Elşad Vəliyev: “Qələbəmiz sarsılmaz birliyin və həmrəyliyin nəticəsi oldu”
Bu gün xalqımız tariximizin qızıl hərflərlə yazılmış möhtəşəm səhifələrindən biri olan Zəfər Gününün sevincini və qürurunu yaşayır. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, sarsılmaz birliyinin, qəhrəmanlığının və Vətən sevgisinin təntənəsidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında
sıx birləşən xalqımız rəşadətli ordumuzun qəhrəman oğulları ilə birlikdə tarixi
Qələbəyə imza atdı. Xalqımızın dəmir yumruq kimi birləşməsi, ordumuzun misilsiz
şücaəti və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti bizi
bu möhtəşəm Zəfərə qovuşdurdu. Tarixi Qələbəmiz məhz bu sarsılmaz birliyin və həmrəyliyin
nəticəsi oldu.
Təxminən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan
doğma torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa
olundu. Bu tarixi Qələbə bir daha sübut etdi ki, xalq və dövlət bir yumruq kimi
birləşdikdə qarşısında heç bir qüvvə dayana bilməz.
Bu fikirləri Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev Xətai
rayonundan olan şəhid ailələri və qazilərlə keçirilən görüşdə səsləndirib.
180 nəfərin iştirak etdiyi tədbirdə bələdiyyə sədri qeyd
edib ki, Xətai bələdiyyəsinin hər bir üzvü və qulluqçusu bu şanlı Zəfərin
qazanılması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin
ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə minnətdarlığını
bildirir. Onların qəhrəmanlığı və fədakarlığı heç vaxt unudulmayacaq.
Tədbirin sonunda hər bir şəhid və qazi ailəsinə Xətai RİH-in təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə hazırlanan xatirə hədiyyələri təqdim edilib.
Belediyye.info
Rəylər
0 Rəy