“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin
sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
QƏRARI
“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin
sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin QƏRARI
11.03.2026
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin
statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər
haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli
Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu
il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2025-ci
il 11 iyul tarixli 440 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bələdiyyələrin
vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların
dairəsi” təsdiq edilsin (əlavə olunur).
2. Bələdiyyələrin
vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə
edilir.
3. Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bələdiyyələrin vahid
informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların
dairəsi”ndə nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) qeyd olunan məlumatlarının
toplandığı informasiya sistemlərinin (ehtiyatlarının) bələdiyyələrin vahid
informasiya sisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə
inteqrasiyasını təmin etsin.
4. “Bələdiyyələrin
vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların
dairəsi”ndə qeyd olunan dövlət orqanları (qurumları) fəaliyyət istiqamətlərinə
uyğun olaraq bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş naziri
Bakı şəhəri,
“ 11 ” “ mart ” 2026-cı il
№ 76
Rəylər
0 Rəy