Su mənbələri hər bir ölkə üçün çox önəmlidir
Yanvarın
12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron
yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə
həsr olunan müşavirə keçirilib. Həmin gün həmçinin dövlət başçısının Sərəncamı
ilə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və
tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün
Dövlət Proqramı" təsdiq edildi.
Qeyd
olunan Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı və tullantı
suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar
zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının
gücləndirilməsi məqsədilə hazırlanıb. Göründüyü kimi Proqram iki əsas mərhələdən
ibarət olacaq və hər iki mərhələ də ölkənin su təchizatını daha dayanıqlı və
ekoloji cəhətdən təhlükəsiz hala gətirməyi hədəfləyir.
2026−2030-cü
illəri əhatə edən birinci mərhələdə mövcud su və kanalizasiya şəbəkələrinin
yenilənməsi və təmiri üzərində cəmləşəcək. Bu müddət ərzində yağış sularının
idarə olunması və tullantı sularının təkrar istifadəsi üçün müasir
texnologiyalar tətbiq ediləcək. Eyni zamanda, "ağıllı su şəbəkələri"
qurulacaq və su şəbəkələrindəki itkilərin aşkarlanması məqsədilə innovativ həllər
təqdim ediləcəkdir.
2031−2035-ci
illəri əhatə edən ikinci mərhələ isə su təchizatının fasiləsizliyini təmin etmək
məqsədilə yeni su anbarları və nasos stansiyalarının inşasına yönələcək. Bu mərhələdə
həmçinin su təchizatı və kanalizasiya şəbəkələrinin daha da genişləndirilməsi və
təkmilləşdirilməsi nəzərdə tutulur. Proqramın uzunmüddətli məqsədi Bakı şəhərinin
Baş Planı ilə uzlaşdırılaraq, müasir su təchizatı xidmətlərinin göstərilməsi və
ölkənin su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaqdır.
Müşavirədə
də qeyd olunduğu kimi bu gün qarşıda duran problemlərdin biri su itkiləri ilə
bağlıdır. Əhalinin artması, sənaye və digər istehsal sahələrinin genişlənməsi təbii
ki, suya olan tələbatı artırır. Bununla əlaqədar hazırda 40-45 faiz təşkil edən
itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir və proqramın icrası nəticəsində
bu, kəskin azalmalıdır.
Prezident
İlham Əliyev müşavirədəki çıxışında paytaxt Bakı şəhərinin kanalizasiya məsələsinə
xüsusi toxunub. Bildirilib ki, bu gün əhalinin 50 faizinə kanalizasiya xidməti
göstərilir və Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan
yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi
problemlər yaşanır. Dövlətimizin başçısı əlavə edib ki, "yağış sularının
idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və
bunun çox böyük faydası olacaq".
"Dövlət
başçısı onu da qeyd edib ki, Xəzər dənizinin çirklənməsinin qarşını almağın əsas
amillərindən biri kimi dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Eyni
zamnda dövlət başçısı əlavə edib ki, Abşeron yarımadasının su təchizatını
yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək".
Bir
sözlə Dövlət Proqramının tədbirlər planı su təchizatı və tullantı sularının
idarə olunması sistemlərinin inkişafı, su sektorunda təbii fəlakət risklərinin
və ekoloji dayanıqlığın idarə edilməsinin təmini və su sektorunda innovasiya və
rəqəmsallaşması kimi üç əsas prioriteti özündə əks etdirir.
Bu
gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri icra edilir. Son
beş ildə bir neçə önəmli layihə başa çatıb. Onlardan biri “Sərsəng” su
anbarıdır. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su
anbarlarından biridir. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi,
vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su
terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının
bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər
yaradırdı. Bu gün isə “Suqovuşan” və “Sərsəng” su anbarları tamamilə yenidən
qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay”, Ağdam
rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən
qurulmuş “Zabuxçay” su anbarı artıq istismardadır. Azad edilmiş ərazilərdə daha
iki böyük su anbarının - “Həkəriçay” və “Bərgüşadçay”ın tikintisi də nəzərdə
tutulur və artıq hazırlıq işləri gedir. Bütünü bunlar bir daha sübut edir ki,
su mənbələri hər bir ölkə üçün çox önəmlidir.
Prezident
İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən Bakı və Bakıətrafı qəsəbələrin,
həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının
uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirdi.
Əminliklə deyə bilərik ki, bu Proqramında icrası uğurla başa çatacaqdır.
Hümbət
Hüseynov
Azərbaycan
Qəsəbə Bələdiyyələrinin Milli Assosasiynın sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin
sədri
Rəylər
0 Rəy