Bu gün bələdiyyələr yerli idarəetmə orqanı deyil, həm də sosial tərəfdaş, innovasiya mərkəzi və ictimai etimad platforması rolunu oynayır
Azərbaycan Respublikasında bələdiyyə institutunun yaranması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri ölkəmizdə yerli demokratiyanın formalaşması üçün mühüm dönüş nöqtəsi oldu. Ulu Öndər bələdiyyələri “xalqın idarəetmədə birbaşa iştirakının əsas formalarından biri” adlandırırdı. Bu gün biz həmin ideyanın davamçıları kimi onun qoyduğu bünövrə üzərində yerli inkişaf və ictimai xidmət modelini qururuq.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Cənab
Prezident bələdiyyələrin fəaliyyətinə dəfələrlə diqqət yetirərək, onların
imkanlarının artırılması, şəffaf idarəetmə və müasir texnologiyaların tətbiqini
xüsusi vurğulayıb. Bu gün “Rəqəmsal Azərbaycan” konsepsiyasının bir hissəsi
kimi bələdiyyələrin də elektron xidmətlərə keçidi təmin edilir. Məhz bu istiqamətdə
Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) çox mühüm alətə
çevrilib.
Mingəçevir
bələdiyyəsi olaraq biz də bu sistemdən aktiv istifadə edirik. BAMS vasitəsilə vətəndaş
müraciətləri, torpaq icarəsi, qərarların qeydiyyatı və maliyyə hesabatları
artıq elektron formada, şəffaf və səmərəli şəkildə həyata keçirilir. Bu həm
işin keyfiyyətini artırır, həm də sakinlərin bizə olan etimadını möhkəmləndirir.
Son
illər Mingəçevir bələdiyyəsi bir sıra sosial və ictimai təşəbbüslərlə çıxış
edib. Şəhər ərazisində abadlıq və yaşıllaşdırma işləri, küçə və məhəllə təmizliyi
aksiyaları, gənclərlə görüşlər, şəhid ailələri və aztəminatlı ailələrə sosial dəstək
layihələri həyata keçirilir.
Xüsusilə,
20 Yanvar küçəsində sakinlərin istəkləri nəzərə alınaraq kiçik, amma çox
funksional bir “mini park” salınıb. Orada istirahət üçün oturacaqlar, uşaq yelləncəkləri,
ağac əkini və işıqlandırma sistemi qurulub. Bu park həm sakinlərin bir araya gəldiyi,
həm də uşaqların asudə vaxtlarını keçirdiyi kiçik, amma dəyərli bir məhəllə mərkəzinə
çevrilib. Bu kimi təşəbbüslər bələdiyyənin “vətəndaşla birgə qərar – birgə
icra” prinsipinin bariz nümunəsidir.
Mədəni
istiqamətdə isə “Mingəçevir Kitab Sərgisi” layihəsini xüsusi qeyd etmək istəyirəm.
Bu sərgi şəhərimizdə kitabsevərləri, müəllimləri, məktəbliləri və gəncləri bir
araya gətirərək oxu mədəniyyətinin təşviqinə böyük töhfə verdi. Sərgi çərçivəsində
yerli yazarların təqdimatları, kitab müzakirələri və maarifləndirici görüşlər
keçirildi. Biz hesab edirik ki, mədəni və intellektual inkişaf da bələdiyyələrin
məsuliyyət dairəsində olmalıdır.
Elə
bu layihələrin ardınca biz şəhər sakinlərini bir araya gətirən “Bələdiyyə
Kuboku” adlı kütləvi idman tədbirinə start verdik. Bu yarış gənclərin sağlam həyat
tərzinə marağını artırmaqla yanaşı, həmrəylik və bələdiyyə-vətəndaş əlaqələrini
də gücləndirir. “Bələdiyyə Kuboku” artıq şəhərimizdə ənənəyə çevrilməkdədir və
hər il daha çox gəncin iştirakı ilə keçirilir.
Biz
Mingəçevir Bələdiyyəsi olaraq dövlətin yerli siyasətinin ön xəttində
dayanmaqdan qürur duyuruq. Əsas məqsədimiz Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən “güclü dövlət – güclü bələdiyyə – güclü vətəndaş”
konsepsiyasına uyğun fəaliyyət göstərməkdir. Bu gün artıq bələdiyyələr təkcə
yerli idarəetmə orqanı deyil, həm də sosial tərəfdaş, innovasiya mərkəzi və
ictimai etimad platforması rolunu oynayır.
Anar İsmayılov
Mingəçevir bələdiyyəsinin sədri
Rəylər
0 Rəy