150 İLLİK TARİXİ VARİSLİK KONTEKSİNDƏ AZƏRBAYCANDA YERLİ ÖZÜNÜİDARƏETMƏ İNSTİTUTU:
XÜLASƏ
Məqalədə
Azərbaycanın yerli özünüidarəetmə (bələdiyyə) institutunun təşəkkülü,
tarixi-hüquqi təkamül mərhələləri və müasir inkişaf dinamikası elmi-analitik
müstəvidə tədqiq olunur.
Araşdırmada 1877-ci ildə Bakı Şəhər Dumasına
keçirilən ilk seçkilərdən başlayaraq, Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920)
dövründə bələdiyyə sisteminin bərpası və müstəqillik dövründə (1999-cu ildən
günümüzədək) formalaşan konstitusion-hüquqi model kompleks şəkildə təhlil
edilir. Məqalədə, hemçinin yerli özünüidarəetmənin institusional
effektivliyinin artırılması, "Bələdiyyə Günü" peşə bayramının təsis
olunmasının sosio-psixoloji və idarəetmə baxımından əhəmiyyəti, sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyətinin stimullaşdırılması mexanizmləri elmi əsaslarla
əsaslandırılır.
Açar sözlər:
Yerli özünüidarəetmə, Bakı Şəhər Duması, bələdiyyə tarixi, 150 illik yubiley, Bələdiyyə
Günü, institusional varislik, icma məsuliyyəti.
1. GİRİŞ VƏ TƏDQİQATIN AKTUALIĞI
Müasir
dövlət idarəçiliyi nəzəriyyəsində yerli özünüidarəetmə institutu yalnız
inzibati mexanizm kimi deyil, vetenədaş cəmiyyətinin yetkinlik dərəcəsini, mərkəzsizləşdirmə
(desentralizasiya) səviyyəsini və sosial-iqtisadi inkişafın yerli səviyyədə təminatını
əks etdirən fundamental indikator kimi qəbul edilir. Şərqdə ilk demokratik
respublika ənənələrinə sahib olan Azərbaycanda yerli idarəetmə təcrübəsi zəngin
tarixi və hüquqi irsə malikdir.
2027-ci
ildə Azərbaycan ərazisində ilk seçkili yerli özünüidarə organının — Bakı Şəhər
Dumasının formalaşdırılmasının 150 illik yubileyi tamam olur. Bu tarixi yubiley
və bələdiyyələrimiz üçün əlamətdar hadisə ərəfəsində bələdiyyə sisteminin
keçdiyi inkişaf yolunun elmi-nəzəri təhlili, tarixi varislik prinsipinin
qorunması və institusional nüfuzun artırılması müasir hüquq və sosiologiya elmləri
üçün xüsusi aktuallıq kəsb edir.
Azərbaycan
Bələdiyyəçilik Tarixinin Xronoloji İnstitusional xəritəsini 4 mərhələdən ibarət
araşdırmaq mümkündür:
1. ci
mərhələ 1877, 9 Dekabr.Bu tarixdə Azərbaycanda ilk olaraq Bakı Şəhər
Dumasına seçkilər keçirilmişdir (Yerli idarəçiliyin təməli).
2. ci
mərhələ 1878, 8 Yanvar.
Bu tarix Bakı Şəhər Dumasının ilk iclasının
keçirildiyi gündür. Bu tarixi mərhələ əsasən bələdiyyə instuitutunun rəsmi fəaliyyətə
başladığı başladığı tarix olaraq qiymətləndirilməlidir.
3. cü
mərhələ 1918, 30 İyul.
Bu tarixdə Bakıda hakimiyyəti 1917-ci
ildə qanunsuz olaraq zəbt etmiş Bakı Xalq Komissarları (Stepan Şaumyaının rəhbərlik
etdiyi bolşevik-daşnak rejimi) tərəfindən ləğv edilmiş şəhər özünü idarəsinin yenidən bərpası haqqında AXC Hökuməti 30 iyul 1918ci ildə Qərar qəbul etmişdir
4. cü
mərhələ 1999, 12 Dekabr.
Bu tarixdə müstəqil Azərbaycanda ilk ümumxalq bələdiyyə seçkiləri keçirilmiş və müasir yerli özünüidarəetmə
institutu praktiki fəaliyyətə başlamışdır.
2.AZƏRBAYCANDA
YERLİ ÖZÜNÜİDARƏETMƏNİN TARİXİ-HÜQUQİ TƏKAMÜLÜ
2.1. XIX əsrin
son rübündə şəhər idarəçiliyi: 1870-ci il Şəhər Əsasnaməsi və Bakı Şəhər Duması
Şərqdə ilk müasir şəhər idarəçiliyi formalarından
biri olan Bakı Şəhər Duması 1870-ci il Şəhər Əsasnaməsinin tətbiqi nəticəsində
təşəkkül tapmışdır. Arxiv sənədlərinin və hüquqi aktların təhlili göstərir ki,
6-9 dekabr 1877-ci il tarixlərində Bakı
Şəhər Dumasına ilk seçkilər keçirilmişdir. Bu əlamətdar hadisə Azərbaycan hüquq
tarixində ilk dəfə seçki hüququnun və kollegial yerli özünüidarə prinsiplərinin
praktiki tətbiqidir. 8 yanvar 1878-ci il tarixində Dumanın ilk iclası təşkil
olunmuş və organ kimi praktiki fəaliyyətə başlamışdır.
Bakı Şəhər
Duması şəhər təsərrüfatı, abadlıq, maarif və səhiyyə sahələrində geniş səlahiyyətlərə
malik olmaqla, Azərbaycan maarifçilərinin və milli burjuaziyasının ictimai idarəçilikdə
iştirakı üçün mühüm platformaya çevrilmişdir.
2.2.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə bələdiyyəçiliyin milli-dövlətçilik əsasında
bərpası (1918–1920)
1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan
Xalq Cümhuriyyəti Hökuməti yerli idarəetmənin milli dövlətçilik prinsiplərinə uyğunlaşdırılmasına
xüsusi önəm vermişdir. 30 iyul
1918-ci il tarixində AXC Hökuməti tərəfindən şəhər və qəza bələdiyyə idarələrinin
fəaliyyətinin bərpa edilməsi və yenidən təşkil olunması haqqında strateji Qərar
qəbul edilmişdir. Bu hüquqi akt yerli özünüidarəetmənin çar Rusiyasının müstəmləkə
idarəçilik modelindən azad olunaraq, müstəqil respublikanın atributu kimi
formalaşmasını təmin etmişdir.
2.3. Müasir Azərbaycan Respublikasında bələdiyyə
sisteminin konstitusion-hüquqi təməlləri
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (IX Fəsil)
bələdiyyələri müstəqil yerli hakimiyyət təsisatı kimi təsbit etmişdir. 12
dekabr 1999-cu il tarixində keçirilmiş ilk bələdiyyə seçkiləri ilə müasir yerli
özünüidarəetmə sistemi praktiki fəaliyyət mərhələsinə qədəm qoymuşdur.
3.MÜASİR İNSTİTUSİONAL PROBLEMLƏR VƏ
OPTİMALLAŞDIRMA ZƏRURƏTİ
Müasir dövrdə bələdiyyələrin qarşısında duran
başlıca çağırışlar aşağıdakı elmi-praktiki platformada qruplaşdırıla bilər:
1. Maliyyə-İqtisadi
Müstəqillik: Bələdiyyələrin
mərkəzi büdcə dotasiyalarından asılılığının azaldılması, yerli vergi və ödənişlərin
yığılması mexanizmlərinin rəqəmsallaşdırılması.
2. Kadr
Potensialı və Peşəkarlıq:
Yerli özünüidarəetmə sahəsində ixtisaslaşmış hüquqşünas, sosioloq və mütəxəssis
kadrların çatışmazlığı.
3. Sosial
Etimad və İcma İştirakçılığı: Sakinlərin yerli problemlərin həllində "könüllü sosial məsuliyyət"
modelinə əsaslanan iştirakçılıq səviyyəsinin aşağı olması.
4. STRATEJİ REFORM TƏKLİFLƏRİ VƏ TƏŞƏBBÜSLƏR
4.1. "Bələdiyyə
Günü" Peşə Bayramının Təsis Olunması və Tarixi Alternativlər
Bələdiyyə
qulluqçularının sosial-psixoloji motivasiyasını artırmaq, sahənin ictimai
imicini yüksəltmək və 150 illik varislik irsini yaşatmaq üçün rəsmi "Bələdiyyə
Günü" peşə bayramının təsis edilməsi zəruridir. Tarixi-hüquqi təhlillər əsasında
bu bayram üçün dörd əsas elmi əsaslandırılmış alternativ təklif olunur:
|
Alternativ Tarix |
Tarixi-Hüquqi Əsaslandırma |
İdeoloji-Hüquqi Əhəmiyyəti |
|
1-ci Alternativ: 9 Dekabr1877-ci il |
Bakı Şəhər Dumasına ilk seçkilərin
keçirilməsi. |
Seçkili yerli idarəetmənin 150 illik təməl
günü. |
|
2-ci Alternativ: 8 Yanvar
1878-ci il |
Bakı Şəhər Dumasının ilk
iclasını keçirməsi. |
İnstitusional və praktiki fəaliyyətin
başlanğıcı. |
|
3-cü Alternativ: 30 İyul 1918-ci il |
AXC Hökumətinin
bələdiyyələrin fəaliyyətini bərpa etmək haqqında Qərarı. |
Milli dövlətçilik
çərçivəsində bələdiyyəçiliyin bərpası. |
|
4-cü Alternativ: 12 Dekabr 1999-cu il |
Müstəqil Azərbaycan
Respublikasında ilk bələdiyyə
seçkilərinin keçirilməsi. |
Müasir Konstitusion bələdiyyə sisteminin
yaradılması. |
4.2. Sakinlərin Könüllü Sosial Məsuliyyəti Modeli
Müasir
sosioloji yanaşmalar və təhlillər göstərir ki, yerli inkişaf yalnız yuxarıdan
aşağıya (top-down) idarəetmə ilə deyil, icmanın daxili resurslarının və təşəbbüskarlığının
sferaya cəlb olunması ilə aşağıdan yuxarıya doğru prinsipi ilə daha uğurlu nəticələr
əldə edir.
Sakinlərin
passiv müşahidəçi mövqeyinə keçməsi yerli özünüidarəetmə və icma inkişafı layihələrinin
səmərəliliyinə mənfi təsir göstərir. Sakinlərin bir çoxunun cins, irq, din və sosial status fərqliliklərinə
görə yerli təşəbbüslərdən kənarda
qalması, icma daxilində həmrəyliyin zəifləməsinə, yerli qərarların qəbulunda və
icma problemlərinin həllində təşəbüskarlıq göstərməməsi onların fərdi
potensialını və könüllülüyün resurslarının sistemli şəkildə səfərbər
olunmamasna səbəb olur.
“Sakinlərin
icma qarşısında könüllü sosial məsuliyyəti”
konsepsiyasının tətbiqi bələdiyyə-vətəndaş münasibətlərində keyfiyyətcə
yeni mərhələ açacaqdır.
5. NƏTİCƏ
Azərbaycanın
150 illik yerli özünüidarəetmə tarixi göstərir ki, bələdiyyə institutu milli idarəçilik
mədəniyyətinin ayrılmaz hissəsidir. 2027-ci ildə 150 illik yubileyin dövlət səviyyəsində
qeyd olunması, "Bələdiyyə Günü" peşə bayramının təsisi və yerli idarəetmədə
konseptual islahatların dərinləşdirilməsi ölkəmizdə vətəndaş cəmiyyətinin
inkişafına və yerli demokratiyanın möhkəmlənməsinə fundamental töhfə verəcəkdir.
ƏDƏBİYYAT
1.
Azərbaycan
Respublikasının Konstitusiyası, Hüquq ədəbiyyatı 2009.
2.
"Bələdiyyələrin
statusu haqqında" Azərbaycan Respublikasının 1999-cu il, 2 İyul tarixli 698-İQ nömrəli
Qanunu/Azərbaycan Respubliksının Qanunvericilik Toplusu, 1999.
3.
Azərbaycan
Respublikasl Xalq Cümhuriyyəti Ensklopediyası 2 cilddə, 1-ci cild, Baki
“Lider” nəşriyyatı 440 səh.
4.
Salmanlı,
F. (2024). Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri.
Bakı,
Elm və təhsil nəşriyyatı, 311 səh.
5.
https://az.wikipedia.org/wiki/Bak%C4%B1_%C5%9E%C9%99h%C9%99r_Dumas%C4%B1na_se%C3%A7kil%C9%99r_(1878)
Rəylər
0 Rəy