Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Avropa
Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycana səfəri
Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu göstərən mühüm siyasi hadisədir. Həmin gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə görüşü olub, mətbuata
bəyanatlarla çıxış ediblər.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, ikitərəfli ticarət münasibətlərinin
başlanması, həmçinin Azərbaycandan Ermənistana neft və neft məhsullarının
ixracı və üçüncü ölkələrdən Ermənistana ixrac olunan məhsulların Azərbaycan ərazisindən
tranzit keçidi müsbət dəyərləndirildi. Söhbət zamanı Mərkəzi Asiya ilə Avropa
arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeyd olundu, ölkəmizlə
Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata
keçirildiyi vurğulandı. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
roluna toxunularaq, onun etibarlı tərəfdaş olması, ölkəmizdən Avropa İttifaqına
qaz ixracının həcminin artması məmnunluqla qeyd edildi.
Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən
65 faiz artması, artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı alması təsdiqləyir
ki, Avropa alternativ enerji mənbələri axtararkən ən etibarlı tərəfdaşlardan
birini məhz Azərbaycanda tapıb. 2022-ci ildə imzalanmış “Avropa Komissiyası tərəfindən
təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində
Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu gün konkret iqtisadi nəticələr
verir və Brüssel bunu açıq şəkildə etiraf edir. Lakin münasibətlər artıq yalnız
qaz üzərində qurulmur. Dövlət başçımızın açıqladığı rəqəmlər gələcəyin enerji xəritəsinin
də Azərbaycanda formalaşdığını göstərir. Ursula Fon der Lyayenin də çıxışında
Azərbaycanın təmiz enerji və elektrik bağlantıları üzrə böyük potensiala malik
olduğunu vurğulaması bu baxışın Brüsseldə də bölüşüldüyünü göstərir.
Qeyd etdiyim kimi görüşdə diqqətçəkən ən mühüm siyasi mesajlardan
biri də sülh prosesi ilə bağlı idi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan
və Ermənistan arasında de-fakto sülh artıq qurulub və Bakı bunun praktik nəticələrini
göstərmək üçün konkret addımlar atır. Ermənistana tranzit məhdudiyyətlərinin
aradan qaldırılması, yanacaq ixracının başlanması regionda yeni iqtisadi
münasibətlər modelinin formalaşdığını göstərir. Dövlətimizin başçısının “Biz
göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə
bilirik və sülh şəraitində yaşamağı öyrənirik” fikri əslində Azərbaycanın yeni
regional strategiyasının mahiyyətini ifadə edir. Burada diqqətçəkən başqa məqam
Avropa Komissiyasının da bu prosesi açıq şəkildə dəstəkləməsi və regional əməkdaşlığın
genişləndirilməsi üçün maliyyə və siyasi dəstək verməyə hazır olduğunu bəyan
etməsidir.
Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan
dünyanın əsas güc mərkəzləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurub. Bu səfər
isə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, mövcud tərəfdaşlığın
möhkəmləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin yeni mərhələyə
yüksəldilməsi məqsədi daşıyırdı.
Hümbət Hüseynov
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri,
Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə
heyətinin üzvü
Rəylər
0 Rəy