Bələdiyyə sədri “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsinin qonağı olub
“Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsinin qonağı Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov oldu.
Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib. Məşğələ Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənclər arasında daha dərindən təbliği, onun formalaşdırdığı siyasi və ideoloji xəttin yeni nəsillərə aşılanması məqsədilə təşkil olunub.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Məşğələnin qonağı Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov olub. Görüş YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında baş tutub. Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədri, YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynov və müxtəlif istiqamətlərdə fəaliyyət göstərən gənclər iştirak ediblər.
Adil Xudadatov çıxışında Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmə modelinin yaradılması, bələdiyyə institutunun formalaşması və inkişafı sahəsində gördüyü işləri geniş təhlil edib. O qeyd edib ki, müasir bələdiyyə idarəçiliyinin təməli məhz Ulu Öndərin siyasi iradəsi və strateji baxışları nəticəsində qoyulub:
“Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin hüquqi-siyasi bazasını formalaşdırmaqla ölkədə demokratik idarəçilik mexanizmlərinin inkişafına yeni nəfəs gətirdi. Bələdiyyələrin yaradılması yalnız idarəetmə modelinin yenilənməsi deyil, həm də vətəndaşların yerli səviyyədə qərarların qəbulu prosesinə cəlb olunması, iştirakçılıq institutunun gücləndirilməsi demək idi.”
O bildirib ki, bu gün Sumqayıt şəhərində həyata keçirilən sosial-iqtisadi layihələr, infrastruktur yenilikləri, ətraf mühitin mühafizəsi, ictimai xidmətlərin təkmilləşdirilməsi və şəhər məkanının modernləşdirilməsi istiqamətində görülən işlərin əsas konseptual xətti Heydər Əliyev tərəfindən müəyyən olunmuş idarəetmə fəlsəfəsinə dayanır.
Rəylər
0 Rəy