Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-06-2026 , 12:40

835

Son xəbərlər

Bütün xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Milli Qurtuluş Günü – ölkəmizin siyasi sabitliyə, milli həmrəyliyə və inkişaf yoluna qədəm qoymasının rəmzi kimi qeyd olunur

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyət daşıyan, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ilə bağlı taleyüklü hadisələri özündə əks etdirən əlamətdar gündür. Bu tarix ölkəmizin siyasi sabitliyə, milli həmrəyliyə və inkişaf yoluna qədəm qoymasının rəmzi kimi qeyd olunur. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb siyasi və iqtisadi problemlərlə üzləşmişdi. Ölkədə daxili qarşıdurmalar, idarəetmə böhranı, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış ağır vəziyyət dövlətçiliyin gələcəyini ciddi təhlükə altına salmışdı. Xüsusilə 1993-cü ilin iyun ayında baş verən hadisələr Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə siyasi sabitliyin bərpasının, dövlət idarəçiliyində dönüşün və milli qurtuluş prosesinin başlanğıcı kimi tarixə düşdü. Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, qanunçuluğun və hüquqi dövlət quruculuğunun əsasları yaradıldı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan kurs formalaşdırıldı. Sonrakı illərdə əldə olunan iqtisadi nailiyyətlər, neft strategiyasının uğurla həyata keçirilməsi və ölkənin davamlı inkişafı məhz həmin dövrdə qoyulan möhkəm təməllər üzərində quruldu.

Milli Qurtuluş Günü yalnız tarixi hadisənin ildönümü deyil, həm də dövlətçilik ənənələrinin, milli birliyin və xalqın öz gələcəyinə sahib çıxmaq əzminin təcəssümüdür. Bu gün Azərbaycan vətəndaşları həmin dövrün dərslərini xatırlayaraq müstəqilliyin, sabitliyin və inkişafın dəyərini bir daha dərk edirlər.

Bu gün ölkəmiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində regionun güclü dövlətlərindən birinə çevrilmiş, milli maraqlarını qətiyyətlə təmin edən və beynəlxalq aləmdə söz sahibi olan ölkə kimi tanınmışdır. Əldə olunan uğurların təməlində isə 1993-cü ildə başlanmış qurtuluş yolu dayanır.

Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik ideallarına sadiqliyini nümayiş etdirən mühüm tarixi gündür. Bu əlamətdar tarix müstəqil Azərbaycanın keçdiyi şərəfli yolun və gələcək inkişafının etibarlı əsaslarının simvolu olaraq daim ehtiramla yad edilir.

Təbriz Ağayev

Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədr müavini 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər