Hümbət Hüseynov Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib
Quba şəhəri, Heydər Əliyev Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin
Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. Respublikanın bütün qəsəbə bələdiyyələrini
təmsil edən 94
nümayəndənin iştirakı ilə təşkil olunan tədbirdə Assosiasiyanın 2023–2024-cü
illər üzrə fəaliyyəti haqqında hesabat, Nəzarət-təftiş komissiyasının hesabatı,
həmçinin təşkilati və digər məsələlər müzakirə olunub.
Ümumi yığıncağın işində Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Ədliyyə
Nazirliyinin nümayəndələri, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli
Assosiasiyalarının rəhbərləri iştirak ediblər.
Təşkilati məsələlərin müzakirəsi çərçivəsində keçirilən səsvermə
nəticəsində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə
yekdilliklə yenidən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində
Azərbaycan nümayəndə heyətinin üzvü, texnika elmləri üzrə fəlsəfə doktoru,
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov seçilib.
Sədr seçildikdən sonra Hümbət Hüseynov göstərilən etimada görə təşəkkürünü bildirib və Assosiasiyanın qarşıdakı dövrdə qəsəbə bələdiyyələrinin institusional inkişafı, yerli özünüidarəetmənin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirəcəyini vurğulayıb.
Rəylər
0 Rəy