Tünzalə Qardaşova: “Torpaq sahəsi üçün müraciət edən vətəndaşların əksəriyyəti müəyyən edilmiş yüksək qiymətlər səbəbindən imtina edirlər”
“Etiraf edilməlidir ki, bu gün Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumları bələdiyyə müraciətlərinə diqqətlə yanaşmırlar”- bu fikirləri Belediyye.infoya Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli ilə görüşdə səsləndirib.
“Bu gün Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarının bələdiyyə
müraciətlərinə etinasız yanaşmaları qəbul edilən deyil və prosesin elektron
formaya keçirilməsinin ümumi prosesin aktivliyinə heç bir müsbət təsir göstərmədyini qeyd edən ictimai
birlik sədri prosesin bu şəkildə davan etməsinin yolverilməz olduğunu xüsusilə qeyd edib.
Bələdiyyə sədri görüşdə qeyd edib ki, “bu günədək
e-tekuis.emlak.gov.az informasiya sistemi vasitəsilə ümumilikdə 68 müraciət
sistemə yüklənmişdir. Müraciətlərdən 22-si torpaq sahələrinin müayinə (baxış)
aktının və torpaq sahəsinin planının hazırlanması məqsədilə təqdim olunub. Bu
istiqamətdə torpaq sahələrinin ölçülməsi və planlarının hazırlanması ilə bağlı
hər hansı problem yaşanmamışdır. Qalan 46 müraciət isə əsasən tam sənədləşdirilərək
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətindən rəy alınması məqsədilə
sistemə yüklənmişdir. 46 müraciət arasında bəzi sənədlər texniki düzəlişlərin
aparılması və ya aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasından sonra
yenidən təqdim edildiyinə görə eyni sənəd bir neçə dəfə sistemə yüklənmişdir.
Qeyd etmək istərdim ki, sistemin tətbiqinin ilkin mərhələsində sənədlərin sistemə yüklənməsi prosesində tərəfimizdən də
müəyyən texniki xarakterli çatışmazlıqlara yol verilmişdir. Lakin bu istiqamətdə
tədbirlər görülmüş, mövcud texniki problemlər aradan qaldırılmışdır. Hazırda sənədlərin
hazırlanması, işlənməsi və informasiya sisteminə yüklənməsi prosesində hər hansı problem mövcud deyildir.”
Sədr daha sonra qeyd edib: “Rəy alınması üçün təqdim etdiyimiz sənədlərin
böyük əksəriyyəti üzrə müsbət nəticə əldə olunmamışdır. Yalnız kənd təsərrüfatı
təyinatlı bir torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı təqdim edilmiş
müraciət üzrə müsbət rəy verilmişdir. Bundan əlavə, müraciətlərimizə uzun müddətdir
baxılmasına baxmayaraq, nəticəsi barədə
hər hansı məlumat təqdim edilmir.”
“Təəssüf ki, son aylarda bələdiyyə əmlakının özgəninkiləşdirilməsində
qiymətləndirmə ilə bələdiyyələrlə problem yaradılması adi hal aldığını deyən
Vüqar Tofiqli ucqar dağ kəndində kifayət qədər yüksək satış qiyməti hansı
meyarlarla müəyyən edilməsi hər hansı məntiqə sığmır”
Görüşdə Tünzalə Qardaşova qeyd edib ki, həqiqətən əsas problemlərdən
biri torpaq sahələrinin qiymətləndirilməsi ilə bağlıdır. Hazırda torpaq sahələrinin
bazar qiyməti müvafiq qiymətləndirmə müəsisəsi tərəfindən müəyyən edilir, bələdiyyə
isə qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qiymət əsasında müvafiq əlavəni
tətbiq etməklə sənədləri sistemə daxil
edir.
Lakin imtina səbəblərindən biri kimi təqdim olunan qiymətlərin cari
bazar qiymətlərinə uyğun olmadığı bildirilir. Belə ki, Boradigah qəsəbəsində
torpaq sahələrinin bazar qiymətinin 6.000-7.000 manat, Babaser kəndində isə 2.000-2.500
manat civarında olduğu qeyd edilir. Praktik müşahidələr göstərir ki, bu qiymətlər
ərazidə formalaşmış real bazar vəziyyətini tam əks etdirmir. Nəticədə bələdiyyədən
torpaq sahəsi əldə etmək məqsədilə müraciət edən vətəndaşların əksəriyyəti müəyyən
edilmiş yüksək qiymətlər səbəbindən müraciətlərindən imtina edirlər.
Maraqlı müzakirə zamanı hər
iki tərəf torpaq sahələrinin qiymətləndirilməsi mexanizminin və rəy verilməsi
prosesində tətbiq olunan yanaşmaların qanunvericiliyin tələblərinə uyğun şəkildə
yenidən təhlil edilməsi, bazar qiymətlərinin müəyyən edilməsində real vəziyyətin
və vətəndaşların sosial vəziyyətinin nəzərə alınması məqsədəuyğun hesab edib.
Düşünmək olar ki, qaldırılan məsələlər Əmlak Məsələləri Dövlət Xidmətinin
diqqət mərkəzində olacaq və bələdiyyələrin üzləşdikləri problemlər öz həllini tezliklə
tapacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy