır. Ümummilli Liderin siyasi vəsiyyətini parlaq Zəfərlə gerçəkləşdirən Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda
genişmiqyaslı bərpa və yenidənqurma prosesi həyata keçirilir. Regional inkişaf
siyasətinin əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası
və dayanıqlı inkişaf modelinin qurulmasıdır. Bildirilib ki, həmin ərazilərdə tətbiq
olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları müasir idarəetmə və
infrastruktur modellərinin formalaşdırılmasını nəzərdə tutur.
Vurğulanıb ki,
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu Azərbaycanda
yerli demokratiyanın inkişafı, özünüidarəetmə prinsiplərinin möhkəmlənməsi və
regionların davamlı tərəqqisi üçün fundamental əsas formalaşdırıb.
Sonra Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov
“Heydər Əliyev - Azərbaycanda regional
inkişaf strategiyasının banisi”
mövzusunda çıxış edib. O, bildirib ki,
Ulu Öndər Heydər Əliyevin regional iqtisadi siyasət təcrübəsi bu gün də
aktualdır. Komitə sədri qeyd edib ki, həmin regional iqtisadi inkişaf
strategiyası ölkənin bütün bölgələrinin tarazlı və dayanıqlı inkişafını təmin
etməyə yönəlmiş uzaqgörən dövlət yanaşmasına əsaslanıb. Vurğulanıb ki, bu
strateji yanaşma nəticəsində regionların inkişafı üçün etibarlı zəmin
formalaşdırılıb, regionların iqtisadi imkanlarından daha səmərəli istifadə
olunub, istehsal və infrastruktur potensialı genişləndirilib, bölgələrdə sənayeləşmə
inkişaf edib.
Azər Əmiraslanov
qeyd edib ki, sonrakı dövrdə qəbul olunan regional inkişaf dövlət proqramları
da məhz Heydər Əliyevin müəyyən etdiyi strateji kursun uğurlu davamı olub.
Komitə sədri deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
regionların inkişafı siyasəti yeni məzmunla davam etdirilir, işğaldan azad
olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri və Böyük Qayıdış
proqramı bu strategiyanın müasir mərhələsini təşkil edir.
Tədbirdə Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov “2026 – Şəhərsalma
və Memarlıq İli: bələdiyyələr qarşısında duran vəzifələr” mövzusunda çıxış
edib.
O, bildirib ki,
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması yerli özünüidarəetmə
orqanları qarşısında yeni çağırışlar və mühüm vəzifələr müəyyənləşdirir. Onun
sözlərinə görə, bu mərhələdə bələdiyyələr öz fəaliyyətlərinə yeni baxış
formalaşdırmalı, şəhərsalma məsələlərinə birbaşa məsuliyyət sahəsi kimi
yanaşmalıdırlar. O, bu çərçivədə yerli özünüidarəetmə orqanlarının şəhərsalma
sahəsində fəaliyyətinin daha səmərəli təşkili baxımından həyata keçirilən tədbirləri
diqqətə çatdırıb.
Sonra Azərbaycan
Bələdiyyələrinin Milli Assosiasiyasının Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin
direktoru Adil Əhmədov “Rəqəmsal İnkişaf Konsepsiyası və bələdiyyələrin fəaliyyət
istiqamətləri” mövzusunda çıxış edib. O, rəqəmsallaşmanın bələdiyyələrin fəaliyyətinə
tətbiqi, bu sahədə əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı
məlumat verib.
Müzakirələrdə
Milli Məclisin deputatları Vüqar Bayramov, Aydın Hüseynov, Vasif Qafarov, Azərbaycan
Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan
Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Füzuli
rayonu Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yerli idarəetmə sisteminin əsasını qoymasından, regionlarda müasir infrastrukturun formalaşdırılmasından və bu infrastruktur potensialının iqtisadi dəyərə çevrilməsindən bəhs olunub. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən reinteqrasiya prosesi, bələdiyyələrin fəaliyyəti, habelə bölgələrdə icra olunan infrastruktur layihələrinin regional inkişaf baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra Milli
Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbirə yekun
vuraraq konfransın səmərəli keçdiyini bildirib.
Tədbirdə Milli Məclisin
deputatları Səttar Möhbalıyev, Elman Məmmədov, Aydın Mirzəzadə, Elşən Musayev,
Məzahir Əfəndiyev, Arzuxan Əli-zadə, parlament Aparatının əməkdaşları, bələdiyyələrin
milli assosiasiyalarının təmsilçiləri, şəhər
və rayon bələdiyyələrin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat
və
ictimaiyyətlə əlaqələr şöbəsi
Rəylər
0 Rəy