Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub
Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin
2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Siyavuş Novruzov ötən
il dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi,
siyasi, logistika, sosial, ordu quruculuğu və tikinti sahələrində, o cümlədən
işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlərdən bəhs
edib, dövlətimizin beynəlxalq arenada daha da artan nüfuzunu vurğulayıb.
Sonra gündəliyə daxil olan məsələlər – 2025-ci ilin payız
sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat
və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim
edilib. Bildirilib ki, 2025-ci ilin payız sessiyası ərzində Regional məsələlər
komitəsinin 7 iclası keçirilib, müvafiq komitələrlə birlikdə “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə
olunub. O, sessiya müddətində komitənin müvafiq dövlət orqanları və Milli Məclis
Aparatının müvafiq şöbələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli fəaliyyət
göstərdiyini qeyd edib.
Məlumat verilib ki, ötən sessiya dövründə ümumilikdə komitəyə
vətəndaşlardan 1267 müraciət daxil olub, bunlardan bir qisminin icrası təmin
edilib, digər qismi isə baxılması üçün aidiyyəti orqanlara göndərilib. Komitə sədri
bildirib ki, seçicilərlə Milli Məclisdə və yerlərdə qəbullar keçirilib, müraciətlər
dinlənilib və zəruri izahatlar verilib.
Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyası
üçün iş planı layihəsi barədə məlumat verən Siyavuş Novruzov qeyd edib ki, gələn
sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri
müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək və aidiyyəti
dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.
Müzakirələr zamanı Regional məsələlər komitəsinin üzvləri
Aydın Mirzəzadə, Vasif Qafarov, Elman Məmmədov, Arzuxan Əlizadə, Kamran
Bayramov, Elşən Musayev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli
Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli
Assosiasiyasının sədri Hümbət Hüseynov və ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma
və İnnovasiya Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Adil Əhmədov çıxış
edərək məsələlərlə bağlı fikirlərini söyləyib, təkliflərini irəli sürüblər.
Tədbirdə komitənin 2025-ci ilin payız sessiyasında gördüyü
işlər məqbul hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulan iş
planının layihəsi təsdiqlənib.





Rəylər
0 Rəy