Hesabat yığıncağında bələdiyyə sədri də çıxış edib
Şabran rayonunda 2025-ci ildə görülmüş işlər və 2026-cı ildə qarşıda duran məsələlər ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif
Hüseynov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin
sektor müdiri Habil Əzənmədov, millət vəkili Mahir Süleymanlı, YAP Şabran rayon
təşkilatının sədri Mehdi Balabəyov, rayonda formalaşan bələdiyyələrin
sədrləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin
abidəsini ziyarət edərək onun əziz xatirəsini yad etmişdir.
Öz işinə Şabran Rayon İcra Hakimiyyətinin inzibati binasında
davam edən tədbiri giriş sözü ilə açan Asif Hüseynov qonaqları salamlamış və
geniş məruzə nitqi ilə çıxış etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında 2025-ci il ərzində ölkəmizdə bütün sahələrdə nəzərəçarpan inkişafın ötən
illərlə müqayisədə artan templə davam etdiyini vurğulayan Asif Hüseynov
bildirmişdir ki, bu inkişaf Şabran rayonunda da bütün sahələrdə hiss
olunmuşdur.
2025-ci ilin aprel ayında Şabran rayonunun ərazisindən keçən
çaylarda sel daşqını nəticəsində rayonda yaşayış evlərinə, təsərrüfatlara, eləcə
də infrastruktura dəymiş ciddi ziyanın aradan qaldırılması ilə bağlı müxtəlif
qurumların gördüyü işlər barədə məlumat verilib. Müvafiq qurumlar tərəfindən
ilkin mərhələdə evinə ciddi ziyan dəymiş 17 rayon vətəndaşı üçün fərdi mənzillərin
tikintisinə başlanılıb.
Asif Hüseynov möhtərəm cənab Prezident İlham Əliyevin müəyyən
etdiyi inkişaf strategiyası əsasında 2026-cı il ərzində Şabran rayonunda görüləcək
işlərlə bağlı ətraflı məlumat vermişdir.
Daha sonra çıxış edən Habil Əzənmədov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə bütün sahələrdə davamlı həyata keçirilən inkişaf, eləcə də Zəfər Ordusunun
formalaşmasına səbəb olmuş effektiv ordu quruculuğu siyasətinin mahiyyəti
olduqca əzəmətlidir.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində
qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox
şəhər və kənd işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və
noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atılmadan, qan tökülmədən
geri qaytarıldı.
Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası
və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident
İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən
müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və
ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Daha sonra çıxış edən millət vəkili Mahir Süleymanlı
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə,
milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdiyini
qeyd etmişdir. O bildirdi ki, dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan
Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Eyni zamanda ölkə başçısı tərəfindən
daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı
rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə yaradıcı
gəncliyin formalaşmasına şərait yaradır. Gənclərin potensialından səmərəli
istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən
fundamental faktorlardan biridir.
Daha sonra çıxış edən Mehdi Balabəyov vurğuladı ki, Cənubi
Qafqazda regional təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın
rolu böyüyür. Prezident Əliyevin sülh gündəliyi, Ermənistanla normallaşma
danışıqları, regional əməkdaşlıq platformalarının yaradılması və çoxtərəfli təhlükəsizlik
mexanizmlərinin inkişafı regionun gələcəyini müəyyən edən proseslərdir. 2025-ci
ildə bu istiqamətdə atılan addımlar regionun uzunmüddətli sabitliyinin və tərəqqisinin
təməlini qoyur. Azərbaycanın konstruktiv yanaşması regional əməkdaşlıq
platformalarının yaradılmasına, nəqliyyat-kommunikasiya şəbəkələrinin
inteqrasiyasına və iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verir.
Çıxış üçün söz verilən Şabran Rayon İcra Hakimiyyəti
başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Orxan Kərimov,
Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Şabran Su Meliorasiya Sistemlərinin
İstismarı İdarəsinin rəisi Vidadi Novruzov rəhbərlik etdiyi sahələr üzrə
2025-ci il ərzində görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr barədə
məruzə ilə çıxış etmişlər.
Daha sonra yığıncaq iştirakçılarının Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə olan müraciəti oxunmuşdur.
Tədbirin sonunda rayonun bir sıra sahələrində öz fəaliyyətləri ilə fərqlənən bir qrup şəxs Şabran Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.
Rəylər
0 Rəy