Əmlak Məsələləri Dövlət Xidmətinin “imtina dalğası”
BƏLƏDİYYƏLƏR BU DALĞANIN BİTƏCƏYİ GÜNÜ SƏBRSİZLİKLƏ GÖZLƏYİR
Adının çəkmək istəmədiyim bir rayon bələdiyyələrinin mülkiyyətin
tanıtdırılması ilə bağlı ilkin olaraq
Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumuna etdiyi 52 müraciətin
49 -na imtina cavabı verilib. Bu günlərdə öyrəndim. Bəzən eyni ərazi üzrə edilən
müraciətə doqquz dəfə imtina cavabı verilib. Mən deməsəm də, ƏMDX rəsmiləri öz
məlumat sisteminə baxmaqla, habelə il ərzində verdikləri imtina cavablarının təhlilini
aparmaqla yaranan çoxsaylı suallara həm də cavab tapa bilərlər.
Diqqətimi çəkən məqam ondadır ki, bəzən eyni müraciət üzrə
verilən imtina cavablarını özləri
oxuyublarmı? Cavabı yazan şəxs verilən
standart və şablon cavabların 90 faizinin həqiqəti əks etdirmədiyindən heç
olmasa, yüngül desəm, narahatlıq hissi çəkirmi? Və cavablara imza atanlar
bilirmi ki, bu qədər imtina cavablarının verilməsi əslində vətəndaşı bələdiyyədən,
bələdiyyəni də ƏMDX -dən narazı salmaqla ölkəmizdə formalaşan ümumi siyasi
mühitə öz mənfi təsirini göstərmiş olurlar. İmtina cavablarını yazan
dostlarımız bunu göz önünə heç gətiriblərmi?
Müşahidəm göstərir ki, gətirməyiblər. Gətirsəydilər, “imtina dalğası” hələ
də davam etməzdi. Nə isə…
Ötən ildən qiymətləndirmə ilə bağlı məsələni ortaya atıb bir
azda istər vətəndaşın, istərsə də bələdiyyənin
xərclərini artırdılar. Olsun. Hər kəs düşündü ki, daha bundan sonra problem öz
həllini tapacaq. Amma bu dəfə əksinə, ƏMDX -nin təşəbbüsü ilə edilən bu dəyişikliyə
indi özləri narazılıq edirlər. Niyə, nəyə görə, məgər bu təklifi irəli sürəndə
belə narazılıq yaradacaq məqamlar nəzərə alınmamışdımı?
Üstəlik məni maraqlandırır ki, bu qurumlarda nə vaxt mövcud
xəritələr eyniləşdiriləcək. Niyə ölkəmizdə bu günədək bələdiyyələrində istifadə
edə biləcəyi vahid elektron xəritə
sistemi yoxdur. Yeri gələndə ƏMDX-nin qurumları hər biri özlərində olan xəritələrə istinadən cavab
verirlər. Bir də özlərində olan xəritələrdə
dürüstləşdirmə nə vaxt başa çatacaq? Bu dürüstləşdirmənin vətəndaşa və bələdiyyəyə
nə qədər “baha başa” gəldiyindən kimlərinsə xəbəri varmı? Belə olmaz axı.
Fəaliyyətinin ikinci ilini yaşayan Qiymətləndirmə Palatası
da əslində üzərinə düşən yükün öhdəsindən, hiss olunur ki, gələ bilmir. Gəlsəydi
öz üzvlərinin qiymət rəylərinə verilən imtina cavablarına öz arqumentləri ilə cavab verib
problemin həllinə nail olardılar. Bununla
bağlı Qiymətləndirmə Palatasının susqunluq nümayiş etdirməsi də istər-istəməz
narahatlıq yaradır.
Maraqlıdır , ƏMDX-də
çalışanlar nazirlik statusunda olan bir qurumun bu gün xidmət səviyyəsinə
düşməsinin hansı səbəbdən olduğunu bilirlərmi. Niyə bələdiyyə torpaqları üzərində
hüquqlarının dövlət qeydiyyatına alınmasında bürokratik amillərin aradan
qaldırılması ilə bağlı indiyədək ciddi addım atılmır?
Bələdiyyə torpaqları üzərində hüquqlarının dövlət
qeydiyyatına alınmasında Əmlak Məsələləri Dövlət Xidmətinin yaratdığı
bürokratik amillərin mövcudluğu və qiymətləndirmə ilə bağlı olan məqamlardakı
əngəllərin olması bələdiyyə torpaqlarının sənədləşdirilmə prosesinə ciddi təsir
edir ki, bu hal dolayısıilə büdcə gəlirlərinin
artmasına problem yaradır. Sonda
həm vətəndaş, həm də bələdiyyə itirir. Nəticədə isə narazılıq yaranır. Unutmayın
ki, hər bir imtina cavabı vətəndaşın hansısa arzusunu gözündə qoyur. Xahiş edirəm
ƏMDX-də çalışanlar bundan sonra fəaliyyətlərində bu məqamı nəzərə alsınlar.
Və son sual, ƏMDX-də qəbul edilən daxili qərarlarda və ya irəli
sürdükləri təkliflərdə niyə bələdiyyələrində maraqları nəzərə alınmır.
Belə başa düşmək olar ki, ƏMDX -də çalışanlar gedib səs
verdikləri qurumu tanımaq belə istəmirlər,
sanki bələdiyyəni özlərinə alternativ qurum hesab edirlər. Fikrimcə, bu sualın
başqa cavabı yoxdur. Nə isə…. Gözləyək…
Vüqar Tofiqli
Rəylər
0 Rəy