“200-ə yaxın plagiat layihə aşkarlanıb”
Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri
Ülviyyə Qarayeva müsahibə verib.
“Qafqazinfo”
həmin müsahibəni təqdim edir:
-
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan
etdiyi qrant müsabiqələrinin cavabları nə vaxt açıqlanacaq?
- Layihələri
qalib olan QHT-lərin adları 2026-cı ilin I rübü ərzində elan olunacaq. Hələlik
daxil olmuş layihələrin emalı prosesi gedir. Bu günlərdə texniki seleksiya mərhələsi
tam başa çatacaq və layihələrin müstəqil ekspertlər tərəfindən qiymətləndirilməsi
aparılacaq. Bundan sonra nəticələr hərtərəfli təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək.
- Ümumilikdə nə qədər layihə daxil olub?
- 2025-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
elan etdiyi qrant müsabiqələrinə maraq son illərdəki yüksək göstəriciləri də
geridə qoyub. Ümumilikdə, Agentliyin elektron sistemində qeydiyyat
prosedurlarını düzgün tamamlamış 981 QHT bu il layihə təqdim etmək hüququna
malik olub. Bu, indiyədək qeydə alınmış ən yüksək maraq səviyyəsidir. Lakin bu
QHT-lərin hamısı layihələrini sistemə sona qədər yükləməyib. Daxil olmuş layihələrin
sayı 789 olub.
- Layihələrin kəmiyyəti artdıqca, keyfiyyəti də artırmı?
- 2023-cü ilin sentyabrında yeni müsabiqə qaydalarından və
peşəkar yanaşmaların gücləndirilməsindən sonra layihələrin keyfiyyəti xeyli
yaxşılaşıb, bu, dönüş nöqtəsi olub, layihələrin ölçüləbilən nəticələri artıb,
sistemli təsirləri yaranmağa başlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyi 2 ildir ki, hər müsabiqədən öncə infosessiyalar təşkil edir, bu
görüşlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul şəxsləri,
Agentliyin rəhbərliyi iştirak edir, QHT-lərdən gözləntilər izah edilir, suallar
cavablandırılır.
Layihələrin qəbulu üzrə kampaniya 2 ay davam edir. Bu müddətdə
ölkədə bütün TV və radiolarda, agentliklərdə, qəzetlərdə elanlar yerləşdirilir,
QHT-lərin müsabiqələr barədə məlumatlandırılmaları təmin edilir. Bu sağlam mənzərə
QHT sektoru üçün vaxtilə arzu idi, indi reallıqdır. Lakin açıq deməliyik ki, bəzi
hallarda bu cür münasibətə adekvat yanaşma müşahidə edilmir. Bu ildən süni
intellekt texnologiyalarının Agentlik tərəfindən layihələrin ekspertizasında tətbiqi
genişləndirilib. Aşkar olunan bəzi faktlar bizi çox məyus edib. Məsələn,
ekologiya istiqamətində fəaliyyət göstərən QHT-lərdən birindən daxil olmuş
"Yaşıl düşün, fəal ol!” adlı layihə reklamçılar, gənclər, qadınlarla iş
sahəsində digər 3 QHT-nin təqdim etdiyi layihələrlə plagiatlıq təşkil edir. Yaxud
adları saxta “orden-medal ticarəti”ndə hallanan, hüquq mühafizə orqanları tərəfindən
fəaliyyətləri araşdırılan bəzi QHT-lər layihələri də saxtalaşdırıb, onların təqdim
etdiyi müxtəlif layihə mətnləri demək olar ki, sözbəsöz eynidir, “Müharibə əlillərinin
cəmiyyətə inteqrasiyası” adlı layihə mətni 3 fərqli QHT-də üzə çıxıb.
“Əbədiyyətin simaları” - Milli və Vətən Qəhrəmanlarının guşələrinin
yaradılması” adlı layihənin mətni isə 4 QHT-nin təqdim etdiyi layihələrlə
plagiatdır. “Şəhid ailələrinin Xankəndiyə səfərinin təşkili” layihəsi üzrə eyni
mətn 9 fərqli QHT-dən daxil olub. “Kür sahilində yaşıl nəfəs”, “Ailə dəyərlərinin
qorunmasında media və sosial platformalar”, “Regionlarda qadınların hüquqi
müdafiəsinə dəstək”, “Hacıqabul gölünün biomüxtəlifliyi”, “Gələcəyimizi
qoruyuruq: zərərli vərdişlərə qarşı maarifləndirmə”, “Məişət zorakılığına yox!”
adlı layihələr də bu qəbildəndir. Yaxud hərbi yönümlü QHT-lərdən biri 49 650
manat dəyərində layihə təklifi ilə müraciət edib. “Dövlət babadır, biz də
övladı” adlı bu layihənin mətni 8 fərqli QHT ilə, demək olar ki, eynidir,
orfoqrafik səhvlər də eyni cümlələrdə edilib.
2025-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin elan etdiyi müsabiqələr üzrə daxil olmuş 800-ə yaxın layihədən təxminən
200-ündə bu cür tam və ya qismən plagiatlıq aşkar edilib. Dövlət qurumunu
aldatmağa cəhd edən QHT-lərin təqdim etdiyi plagiat layihələr texniki
seleksiyadan keçməyəcək. Biz yenə də etika naminə bu QHT-lərin adlarını
ictimailəşdirmirik, lakin texniki seleksiyadan keçməyən QHT-lərin hər birinə
agentlik tərəfindən bu barədə müvafiq elektron sistem üzərindən bildiriş göndəriləcək.
Plagiat layihələr dövrü tam bağlanıb, agentlik plagiat layihələrə heç bir vəsait
ayırmayacaq. İnfosessiyalarda dəfələrlə bu barədə xəbərdarlıq edilib, indi
plagiat layihə təqdim edənlər əməllərinin hansı nəticə verdiyi ilə üzləşməli
olublar.
- Layihələrin təhlili başqa hansı neqativ məqamları üzə
çıxarır?
- Bildiyiniz kimi, hazırda agentlik tərəfindən 2025-ci ildə
icra edilmiş layihələrin yekun hesabatları qəbul edilir. Aparılan monitorinq tədbirləri
aşkar edib ki, gənclər təşkilatlarından birinin rəhbəri 28 QHT-nin, sağlamlıq
istiqaməti üzrə təşkilatlardan birinin rəhbəri 22 QHT, həmin şəxsin ailə üzvü
16 QHT-nin, 2 fərqli QHT-də məsul vəzifələr tutan iki yaxın qohum isə birlikdə
22 QHT-nin mühasibidir. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, QHT-lərə
layihə yazan və onların mühasibatlığını aparan qrup var. Bəzi QHT rəhbərləri
layihələrin necə tərtib olunmasından və aparılmasından xəbərsizdir. Bizə həmin
şəxslərin tam əhatə dairəsi və siyahısı artıq məlumdur. 2026-cı ilin qrant
müsabiqələrinin nəticələri elan olunarkən bu məqamlar mütləq nəzərə alınacaq.
Onu da xatırlatmaq yerinə düşər ki, xüsusilə qrant müsabiqələrinin
nəticələri elan olunan ərəfələrdə bəzi QHT təmsilçiləri tərəfindən Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qarşı sosial mediada qarayaxma
kampaniyası aparmağa cəhdlər edilir. Aşkar edilmiş faktlar böhtan, iftira
kampaniyası iştirakçılarının bu və ya digər dərəcədə plagiat, saxta layihələr təqdim
etmiş və ya QHT-lərə “qeyri-qanuni xidmətlər” təklif edən və ya onların çevrəsindəki
şəxslər olduğunu üzə çıxarıb. Agentliyin qərarlarına bundan sonra da heç bir
iftira və böhtan kampaniyası təsir etməyəcək. Bəzən bu şəxslər özlərini ifşa
edir, sistemə bir-birinə aid sənədləri, layihələri yükləyirlər.
Araşdırmalar zamanı süni intellekt alətlərinin köməyi ilə
hazırlanmış layihələrə də rast gəlinib. Biz süni intellektin imkanlarından
yararlanmağın əleyhinə deyilik, lakin bu alətlərdən düzgün, məsuliyyətlə
istifadə olunmalıdır.
Bundan əlavə, bəzi layihələrdə mövzu ilə heç bir əlaqəsi
olmayan, sadəcə mətn həcmini süni şəkildə artırmaq məqsədi daşıyan cümlələrə də
rast gəlinir. Bəzi QHT-lər layihənin ideya və məzmununu inkişaf etdirmək əvəzinə,
xanaları necə gəldi doldurmaqla, layihələrinin qalib olacağını düşünürlər. QHT
sədrlərinə çağırış edirik ki, təqdim etdikləri layihələrə birbaşa özləri nəzarət
etsinlər, çünki layihə ilə bağlı bütün məsuliyyət ilk növbədə onların üzərindədir.
Bəzən eyni məkanda və eyni auditoriya ilə müxtəlif QHT-lərin
fərqli tədbirlər keçirilməsi hallarına rast gəlirik, sonra o tədbirlər agentliyə
müxtəlif günlərdə, müxtəlif tədbirlər kimi təqdim edilir. 2026-cı ildən tədbirlərin
auditoriyalarının yoxlanmasında “Üz tanıma” (“Face ID”) sistemini tətbiq edəcəyik.
Sistemə QHT-lər tərəfindən yüklənən şəkillər avtomatik olaraq üz tanıma
alqoritmi vasitəsilə təhlil ediləcək. Sistem şəkilləri müqayisə edib onların məlumat
bazasında mövcud olub-olmadığını yoxlayaraq uyğunluq dərəcəsini müəyyən edəcək.
Hazırda bu sistem test mərhələsindədir, bu cür QHT-lərin də tam əhatə dairəsini
dəqiqləşdirmək üçün köhnə məlumat bazasını da bu üsulla dəyərləndirəcəyik.
Artıq əlimizdə müvafiq faktlar toplanmaqdadır.
- Həmin fotoları bizə təqdim edə bilərsiniz?
- Xeyr, biz QHT-lərin nüfuzunu qorumağa çalışırıq. Hesab
edirik ki, maarifləndirmə tədbirləri ilə bir çox problemlərin köklü şəkildə həllinə
nail olmaq mümkündür. Son 2 ildə yeni yanaşmaların müsbət bəhrələri göz önündədir.
Müsabiqələrə gəldikdə isə “ziyanın yarısından da qayıtmaq xeyirdir” prinsipi ilə
dövlət qurumuna kələk gəlməyə çalışan bir sıra QHT təmsilçilərini bu əyri
yoldan çəkinməyə dəvət edirik.
Müsabiqələrdə qalib gəlmək üçün əsas tələb layihələrin yüksək
keyfiyyəti, ictimai faydalılığı və komandanın layihə idarəetmə bacarıqlarıdır.
İndi ekspertiza prosesləri tam gücü ilə davam edir. Biz 2026-cı ildə bir çox
uğurlu QHT layihələrinə şahidlik edəcəyik. Azərbaycan QHT-ləri artıq keyfiyyət
mərhələsi dövrünə daxil olub.
Rəylər
0 Rəy