Daşkənddə Azərbaycan fırtınası : “Baku Flames” gümüş medal qazandı
Bakının “Baku Flames”hokkey komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Tashkent Hockey Cup 2026” turnirində gümüş medallar qazanıb.
Özbəkistanın
ev sahibliyi etdiyi beynəlxalq turinir 2-3 may tarixlərində
keçirilib. Turnir müxtəlif ölkələrdən komandaları bir araya gətirərək regionda
hokkeyin inkişafı üçün mühüm platforma olub.
Turnirdə iştirak edən əsas komandalar
bunlardır: Baku Flames (Bakı, Azərbaycan), Tashkent Capitals (Daşkənd, Özbəkistan),
Sherdor (Səmərqənd, Özbəkistan), Galaxy Knights (Dubay, BƏƏ).
2023-cü ildə təsis olunmuş həvəskar “Baku
Flames” hokkey komandası turnirdə Azərbaycanı
layiqincə təmsil edərək yüksək hazırlıq səviyyəsi, komanda ruhu və qələbə əzmi
nümayiş etdirib. Gərgin və rəqabətli mübarizə nəticəsində komanda ikinci yeri
tutaraq gümüş medallara sahib olub. Final oyununun qalibi isə Özbəkistanın “Tashkent
Capitals” komandası olub.
“Baku Flames” komandasının əsas məqsədləri Azərbaycanda
hokkeyin populyarlaşdırılması, həmçinin uşaqlar və gənclər arasında sağlam həyat
tərzinin təşviqidir. Turnir ərzində oyunçular keyfiyyətli və baxımlı hokkey
nümayiş etdirərək güclü rəqiblərə qarşı inamla mübarizə aparıblar. Beynəlxalq səviyyədə
keçirilən yarışda komandanın iştirak edərək gümüş medala layiq görülməsi
komandanın inkişafını və qarşıya qoyduğu əsas məqsədə qısa müddət ərzində layiq
olmasını bir daha təsdiqləyib.
Bu cür turnirlərdə iştirak Azərbaycanın hokkeyinin inkişafında mühüm rol oynayaraq komandaya təcrübə toplamağa, ustalığını artırmağa və beynəlxalq hokkey mühitində mövqelərini gücləndirməyə imkan verir.Baku Flames həmçinin fəaliyyətində gələcəkdə bir çox beynalxalq turnirlərdə iştirak edərək çempionluğa yüksəlməyi, vətənə qızıl medallarla geri dönməyi hədəfləyib. “Baku Flames” komandasının bütün heyyətini bu möhtəşəm qələbə münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
Rəylər
0 Rəy