Aygün Kərimova: “Büdcə gəlirlərinin artırılması yerli əhəmiyyətli məsələlərin həlli üçün əlavə imkanlar yaradır”
Suraxanı rayonu Əmircan bələdiyyəsinin sədri Aygün Kərimova növbəti ilin büdcə planlaşdırılması və cari ilin büdcə gəlirlərinin vəziyyəti ilə bağlı Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi, yerli büdcə gəlirlərinin artırılması və mövcud vəsaitlərdən səmərəli istifadə olunması əsas prioritetlərdəndir.
Aygün Kərimovanın sözlərinə görə, 2026-cı ilin
yanvar-oktyabr aylarında bələdiyyənin büdcə gəlirlərində ötən ilin müvafiq
dövrü ilə müqayisədə əhəmiyyətli artım qeydə alınıb.
Belə ki, 2025-ci ilin ilk on ayı ərzində Əmircan bələdiyyəsinin
büdcə gəlirləri 89 007 manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu
göstərici 129 296 manata yüksəlib. Beləliklə, hesabat dövründə büdcə gəlirləri
40 289 manat və ya təxminən 45,3 faiz artıb.
Bələdiyyə sədri qeyd edib ki, əldə olunan artım yerli maliyyə
imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla
yanaşı, büdcə daxilolmalarının davamlılığının təmin edilməsi, mövcud gəlir mənbələrinin
düzgün qiymətləndirilməsi və vergi uçotunun təkmilləşdirilməsi istiqamətində
işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə müvafiq tədbirlər bələdiyyənin
vergi xidməti tərəfindən həyata keçiriləcək.
Belediyye.infoya açıqlamasında Aygün Kərimova bildirib ki,
növbəti ilin büdcə layihəsi hazırlanarkən gəlir və xərclərin real maliyyə
imkanları əsasında planlaşdırılmasına xüsusi diqqət yetirilir. Büdcə vəsaitlərinin
yerli ehtiyaclara uyğun bölüşdürülməsi, qarşıda duran vəzifələrin icrası və qəsəbənin
sosial-iqtisadi inkişafına yönələn tədbirlərin maliyyələşdirilməsi əsas
prioritetlər sırasındadır.
Bələdiyyə sədrinin sözlərinə görə, büdcə gəlirlərinin
artırılması yerli əhəmiyyətli məsələlərin həlli üçün əlavə imkanlar yaradır. Bu
baxımdan, qarşıdakı dövrdə də maliyyə intizamının qorunması, büdcə vəsaitlərinin
şəffaf və məqsədyönlü idarə olunması, eləcə də gəlir potensialının artırılması
istiqamətində tədbirlər davam etdiriləcək.
Belediyye.info
Rəylər
0 Rəy