Qəsəbə bələdiyyələrinin büdcə daxilolmaları əvvəlki illərlə müqayisədə 44 faizədək artıb
Qubada Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli
Assosiasiyasının ümumi yığıncağı keçirilib
Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 18-də Quba Heydər Əliyev Mərkəzində Azərbaycan Qəsəbə
Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikanın bütün
qəsəbə bələdiyyələrini təmsil edən 98 nümayəndənin iştirak etdiyi ümumi
yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının
2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş
komissiyasının hesabatı, eləcə də təşkilati və digər məsələlər müzakirə olunub.
Yığıncaqda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu siyasət bütün sahələr üzrə ölkəmizin davamlı
inkişafını təmin etdiyi kimi, bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza
daha yaxından inteqrasiya olunmasına zəmin yaradıb, vətəndaşların yerli
özünüidarəetmədə fəallığını artırıb. Hesabat ilində bələdiyyələrin daha səmərəli
fəaliyyəti ilə bağlı sistemli tədbirlər həyata keçirilib, bu sahədə qabaqcıl təcrübənin
yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam
etdirilib, yerli özünüidarəetmənin qanunvericilik bazası təkmilləşdirilib.
Bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində
fəaliyyətin əlaqələndirilməsi davam etdirilib, “Bələdiyyələrin
Avtomatlaşdırılmış Məlumat Sistemi”nin fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilib,
həyata keçirilən inteqrasiya və vergi-uçot sistemində aparılan
optimallaşdırılma işləri nəticəsində qəsəbə bələdiyyələrinin büdcə
daxilolmaları əvvəlki illərlə müqayisədə 44 faizədək artıb.
Bələdiyyələr aztəminatlı ailələrin, qocaların, əlillərin və
valideyn himayəsindən mərhum uşaqların, eləcə də müharibə iştirakçılarının və şəhid
ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin
edilməsi istiqamətində bir sıra layihələr həyata keçirmiş, yerli əhəmiyyətli
problemlərin həlli istiqamətində əməli addımlar atmışdır.
Hesabat dövründə yerli özünüidarəetmənin təkmilləşdirilməsi,
dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması,
yerli əhəmiyyətli məsələlərin həlli sahəsində onların fəaliyyətinin genişləndirilməsi
məqsədilə qəbul edilmiş qanunvericilik aktlarına əsasən bələdiyyələrin birləşdirilməsi
həyata keçirilib. Birləşmə nəticəsində ölkədə fəaliyyət göstərən qəsəbə bələdiyyələrinin
sayı 149-dan 98-ə endirilib. Cari ilin yanvarında keçirilən seçkilər nəticəsində
ölkə üzrə 685 bələdiyyə yenidən formalaşıb.
Tədbirdə qeyd edilib ki, ötən dövrdə Milli Assosiasiya beynəlxalq
qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin bələdiyyələri və
assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirib.
Ümumi yığıncağın sonunda müvafiq qərarlar qəbul edilib, qəsəbə
bələdiyyələrinin fəaliyyətinin müasir çağırışlar və ölkəmizin yeni strateji
inkişaf mərhələsinin tələbələri ilə uzlaşdırılması məqsədilə onların maliyyə,
kadr və texniki bazasının daha da yaxşılaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Prezidentin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanı
ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin bələdiyyələrin vahid
informasiya sistemi qismində və dövlət informasiya sistemi statusunda fəaliyyətinin
təşkili, milli assosiasiyalara verilən tövsiyələr, Sistemin Əsasnaməsinin ölkə ərazisində
fəaliyyət göstərən bələdiyyələr tərəfindən birgə təsdiqlənməsi, sistemə ötürüləcək
və sistemdən əldə ediləcək məlumatların dairəsinin Nazirlər Kabineti tərəfindən
müəyyənləşdirilməsi dövlətimizin milli assosiasiyalara göstərdiyi yüksək
etimadın və diqqətin göstəricisi kimi qiymətləndirilib. Bildirilib ki, bələdiyyələrin
vahid informasiya sistemi onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin
edilməsində və korrupsiya hallarının aradan qaldırılmasında müstəsna rol
oynayacaq.
Ümumi yığıncağın işində Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Ədliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərləri iştirak ediblər.
Rəylər
0 Rəy