Rəqəmsal İnkişaf Konsepsiyası və bələdiyyələrin fəaliyyət istiqamətləri
Adil Əhmədov
(ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Direktoru)
Son illər ərzində Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində “elektron hökumət”in formalaşması, elektron imzanın tətbiqi, dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi ilə bağlı mühüm addımlar atılmışdır. Bu məqsədlə “Elektron Hökumət İnformasiya Sistemi” (EHİS) yenilənmiş, onun Əsasnaməsi təsdiq edilmişdir. Həmçinin “elektron hökumət”in effektiv fəaliyyətini təmin edən dövlət informasiya sistemləri və ehtiyatlarının inkişafı üzrə mühüm işlər görülmüşdür.
Bu tədbirlərin məntiqi davamı kimi rəqəmsal hökumətə keçidin
sürətləndirilməsi üzrə strateji hədəflərin müəyyənləşdirilməsi məqsədilə cənab Prezident
İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət
planına həsr olunmuş müşavirədə qaldırdığı məsələlər bir daha nümayiş etdirib
ki, rəqəmsallaşma artıq strateji zərurətdir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, rəqəmsal inkişaf məsələsi
bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Bu kontekstdə artıq
görülmüş işlər mühüm baza formalaşdırsa da, əsas məqsəd rəqəmsallaşmanı
prioritetlər siyahısında ön sıraya çıxarmaqdır. Bu amil, eyni zamanda,
şəffaflıq, operativlik və səmərəlilik baxımından yeni idarəetmə modelinin
formalaşmasına xidmət edəcəkdir.
Qeyd edilməlidir ki, elektron hökumət konsepsiyasının tərkib hissəsi
kimi bu proseslərdə bələdiyyələr də iştirak etmişdir. Belə ki, Prezident
Administrasiyasının dəstəyilə bələdiyyələrin milli assosiasiyaları tərəfindən BAMS
Proqramı tətbiq olunaraq bələdiyyələrinin proqrama qoşulması təmin edilmiş,
2023-cü ildən BAMS Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazasına
inteqrasiya edilmişdir.
Ölkədə rəqəmsal hökumət və rəqəmsal cəmiyyət prinsiplərinin bərqərar
edilməsində bələdiyyələrin rolunun artırılması baxımından Azərbaycan
Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanı ilə
BAMS-ın bələdiyyələrin vahid informasiya sistemi qismində və dövlət informasiya
sistemi statusunda fəaliyyət göstərməsini nəzərdə tutan qanunların qəbul
edilməsi Azərbaycanda bələdiyyəçilik tarixində çox mühüm addımlardan hesab
olunur. Fürsətdən istifadə edərək bələdiyyələrin vahid informasiya sisteminin
hüquqi statusunun müəyyən edilməsində müvafiq qanun layihələrinin parlamentdə müzakirə
edilərək qəbul olunmasına dəstək göstərdiklərinə görə hörmətli millət
vəkillərinə bələdiyyələr adından təşəkkür edirəm.
Qeyd etdiyim fərmanla Cənab prezident həmçinin bələdiyyələrə 3 vacib
məsələdə dəstəyini göstərdi. 1cisi bələdiyyələr üçün dövlət informasiya
ehtiyatlarında saxlanılan məlumatlara əlçatanlığı təmin etməklə onların maliyyə
imkanlarının genişlənməsinə şərait yaratdı. Digər tərəfdən hər bir bələdiyyə üçün
fərdi qaydada informasiya sisteminin qurulmasının və idarə olunmasının nə qədər
maliyyətli olduğunu nəzərə alsaq vahid informasiya sistemini yaratmaqla onların
maliyyə yükünü azaltdı. 3cü tərəfdən isə bələdiyyələr bu imkandan düzgün
faydalandığı təqdirdə vətəndaş məmnunluğunu, seçicilərinin inamını əhəmiyyətli
dərəcədə artırmış olacaqlar. Eyni zamanda xüsusilə diqqətinizə çatdırmaq
istəyirəm ki, bələdiyyələrin vahid informasiya sisteminin yaradılması dünyada
qəbul edilmiş dövlət-bələdiyyə-cəmiyyət münasibətlərində yeni bir innovativ
modeldir.
Bələdiyyələrin
milli assosiasiyaları tərəfindən bu çərçivədə bır sıra layihələr icra
edilmişdir. Vətəndaş-bələdiyyə münasibətlərində yeni mərhələyə keçidi təmin
etmək üçün “Elektron bələdiyyə” portalı 2025-ci ilin mart ayından istifadəyə
verilmişdir. Vətəndaşlar portal vasitəsilə borclarını, uçota alınan vergi
obyektlərini, verginin hesablanma qaydasını dəqiqləşdirir, ödəniş edə bilir və
bələdiyyələrə müraciət edir. Bu günə qədər portal üzərindən 350min manatlıq
ödəniş edilmiş, 30minə yaxın istifadəçi qeydə alınmışdır. Eyni zamanda, vətəndaşlar
tərəfindən portal vasitəsilə bələdiyyələrə 1900 müraciət və 200ə yaxın təklif
verilmişdir.
Həmçinin, BAMS-da mərkəzləşmiş
qaydada borclar barədə SMS məlumatlandırma, ödəniş üçün QRkod, uçotun
dürüstləşdirilməsi, vergi potensialının hesablanması, debitor borclar və
müxtəlif hesabat modulları yaradılmışdır. Artıq hər bir bələdiyyə inzibati
ərazisi üzrə çıxarışlı vergitutma obyektləri barədə ətraflı məlumatı əldə edə
bilir. 2025-ci ildə Naxçıvan MR-nın bələdiyyələrinin də BAMS-a qoşulması təmin
edilmişdir. Ölkə başçısının göstərişinə uyğun olaraq BAMS bazalarının “MyGov” portalına
inteqrasiyasına start verilmiş və yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə
tutulur. Qeyd edim ki, bütün bu tədbirlər və bələdiyyələrin bu istiqamətdə
fəaliyyətləri vergi daxilolmalarını və onların ümumi daxilolmalarda payını
xeyli artırmışdır.
Lakin qeyd olunan uğurlarla
yanaşı rəqəmsal inkişaf konsepsiyasında nəzərdə tutulan tədbirlərin icrası
kontekstində bələdiyyələrin milli assosiasiyaları və bələdiyyələrin qarşısında
görülməli olan çox saylı işlər hələ də qalmaqdadır.
Belə ki, rəqəmsal
inkişafla bağlı mühüm məsələlərdən biri müxtəlif informasiya sistemlərinə və
ehtiyatlarına eyni məlumatların təkrar daxil edilməsinin qarşısının alınması, vətəndaşların
bələdiyyə orqanlarına elektron müraciət imkanlarının artırılması, insan
faktorunu minimuma endirməklə şəffaflığın maksimum dərəcədə təmin edilməsi,
inzibati icraat zamanı dövlət informasiya sistemləri üzərindən verilən
arayışların və digər sənədlərin tanınması üçün tədbirlər görülməsi və digər
işlərin həyata keçirilməsidir.
Bugün bələdiyyələri
və daha çox onların seçicilərini narahat edən məsələlərdən biri torpaq münasibətlərinin
tənzimlənməsində olan problemlərdir. Bələdiyyələrə yerquruluşu sənədlərinin,
torpaq sahələri və onların hüdudları, ölçüləri bərədə sənədlərin verilməsi bu
günə qədər yekunlaşmayıb. Bu isə öz növbəsində bələdiyyələrin yerli sakinlər
qarşısında vəzifələrinin icrasını çətinləşdirir. Son vaxtlarda torpaq
qiymətləndirilməsi ilə bağlı yaranan problemlər bələdiyyələrin mülkiyyəti
üzərində sərəncam vermək hüququnun reallaşdırılmasında müəyyən çətinliklər
yaradır. Nəticədə bu istiqamət üzrə 2024-cü ilə nisbətdə 2025-ci ildə bələdiyyə
gəlirləri 4 mln manatdan çox azalmışdır.
Qeyd olunan məsələlər
üzərində aidiyyəti qurumlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun birgə iş
aparılır. Bununla bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsi
tərəfindən bələdiyyələrə mütəmadi metodiki tövsiyyələr verilir, bələdiyyələrin
milli assosiasiyaları tərəfindən aidiyyəti qurumlarla birgə müzakirələr
keçirilir. Qeyd olunmalıdır ki, Əmlak Məsələləri Dövlət Xidməti bu proseslərin
rəqəmsallaşdırılması istiqamətində müəyyən işlər görməkdədir, o cümlədən
bələdiyyələr tərəfindən torpaqlara rəyin alınması proseduru tam elektronlaşmışdır.
Lakin ümumilikdə bu prosesin bütün mərhələlərinin rəqəmsallaşdırılması, müraciətlərin
baxılma vəziyyətini izləmək məqsədilə elektron dövriyyəsini əks etdirən
platformanın yaradılması məqsədəuyğun olardı. Vətəndaşın bələdiyyəyə müraciət
anından çıxarış alana qədər olan bütün mərhələlərin rəqəmsallaşdırılması,
prosesdə iştirak edən bütün subyektlər üçün açıq olması şəffaflığın artmasına,
neqativ halların baş vermə ehtimalının tam şəkildə aradan qaldırılmasına və qurumlararası
koordinasiyanın güclənməsinə imkan verəcəkdir. Bu addımlar Rəqəmsal İnkişaf Konsepsiyasında
vurğulandığı kimi dövlət-bələdiyyə xidmətlərinin daha şəffaf, səmərəli və
“vətəndaşa dost” olmasını təmin edəcəkdir.
Bununla bağlı bir
neçə təklifimi millət vəkillərinin və tədbir iştirakçılarının diqqətinə
çatdırmaq istəyirəm:
1. Bələdiyyələrin
əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri barədə məlumatların
bələdiyyələrin vahid informasiya sisteminə ötürülməsi və aktuallığının təmin
edilməsi;
2. Ədliyyə Nazirliyi
əmlakın qiymətləndirilməsi üçün süni intellektə əsaslanan çox faydalı portal
istifadəyə verib. Bu portalın funksionallığının genişləndirilməsi və alqı-satqı
əqdləri üzrə torpaq sahələrinin orta qiymətlərinin burada əlçatan formada
yerləşdirilməsi;
3. Qiymətləndiricilərin
hesabatlarının Qiymətləndiricilər Palatasının informasiya sistemi üzərindən bələdiyyələrə
ötürülməsi. Bu Palataya imkan verəcək ki, qiymətləndiricilərin fəaliyyətini ölçə
bilsin, mümkün neqativ halların qarşısını alsın, həmçinin vətəndaşın və müvafiq
qurumların bu proseslərin monitorinqinə şərait yaratsın.
Rəylər
0 Rəy