Fidan Fərzəliyeva: “Təbiətin qorunması hər birimizin vətəndaşlıq məsuliyyətidir”
Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, bu gün Şabran şəhərində Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək,
yaşıllıq sahələrini genişləndirmək, ekoloji tarazlığın qorunmasına dəstək
olmaq, şəhərimizin abadlaşdırılması istiqamətində təşəbbüsləri artırmaq və cəmiyyətdə
təbiətə qayğı mədəniyyətini gücləndirməkdir.
Bu fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri
Fidan Fərzəliyeva deyib.
Xanım sədr bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq
İli” elan edilməsi şəhər və kəndlərimizin müasir tələblərə uyğun inkişafı,
yaşayış məntəqələrinin abadlaşdırılması, memarlıq irsinin qorunması, ekoloji
tarazlığın təmin olunması və insanların sağlam yaşayış mühitinin
formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə həyata keçirilən ağacəkmə aksiyası da Şabran şəhərinin
yaşıllıq örtüyünün zənginləşdirilməsinə, ekoloji mühitin yaxşılaşdırılmasına və
gələcək nəsillərə daha təmiz, daha yaşıl şəhər miras qoyulmasına xidmət edir:
“Hesab edirəm ki, ağacəkmə aksiyalarının əhəmiyyəti yalnız
yeni ağacların əkilməsi ilə məhdudlaşmır. Əkilən hər bir ağac təbiətə qayğının,
gələcək qarşısında məsuliyyətin və sağlam ətraf mühit naminə birgə fəaliyyətin
rəmzidir. Eyni zamanda, əkilən ağacların qorunması, onların inkişafı üçün mütəmadi
qulluq göstərilməsi də xüsusi diqqət tələb edir.
Şabran bələdiyyəsi olaraq şəhərimizin abadlaşdırılması,
yaşıllaşdırma işlərinin genişləndirilməsi və ekoloji mühitin daha da
yaxşılaşdırılması istiqamətində bu kimi təşəbbüsləri daim əhəmiyyətli hesab
edirik. İnanırıq ki, dövlət qurumlarının, təhsil müəssisələrinin və ictimaiyyətin
birgə səyləri nəticəsində Şabranımızı daha gözəl, daha yaşıl və daha sağlam şəhərə
çevirmək mümkün olacaq.
Ağacəkmə aksiyasının keçirilməsi üçün şərait yaratdığına, ətraf
mühitin qorunmasına və yaşıllıqların artırılmasına yönəlmiş təşəbbüsə dəstək
verdiyinə görə məktəbin direktoru Xatirə Ağayevaya, eləcə də fəallıq və əməkdaşlıq
nümayiş etdirən bütün məktəb kollektivinə təşəkkürümü bildirirəm.
Təbiətin qorunması hər birimizin vətəndaşlıq məsuliyyətidir. Gəlin, yaşıllıqlarımızı birlikdə artıraq, ağaclarımızı qoruyaq və gələcək nəsillərə daha yaşıl, daha sağlam Şabran bəxş edək!”
Rəylər
0 Rəy