Nailə Nəsirova: “Zabrat bələdiyyəsi şəhid ailələrinin müraciətlərini daim diqqətdə saxlayır”
Zabrat bələdiyyəsi növbəti sosial əhəmiyyətli layihənin icrasını başa çatdırıb.
Zəfər Günü ərəfəsində Zabrat qəsəbəsində Gültəkin Əsgərova
küçəsində, eləcə də Fərman Salmanov küçəsində şəhid Rüfət Eyvazlının yaşadığı evin qarşısında abadlıq və təmizlik
işləri həyata keçirilib. Sözügedən ərazilərdə küçəyə asfalt örtüyü çəkilib, ətrafda
təmizlik işləri aparılaraq sakinlərin rahatlığı üçün müvafiq şərait yaradılıb.
Məsələ ilə bağlı Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova
bildirib ki, şəhid ailələrinə diqqət və qayğı bələdiyyənin fəaliyyətində əsas
prioritet istiqamətlərdən biridir:
“Zabrat bələdiyyəsi olaraq şəhid ailələrinin müraciətlərini,
onların qaldırdıqları problemləri daim diqqətdə saxlayırıq. Eyni zamanda, qazilərimizin
sosial-məişət qayğıları ilə maraqlanır, bələdiyyənin səlahiyyətləri və
imkanları çərçivəsində mövcud problemlərin həllinə dəstək göstərməyə çalışırıq.
Bizim üçün şəhid ailələrinə və qazilərimizə diqqət göstərmək yalnız vəzifə
deyil, həm də mənəvi borcdur.
Bu istiqamətdə işlərimiz bundan sonra da davam etdiriləcək,
sakinlərin müraciətləri diqqətlə araşdırılaraq imkanlarımız daxilində zəruri tədbirlər
görüləcək”.
Qeyd edək ki, Zabrat bələdiyyəsi qəsəbədə abadlıq-quruculuq
işlərinin genişləndirilməsi, infrastrukturun yaxşılaşdırılması, şəhid ailələri
və qazilərin sosial problemlərinin həlli istiqamətində fəaliyyətini davam
etdirir.
Belediyye.info
Rəylər
0 Rəy