Paytaxtın üç bələdiyyəsindəki geriləmə kimləri narahat etməlidir?
Bakı şəhərində fəaliyyət göstərən 45 bələdiyyənin 10 aylıq büdcə daxilolmalarının təhlili göstərir ki, onların üçündə – Qızıldaş, Pirallahı və Səngəçal bələdiyyələrində ciddi geriləmə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Qızıldaş bələdiyyəsinin gəlirləri 31 faiz, Pirallahı bələdiyyəsinin gəlirləri 49 faiz, Səngəçal bələdiyyəsinin gəlirləri isə 84 faiz azalıb.
Belə
ki, Qızıldaş bələdiyyəsi 2025-ci ilin ilk 10 ayında əldə etdiyi 44 357 manat gəlirə
qarşı cari ilin eyni dövründə cəmi 33 835 manat vəsait toplayıb. Pirallahı bələdiyyəsinin
gəlirləri isə ötən ilin 74 152 manatlıq göstəricisinə qarşı cari ildə 49 655
manat təşkil edib.
Ən
narahatedici vəziyyət Səngəçal bələdiyyəsində müşahidə olunur. Ötən ilin ilk 10
ayında 3 103 manat təşkil edən yerli vergi daxilolmaları cari ilin eyni dövründə
1 679 manata düşüb. Bu isə aylıq orta hesabla cəmi 167 manat 90 qəpik vergi
toplanması deməkdir.
Əsas
sual budur: bələdiyyələr mövcud maliyyə potensialından niyə lazımi səviyyədə
istifadə edə bilmirlər?
Azərbaycan
Respublikasının Konstitusiyası, «Bələdiyyələrin statusu haqqında» və «Bələdiyyələrin
maliyyəsinin əsasları haqqında» qanunlar yerli özünüidarəetmə orqanlarının
hüquq və vəzifələrini, o cümlədən yerli büdcələrin formalaşdırılması prinsiplərini
müəyyən edir. Yerli vergi və ödənişlərin uçotunun aparılması, qanunvericiliyə
uyğun şəkildə büdcəyə cəlb edilməsi bələdiyyələrin mühüm vəzifələrindəndir.
Əlbəttə,
gəlirlərin azalmasını yalnız bələdiyyə rəhbərliyinin fəaliyyəti ilə əlaqələndirmək
düzgün olmazdı. Vergi bazasının daralması, ödəyicilərin sayının dəyişməsi,
daşınmaz əmlak və torpaq sahələrinin uçotundakı problemlər də bu prosesə təsir
göstərə bilər. Lakin bütün hallarda geriləmənin səbəbləri araşdırılmalı, mövcud
vəziyyətə aydınlıq gətirilməlidir.
Səngəçal
bələdiyyəsində vəziyyətin daha da düşündürücü tərəfi isə 2025-ci ilin yanvar
ayında keçirilən bələdiyyə seçkilərindən sonra formalaşmış 11 nəfərlik tərkibdə
ötən müddət ərzində bir neçə dəfə sədr dəyişikliyinin baş verməsidir. Təbii ki,
belə dəyişikliklərin idarəetmənin davamlılığına və maliyyə fəaliyyətinə təsiri
də təhlil olunmalıdır. Unutmaq olmaz ki, bələdiyyənin fəaliyyəti və yerli büdcənin
icrası yalnız sədrin deyil, qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində
bütün bələdiyyə üzvlərinin diqqət mərkəzində olmalıdır.
Hesab
edirik ki, hər üç bələdiyyədə gəlirlərin azalmasının səbəbləri ətraflı
araşdırılmalı, vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotu dəqiqləşdirilməli,
vergi borclarının yığılması və büdcə daxilolmalarının artırılması istiqamətində
konkret tədbirlər görülməlidir. Eyni zamanda, büdcənin icrası ilə bağlı
ictimaiyyətə müntəzəm məlumat verilməsi və şəffaflığın təmin olunması vacibdir.
Müvafiq
qurumlar, xüsusilə də adıçəkilən bələdiyyələrin fəaliyyət göstərdiyi rayonların
icra hakimiyyəti başçıları bu vəziyyətə biganə qalmamalıdırlar. Bələdiyyələrin
müstəqilliyinə hörmətlə yanaşmaqla yanaşı, onların fəaliyyətinin səmərəliliyinin
artırılması üçün qanunvericilik çərçivəsində müvafiq dəstək və tövsiyə
mexanizmləri gücləndirilməlidir.
Nəticə
etibarilə, mövcud vəziyyət hər bir bələdiyyə üzvünü, bələdiyyə sədrini və
rayonun rəhbərliyini ciddi şəkildə düşündürməlidir. Üç bələdiyyədə büdcə gəlirlərinin
bu dərəcədə azalması adi statistik göstərici kimi qəbul edilməməlidir. Birgə
müzakirələr aparılmalı, problemlərin səbəbləri açıq şəkildə müəyyənləşdirilməli
və mövcud vəziyyətdən çıxış yolları tapılmalıdır.
Çünki
güclü yerli özünüidarəetmənin əsas şərtlərindən biri maliyyə dayanıqlığı, şəffaflıq
və məsuliyyətli idarəçilikdir. Bu gün atılacaq addımlar sabah bələdiyyələrin fəaliyyət
imkanlarının qorunmasına və əhalinin problemlərinin həllinə xidmət etməlidir!
Vüqar
Tofiqli
Rəylər
0 Rəy