Mədəni irsin qorunması ilə bağlı yanlışlar
Mədəni irsin qorunması cəmiyyətin öz keçmişi ilə münasibətinin
ən aydın göstəricilərindən biridir. Azərbaycanda bu sahədə aparılan müşahidələr
və araşdırmalar göstərir ki, nəzəri biliklər ilə gündəlik praktik qərarlar
arasında ciddi bir boşluq mövcuddur. Beynəlxalq sənədlərdə, xüsusən də Venesiya
Xartiyasında irsin yalnız fiziki deyil, eyni zamanda sosial, mədəni, vizual və
tarixi mühitlə birlikdə qorunmasının vacibliyi vurğulansa da, real vəziyyətdə
çox zaman yalnız abidənin “özünün” saxlanılması ilə kifayətlənilir. Dövründən
asılı olmayaraq abidəni əhatə edən arxeoloji qatlar, tarixi kontekst və yaşayış
mühiti isə ya nəzərə alınmır, ya da ikinci plana keçirilir.
Bu vəziyyətin əsas səbəblərindən biri mədəni irs sahəsində
geniş yayılmış, lakin yanlış olan təsəvvürlərdir. Təəssüf doğuran məqam odur
ki, bu yanlışlar təkcə adi vətəndaşların düşüncəsində deyil, bəzən alimlərin,
müəllimlərin, idarəçilərin, hüquq-mühafizə orqanlarının və qərar qəbul edən şəxslərin
yanaşmalarında da özünü göstərir. Nəticədə isə zərər çəkən yenə də abidələrimiz
olur və bu zərər çox vaxt geridönməz xarakter daşıyır.
Ən geniş yayılmış yanlışlardan biri arxeoloji irsin yalnız
arxeoloji abidələrdən ibarət olması fikridir. Halbuki arxeoloji irs anlayışı
daha geniş məzmun daşıyır və insanın ən qədim dövrlərdən bu günə qədər
buraxdığı bütün maddi izləri əhatə edir. Buraya təkcə qazıntı ilə üzə çıxarılan
obyektlər deyil, bütün dövrlərə aid memarlıq və xatirə abidələri, yaşayış yerləri
və insan fəaliyyətinin izləri daxildir. Bu yanaşma sadəcə elmi mövqe deyil, Azərbaycan
Respublikasının “Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyasına
qoşulmaq haqqında” Qanununda da açıq şəkildə təsbit olunmuş hüquqi normadır.
Qanunda bəşəriyyətin keçmiş dövrlərə aid olan bütün qalıqları və obyektləri
arxeoloji irs elementləri kimi qəbul edilir ki, bu da digər adı ilə Valetta
Konvensiyasının ruhuna tam uyğundur.
Digər bir yanlış təsəvvür arxeoloji irsin yalnız yerin
altında və ya suyun dibində mövcud olması ilə bağlıdır. Əslində arxeoloji irs
bütöv bir anlayışdır və həm quruda, həm də su altında yerləşən irs nümunələrini,
eləcə də yerüstü memarlıq və xatirə abidələrini əhatə edir. Hətta beynəlxalq
elmi mühitdə artıq insan fəaliyyətinin Ay üzərində qoyduğu izlər belə arxeoloji
irs kontekstində müzakirə olunur. Bu fakt arxeoloji irsin statik deyil, dəyişən
və genişlənən bir anlayış olduğunu göstərir. Azərbaycan qanunvericiliyində də
bu yanaşma aydın ifadə olunur və arxeoloji irsin təkcə obyektləri deyil, onları
əhatə edən məkanın da qorunmalı olduğu vurğulanır.
Bəzən elə düşünülür ki, arxeoloji irs yalnız qazıntı yolu ilə
öyrənilə bilər. Bu da köklü bir yanlışlıqdır. Arxeoloji qazıntı sadəcə
arxeoloji tədqiqat metodlarından biridir və müasir elmdə ən dağıdıcı üsullardan
biri hesab olunur. Buna görə də hər zaman əsas seçim kimi götürülmür. Müasir
arxeologiya qeyri-dağıdıcı metodlara, sənədləşdirməyə, arxiv araşdırmalarına,
texnoloji vasitələrə və müxtəlif elmilərin birgə yanaşmalarınaa üstünlük verir.
Arxeoloji tədqiqatın əsas dəyəri ondan ibarətdir ki, bu proses nəticəsində
hazırlanmış hesabatlar yerli və beynəlxalq səviyyədə əlçatan olur, elmi məqalələr
yazılır və əldə edilən bilik qlobal elmi dövriyyəyə daxil edilir. Azərbaycan
qanunvericiliyi də dağıdıcı olmayan üsulların imkan daxilində üstün tutulmasını
dövlətin öhdəliyi kimi müəyyən edir.
Ən təhlükəli yanlışlardan biri isə bərpa və konservasiya işləri
aparılan abidələrdə arxeoloji tədqiqata və arxeoloqun rəyinə ehtiyac olmadığı
düşüncəsidir. Halbuki istər bərpa olunan hər bir abidədə, istər tarixi şəhər və
kəndlərdə, istərsə də açıq ərazilərdə həyata keçirilən inkişaf və infrastruktur
layihələrində arxeoloji tədqiqat mütləqdir. Əks halda yalnız arxeologiyanın
elmi metodları ilə aşkar edilə bilən daşınar və daşınmaz irs nümunələri məhv
edilir və bu itkilər sonradan bərpa oluna bilmir. Qanunvericilik arxeoloqların
planlaşdırma və inkişaf proseslərinə cəlb edilməsini dövlətin birbaşa öhdəliyi
kimi müəyyən edir və bu tələbin gözardı edilməsi ciddi fəsadlara yol açır.
Bu kontekstdə tez-tez qarışdırılan Azərbaycan
Respublikasının “Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyasına
qoşulmaq haqqında” Qanunu kimi beynəlxalq sənəd ilə “Azərbaycan Respublikasının
Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunu kimi yerli qanun
arasındakı fərqi də anlamaq vacibdir. Birincisi qlobal təcrübəyə əsaslanan və dəyişdirilməyən
beynəlxalq sənəddir, ikincisi isə yerli qanundur və dəfələrlə (70 dəfədən çox)
dəyişdirilib. Hətta yerli qanunun özündə belə ziddiyyət yarandığı halda beynəlxalq
sənədin əsas götürülməli olduğu açıq şəkildə qeyd olunur.
Nəticə etibarilə mədəni irsin qorunması yalnız abidəni
fiziki olaraq saxlamaqdan ibarət deyil. Bu, bilik, məsuliyyət və elmi yanaşma tələb
edən bir prosesdir. Doğru bilinən yanlışlardan imtina etmədikcə və irsə bütöv şəkildə
yanaşmadıqca, qoruduğumuzu düşündüyümüz dəyərləri əslində öz əlimizlə itirməyə
davam edəcəyik.
Fariz Xəlilli,
tarix üzrə fəlsəfə doktoru
https://axar.az/news/kult/1045293.html
Rəylər
0 Rəy