Komitə sədri: Azərbaycan bələdiyyələrində qadınların təmsilçiliyi 39,3 %-ə qədər artıb
Azərbaycan bələdiyyələrində qadınların təmsilçiliyi 2004-cü ildəki 4 %-dən 2025-ci ildə 39,3 %-ə, Milli Məclisdə isə 11,2 %-dən 20,8 %-ə qədər artıb.
"Report"
xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda bildirib.
Onun sözlərinə görə, əldə olunan irəliləyiş ölkədə
qadınların siyasi və ictimai iştirakçılığının genişləndirilməsi üzrə görülən
işlərin nəticələrini əks etdirir.
B.Muradova, həmçinin qadınların iqtisadi imkanlarının genişləndirilməsinin,
sahibkarlığın və mentorluğun inkişafının, rəqəmsal inklüzivliyin artırılmasının
və qızların keyfiyyətli təhsilə əlçatanlığının təmin edilməsinin vacibliyini
qeyd edib.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və Böyük
Qayıdış proqramının həyata keçirilməsi barədə danışan komitə sədri qeyd edib
ki, qadınlar və qızlar yeni icmaların inkişafında mühüm rol oynaya bilərlər.
"Qadınların məşğulluğunun artırılması, onların
sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və rəqəmsal bacarıqların inkişaf
etdirilməsi azad edilmiş ərazilərə qayıdan ailələrin iqtisadi və ictimai fəallığının
artmasına töhfə verəcək", - o qeyd edib.
B.Muradova, həmçinin Azərbaycanın öz təcrübəsini, o cümlədən
münaqişələrdən zərər çəkmiş ərazilərin bərpası, qadınlar və qızlar üçün
imkanların genişləndirilməsi məsələlərində digər ölkələrlə bölüşməyə hazır
olduğunu bildirib.
O vurğulayıb ki, forumun əsas nəticələrindən biri ümumi çağırışların beynəlxalq əməkdaşlığın konkret istiqamətlərinə çevrilməsi olmalıdır.
https://report.az/xarici-siyaset/dovlet-komitesinin-sedri-azerbaycan-belediyyelerinde-qadinlarin-temsilciliyi-39-3-e-qeder-artib
Rəylər
0 Rəy