Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-11-2026 , 23:53

171

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Paytaxtın üç bələdiyyəsindəki geriləmə kimləri narahat etməlidir?

Bakı şəhərində fəaliyyət göstərən 45 bələdiyyənin 10 aylıq büdcə daxilolmalarının təhlili göstərir ki, onların üçündə – Qızıldaş, Pirallahı və Səngəçal bələdiyyələrində ciddi geriləmə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Qızıldaş bələdiyyəsinin gəlirləri 31 faiz, Pirallahı bələdiyyəsinin gəlirləri 49 faiz, Səngəçal bələdiyyəsinin gəlirləri isə 84 faiz azalıb.

Belə ki, Qızıldaş bələdiyyəsi 2025-ci ilin ilk 10 ayında əldə etdiyi 44 357 manat gəlirə qarşı cari ilin eyni dövründə cəmi 33 835 manat vəsait toplayıb. Pirallahı bələdiyyəsinin gəlirləri isə ötən ilin 74 152 manatlıq göstəricisinə qarşı cari ildə 49 655 manat təşkil edib.

Ən narahatedici vəziyyət Səngəçal bələdiyyəsində müşahidə olunur. Ötən ilin ilk 10 ayında 3 103 manat təşkil edən yerli vergi daxilolmaları cari ilin eyni dövründə 1 679 manata düşüb. Bu isə aylıq orta hesabla cəmi 167 manat 90 qəpik vergi toplanması deməkdir.

Əsas sual budur: bələdiyyələr mövcud maliyyə potensialından niyə lazımi səviyyədə istifadə edə bilmirlər?

Azərbaycan Respublikasının Konstitusiyası, «Bələdiyyələrin statusu haqqında» və «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» qanunlar yerli özünüidarəetmə orqanlarının hüquq və vəzifələrini, o cümlədən yerli büdcələrin formalaşdırılması prinsiplərini müəyyən edir. Yerli vergi və ödənişlərin uçotunun aparılması, qanunvericiliyə uyğun şəkildə büdcəyə cəlb edilməsi bələdiyyələrin mühüm vəzifələrindəndir.

Əlbəttə, gəlirlərin azalmasını yalnız bələdiyyə rəhbərliyinin fəaliyyəti ilə əlaqələndirmək düzgün olmazdı. Vergi bazasının daralması, ödəyicilərin sayının dəyişməsi, daşınmaz əmlak və torpaq sahələrinin uçotundakı problemlər də bu prosesə təsir göstərə bilər. Lakin bütün hallarda geriləmənin səbəbləri araşdırılmalı, mövcud vəziyyətə aydınlıq gətirilməlidir.

Səngəçal bələdiyyəsində vəziyyətin daha da düşündürücü tərəfi isə 2025-ci ilin yanvar ayında keçirilən bələdiyyə seçkilərindən sonra formalaşmış 11 nəfərlik tərkibdə ötən müddət ərzində bir neçə dəfə sədr dəyişikliyinin baş verməsidir. Təbii ki, belə dəyişikliklərin idarəetmənin davamlılığına və maliyyə fəaliyyətinə təsiri də təhlil olunmalıdır. Unutmaq olmaz ki, bələdiyyənin fəaliyyəti və yerli büdcənin icrası yalnız sədrin deyil, qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində bütün bələdiyyə üzvlərinin diqqət mərkəzində olmalıdır.

Hesab edirik ki, hər üç bələdiyyədə gəlirlərin azalmasının səbəbləri ətraflı araşdırılmalı, vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotu dəqiqləşdirilməli, vergi borclarının yığılması və büdcə daxilolmalarının artırılması istiqamətində konkret tədbirlər görülməlidir. Eyni zamanda, büdcənin icrası ilə bağlı ictimaiyyətə müntəzəm məlumat verilməsi və şəffaflığın təmin olunması vacibdir.

Müvafiq qurumlar, xüsusilə də adıçəkilən bələdiyyələrin fəaliyyət göstərdiyi rayonların icra hakimiyyəti başçıları bu vəziyyətə biganə qalmamalıdırlar. Bələdiyyələrin müstəqilliyinə hörmətlə yanaşmaqla yanaşı, onların fəaliyyətinin səmərəliliyinin artırılması üçün qanunvericilik çərçivəsində müvafiq dəstək və tövsiyə mexanizmləri gücləndirilməlidir.

Nəticə etibarilə, mövcud vəziyyət hər bir bələdiyyə üzvünü, bələdiyyə sədrini və rayonun rəhbərliyini ciddi şəkildə düşündürməlidir. Üç bələdiyyədə büdcə gəlirlərinin bu dərəcədə azalması adi statistik göstərici kimi qəbul edilməməlidir. Birgə müzakirələr aparılmalı, problemlərin səbəbləri açıq şəkildə müəyyənləşdirilməli və mövcud vəziyyətdən çıxış yolları tapılmalıdır.

Çünki güclü yerli özünüidarəetmənin əsas şərtlərindən biri maliyyə dayanıqlığı, şəffaflıq və məsuliyyətli idarəçilikdir. Bu gün atılacaq addımlar sabah bələdiyyələrin fəaliyyət imkanlarının qorunmasına və əhalinin problemlərinin həllinə xidmət etməlidir!

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər