Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
Kənd bələdiyyələrinin sayı 1383-dən 513-ə endirilib
Göyçayda
ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən kənd bələdiyyələrini təmsil
edən 167 nümayəndənin iştirakı ilə Azərbaycan Kənd Bələdiyyələrinin Milli
Assosiasiyasının ümumi yığıncağı keçirilib.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, tədbirdə Assosiasiyanın 2023–2024-cü illərdə fəaliyyəti
haqqında hesabat, Nəzarət-təftiş komissiyasının hesabatı, eləcə də təşkilati və
digər məsələlər müzakirə olunub.
Yığıncaqda
qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu
siyasət bələdiyyə orqanlarının ictimai-siyasi həyata inteqrasiyasını da gücləndirib,
vətəndaşların yerli özünüidarəetmədə fəallığı artıb. Hesabat ilində Prezident
Administrasiyasının müvafiq şöbəsinin dəstəyi, həmçinin Milli Məclisin Regional
məsələlər komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və digər
qurumlarla birgə bələdiyyələrin daha səmərəli fəaliyyəti istiqamətində sistemli
tədbirlər həyata keçirilib, qabaqcıl təcrübələrin tətbiqi və qanunvericilik
bazasının təkmilləşdirilməsi davam etdirilib.
Bildirilib
ki, bələdiyyələrin iqtisadi potensialının artırılması məqsədilə fəaliyyətin əlaqələndirilməsi
gücləndirilib, “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” əsaslı şəkildə
yenilənib. İnzibati inteqrasiya və vergi-uçot sistemində aparılan
optimallaşdırma nəticəsində kənd bələdiyyələrinin büdcə daxilolmalarında əvvəlki
illərlə müqayisədə 18 faizədək artım qeydə alınıb.
Kənd
bələdiyyələri hesabat dövründə aztəminatlı ailələrə, qocalara, əlillərə,
valideyn himayəsindən məhrum uşaqlara, müharibə iştirakçıları və şəhid ailələrinə
sosial dəstək layihələri həyata keçirib, kənd təsərrüfatının prioritet sahələri
üzrə ailə-kəndli təsərrüfatlarının inkişafına yardım göstərib. Yerli əhəmiyyətli
problemlərin həlli istiqamətində real addımlar atılıb.
Qeyd
olunub ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi məqsədilə qəbul edilən
qanunvericilik aktlarına uyğun olaraq bələdiyyələrin birləşdirilməsi həyata
keçirilib. Potensialı zəif olan kiçik kənd bələdiyyələrinin birləşdirilməsi nəticəsində
ölkədə kənd bələdiyyələrinin sayı 1383-dən 513-ə endirilib. Bu ilin yanvarında
keçirilən seçkilər nəticəsində 685 bələdiyyə yenidən formalaşdırılıb.
Milli
Assosiasiya ötən dövrdə beynəlxalq təşkilatlarla, xarici ölkələrin bələdiyyələri
və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirib.
Yığıncaqda
vurğulanıb ki, Prezident İlham Əliyevin 2025-ci il 11 iyul tarixli Fərmanı ilə
Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə dövlət informasiya sistemi statusunun
verilməsi, sistemin fəaliyyətinin təşkilinə dair müəyyən edilən tələblər və
assosiasiyalara göstərilən etimad bələdiyyə fəaliyyətində şəffaflıq və
hesabatlılığın təmin olunmasına mühüm töhfə verəcək. Vahid informasiya
sisteminin tətbiqi korrupsiya hallarının qarşısının alınmasında da əhəmiyyətli
rol oynayacaq.
Ümumi
yığıncağın sonunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul
edilib. Bələdiyyələrin müasir çağırışlara uyğun fəaliyyətinin təmin olunması məqsədilə
maliyyə, kadr və texniki bazanın daha da gücləndirilməsi əsas istiqamətlər kimi
müəyyənləşdirilib.
Tədbirdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin, Ədliyyə Nazirliyinin, eləcə də Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri iştirak ediblər.
Rəylər
0 Rəy