Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək: BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilmiş “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasında mühüm mərhələdir. Bu proqram Bakı şəhəri ilə yanaşı Abşeron yarımadasını, o cümlədən Xırdalan şəhərini əhatə etməklə əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda
genişmiqyaslı infrastruktur layihələri uğurla icra olunub. Elektrik enerjisi,
qazlaşdırma, avtomobil yolları, su təchizatı və digər strateji sahələrdə əsas
problemlər həllini tapıb. Bu gün ölkəmizin enerji generasiya gücü daxili tələbatı
üstələyir, qazlaşdırma səviyyəsi 96 faizə çatıb, yol infrastrukturu tamamilə
yeni mərhələyə qədəm qoyub. Dörd böyük su anbarının inşası isə ölkənin su təhlükəsizliyinin
əsas dayaqlarından birinə çevrilib.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən
biri də su resurslarının qorunması və səmərəli idarə olunmasıdır. Ermənistanın
uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi su terroru, xüsusilə “Sərsəng”
və “Suqovuşan” su anbarları ilə bağlı problemlər bu gün artıq tarixdə qalıb.
Azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası və yeni su anbarlarının
tikintisi su təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir.
Yeni qəbul edilən Dövlət Proqramının əsas məqsədi Bakı və
Abşeron yarımadasını, o cümlədən Xırdalan şəhərini dayanıqlı və fasiləsiz içməli
su ilə təmin etmək, yağış və tullantı sularının idarə olunmasını müasir tələblər
səviyyəsinə çatdırmaqdır. Proqram çərçivəsində təxminən 30-a yaxın yeni su
anbarının tikilməsi, su təsərrüfatında sayğaclaşdırmanın 100 faizə
çatdırılması, su itkilərinin hazırkı 40–45 faizdən kəskin şəkildə azaldılması nəzərdə
tutulur.
Xüsusilə qeyd etmək lazımdır ki, proqramın icrası nəticəsində
fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70 faizdən 95 faizə yüksələcək.
Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində, o cümlədən Xırdalan
şəhərində su təchizatı əsaslı şəkildə yaxşılaşdırılacaq, 200 kilometrdən artıq
magistral kanallar və paylayıcı şəbəkələr tikiləcək və yenidən qurulacaq.
Yağış sularının idarə olunması məsələsi də proqramın
prioritet istiqamətlərindəndir. Bakının 30 küçəsində yeni kollektor şəbəkələrinin
qurulması şəhər təsərrüfatına ciddi töhfə verəcək, leysan yağışları zamanı
yaranan problemlərin qarşısının alınmasına imkan yaradacaq. Kanalizasiya xidmətləri
ilə əhatə dairəsinin 50 faizdən 95 faizə çatdırılması isə həm ekoloji vəziyyətin,
həm də şəhər mühitinin sağlamlaşdırılmasına xidmət edəcək.
Dövlət Proqramı çərçivəsində dənizə buraxılan tullantı
sularının 100 faiz təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi
və ölkəmizdə ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşası xüsusi əhəmiyyət
daşıyır. Bu layihələr Abşeron yarımadasının, o cümlədən Xırdalan şəhərinin su təminatında
alternativ və etibarlı mənbələrin formalaşmasına şərait yaradacaq.
Eyni zamanda, proqram su sektorunda rəqəmsal idarəetmənin tətbiqini,
SCADA və IoT sistemləri vasitəsilə su itkilərinə nəzarətin gücləndirilməsini nəzərdə
tutur. Bu isə şəffaflığın artırılmasına, resurslardan daha səmərəli istifadəyə
və uzunmüddətli dayanıqlığa zəmin yaradır.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü
ilə qəbul edilən bu Dövlət Proqramı Bakı və Abşeron yarımadasının, o cümlədən
Xırdalan şəhərinin su təsərrüfatında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.
Xırdalan şəhər bələdiyyəsi olaraq biz bu proseslərin icrasında yaxından iştirak
edəcək, yerli səviyyədə görülən işlərin effektiv və vaxtında həyata keçirilməsinə
öz töhfəmizi verəcəyik.
Bu proqramın uğurlu icrası Xırdalan sakinlərinin rifahının
yüksəldilməsinə, şəhərin davamlı inkişafına və gələcək nəsillər üçün etibarlı
su təminatının formalaşdırılmasına xidmət edəcək.
Xırdalan bələdiyyəsinin sədri
Rəylər
0 Rəy