Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2026 , 13:17

141

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Təmizlik işçilərini bələdiyyənin üzərinə kim qaldırıb? CİDDİ 


Son günlər mediada Sumqayıt şəhərində təmizlik işçilərinin iki aydır əməkhaqqı ala bilmədikləri üçün şəhər bələdiyyəsinin binası qarşısında toplaşaraq əməkhaqlarını tələb etmələri ilə bağlı məlumatlar yayılıb.

Məsələnin diqqətçəkən tərəfi isə ondan ibarətdir ki, əməkhaqqı tələbi məhz həmin işçilərin çalışmadığı, onlarla əmək münasibətlərində olmayan bir qurumun – Sumqayıt bələdiyyəsinin qarşısında səsləndirilib.

Bələdiyyə tərəfindən verilən açıqlamada vətəndaşların yanlış istiqamətləndirildiyi bildirilib. Bununla yanaşı, etiraz iştirakçılarının özlərinin paylaşdıqları videomateriallara diqqət yetirdikdə, kifayət qədər böyük insan kütləsinin bələdiyyə binası qarşısına yönləndirilməsi və hadisənin məhz bu istiqamətdə cərəyan etməsi müəyyən suallar doğurur.

Ən sadə və məntiqli sual isə budur: İnsan necə ola bilər ki, əmək müqaviləsi ilə çalışmadığı, əməkhaqqının ödənilməsinə görə hüquqi və maliyyə öhdəliyi daşımayan bir qurumdan əməkhaqqı tələb etsin? Bu qədər insanın heç olmasa bir nəfəri belə özünə sual verməyibmi ki, biz əməkhaqqımızı hansı qurumdan alırıq, işə qəbulumuz hansı təşkilat tərəfindən həyata keçirilib və əmək münasibətlərimiz kiminlə rəsmiləşdirilib?

Axı söhbət Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçilərindən gedir. Onların əməkhaqqının ödənilməsi ilə bağlı məsuliyyət də müvafiq işəgötürən qurumun üzərinə düşür. Bəs elə isə əməkhaqqı tələbinin ünvanı niyə bələdiyyə olmalıdır?

Bəli, bunlar kifayət qədər düşündürücü suallardır.

Uzun illərdir bələdiyyə sektorunun inkişafı, qarşılaşdığı problemlərin həlli və yerli özünüidarəetmə institutlarının cəmiyyətdə nüfuzunun artırılması istiqamətində çalışan, bu sahədə müəyyən təşəbbüslərlə çıxış edən bir şəxs kimi baş verən hadisə ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirməyi özümə borc hesab edirəm.

İlk növbədə qeyd etmək istəyirəm ki, Sumqayıt bələdiyyəsi ölkə bələdiyyələri arasında bir neçə ildir büdcə daxilolmalarının həcminə və həyata keçirdiyi layihələrin miqyasına görə ön sıralarda, bir çox göstəricilər üzrə isə lider mövqedə qərarlaşan bələdiyyələrdəndir. Eyni zamanda, şəhərdə bələdiyyə ilə yerli icra hakimiyyəti arasında formalaşmış əməkdaşlıq münasibətləri də diqqətəlayiq təcrübə hesab oluna bilər.

Məhz bu baxımdan Sumqayıt bələdiyyəsinə qarşı yönəlmiş və onun fəaliyyətini, məsuliyyət dairəsini cəmiyyət qarşısında yanlış təqdim edən bu cür yanaşmanı yolverilməz hesab edirəm.

Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Sumqayıt bələdiyyəsinin bu gün əldə etdiyi mövqeyə gəlməsində, cəmiyyətdə çəki və nüfuz qazanmasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rolunu danmaq mümkün deyil. Məhz bələdiyyənin ilk sədri kimi onun bu qurumun formalaşmasına və inkişafına verdiyi töhfələr danılmazdır.

Sonrakı dövrdə də bu diqqət və əməkdaşlığın davam etməsi təsadüfi deyil. Son iki ilə yaxın müddətdə bələdiyyənin həyata keçirdiyi layihələrin açılışlarında iştirak etməsi, cari ilin əvvəlində bələdiyyələrin hesabat yığıncağında çıxış edərək şəhərdə fəaliyyət göstərən üç bələdiyyəyə tövsiyələrini verməsi bu münasibətlərin institusional xarakter daşıdığını göstərir.

Təsadüfi deyil ki, ölkəmizdə bələdiyyə-icra hakimiyyəti münasibətlərindən danışarkən Səbail, Yasamal, Xətai, Nərimanov, Nəsimi və Binəqədi rayonları ilə yanaşı, Sumqayıt şəhərində formalaşmış əməkdaşlıq modelini də nümunə kimi qeyd etmişik. Çünki yerli özünüidarəetmə orqanlarının inkişafı üçün qarşıdurma deyil, qarşılıqlı anlaşma, səlahiyyətlərə hörmət və birgə fəaliyyət əsas şərtlərdəndir.

Bütün bunları nəzərə aldıqda, baş verən hadisə istər-istəməz müəyyən şübhələr və suallar yaradır. Görəsən, kimlərsə şəhərdə formalaşmış bələdiyyə-icra hakimiyyəti münasibətlərinə kölgə salmaq, qurumlar arasında süni qarşıdurma görüntüsü yaratmaq niyyətindədir? İşçilərin narazılığının əsl ünvanı bəlli olduğu halda onların başqa bir qurumun qarşısına yönləndirilməsi hansı məqsədə xidmət edir? Bu, sadəcə məlumatsızlığın nəticəsidir, yoxsa arxasında başqa maraqlar dayanır?

Əlbəttə, konkret faktlar olmadan kimisə ittiham etmək doğru olmazdı. Lakin hadisənin başvermə şəraiti və ictimaiyyətə təqdim olunma forması bu sualların araşdırılmasını zəruri edir. Eyni zamanda, istisna etmirəm ki, baş verənlər siyasi rəhbərliyin məlumatı və razılığı olmadan hansısa şəxslərin təşəbbüsü ilə həyata keçirilib.

İnanıram ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu məsələyə aydınlıq gətirəcək, hadisənin əsl səbəblərinin araşdırılmasına və məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsinə lazımi diqqət göstərəcəkdir.

Məsələnin digər və daha vacib tərəfi isə hüquqi müstəvidədir.

Bu hadisəyə rəvac verənlərə, ilk növbədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaların 1.4-cü bəndini xatırlatmaq istərdim.

Həmin bənddə ərazilər üzrə təmizlik və kommunal xidmətlərin həyata keçirilməsinə məsul qurumlar müəyyən edilib. O cümlədən:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilmiş ərazilərdə – “Təmiz Şəhər” ASC;

2025-ci il 29 avqust tarixli 492 nömrəli Fərmanla müəyyən edilmiş ərazilərdə – müvafiq publik hüquqi şəxslər;

digər ərazilərdə isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları.

Bu hüquqi çərçivə onu göstərir ki, ərazilərdə təmizlik və kommunal-təsərrüfat işlərinin təşkili ilə bağlı məsuliyyət müvafiq səlahiyyətli qurumların üzərinə düşür. Bələdiyyənin öz inzibati ərazisində təmizlik işlərini həyata keçirməsi tələbi isə yalnız qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində irəli sürülə bilər. Bələdiyyənin bu işlərə təşəbbüslə qoşulması, iməciliklərin təşkilində iştirak etməsi və ya aidiyyəti qurumlarla əməkdaşlıq etməsi mümkündür. Lakin bu, həmin xidmətlərin həyata keçirilməsinə görə bələdiyyənin avtomatik olaraq məsuliyyət daşıması demək deyil.

Odur ki, hər hansı qurumun öz üzərinə düşən öhdəlikləri başqa bir qurumun üzərinə yönəltməsi, yaxud əmək münasibətlərində olmadığı şəxslərin əməkhaqqı tələblərinin ünvanı kimi bələdiyyənin təqdim edilməsi nə hüquqi, nə də məntiqi baxımdan əsaslandırıla bilər.

Digər tərəfdən, burada bir məqamı da unutmamalıyıq: əməkhaqqını vaxtında ala bilməyən işçilərin narazılığı tamamilə başadüşüləndir. Heç bir halda insanların əməyinin qarşılığını tələb etmək hüququ şübhə altına alına bilməz. İki ay ərzində əməkhaqqının ödənilməməsi ciddi problemdir və bununla bağlı aidiyyəti qurumlar müvafiq izahat verməli, yaranmış borcun ödənilməsi üçün konkret tədbirlər görməlidirlər.

Lakin işçilərin haqlı sosial tələbi ilə həmin tələbin yanlış ünvana yönəldilməsini bir-birindən fərqləndirmək lazımdır. İşçilərin hüquqlarının müdafiəsi başqa qurumun nüfuzuna və fəaliyyətinə kölgə salmaq hesabına həyata keçirilməməlidir.

Xüsusilə də ölkəmiz üçün əlamətdar olan Zəfər Günü ərəfəsində kommunal təsərrüfat sahəsində çalışan insanların iki aylıq əməkhaqqını ala bilməməsi, bununla yanaşı, onların hansısa formada başqa qurumun qarşısına yönləndirilməsi ən azı məsuliyyətsizlikdir. Bu cür hallar həm işçilərin sosial vəziyyətinə, həm də şəhərdə formalaşmış sağlam əməkdaşlıq mühitinə mənfi təsir göstərir.

Mən hesab edirəm ki, bu hadisəyə yalnız əməkhaqqı tələbi kontekstində yanaşmaq düzgün olmazdı. Burada həm əmək münasibətlərinin düzgün qurulması, həm qurumların səlahiyyət və məsuliyyət sərhədlərinə hörmət edilməsi, həm də ictimai rəyin hansı istiqamətə yönəldilməsi məsələsi var.

Bir daha vurğulamaq istəyirəm ki, bələdiyyələrin inkişafı, onların cəmiyyətdə nüfuzunun artması və yerli problemlərin həllində daha fəal iştirak etməsi üçün dövlət qurumları arasında sağlam əməkdaşlıq mühiti olduqca vacibdir. Bu mühitin formalaşdığı yerdə süni qarşıdurmalara, yanlış yönləndirmələrə və məsuliyyətin bir qurumdan digərinə ötürülməsinə yer olmamalıdır.

Sonda bir daha sualıma qayıdıram: Təmizlik işçilərini bələdiyyənin üzərinə kim qaldırıb və bununla hansı məqsəd güdülüb?

Düşünürəm ki, bu suala aydınlıq gətirilməsi, işçilərin əməkhaqlarının ödənilməsi və hadisənin əsl səbəbkarlarının müəyyənləşdirilməsi hər kəsin marağında olmalıdır.

Fəaliyyətinə hər zaman hörmətlə yanaşdığım Zakir Fərəcovun bu məsələyə də prinsipial münasibət bildirəcəyinə və şəhərdə formalaşmış müsbət bələdiyyə-icra münasibətlərinə kölgə salmağa çalışan hallara aydınlıq gətiriləcəyinə inanıram.

P.S. Bəzi media təmsiçilərindən də xahiş edirəm ki, bu hadisədə bələdiyyənin adını yersiz yerə hallandırmasınlar. 

Vüqar Tofiqli






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər