Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2026 , 11:52

308

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bələdiyyəyə münasibət dəyişməlidir: Biləsuvardan başlayan nümunə

Bu günlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun Biləsuvar bələdiyyəsinin yeni təmirdən çıxmış inzibati binası ilə tanış olması, bələdiyyə üzvləri və qulluqçuları ilə görüşməsi barədə məlumat paylaşıldı. İlk baxışdan bu xəbərdə qeyri-adi heç nə yoxdur. Bir rayonun icra başçısı ərazidə fəaliyyət göstərən bələdiyyənin inzibati binasına baş çəkir, kollektivlə görüşür, görülən işlərlə tanış olur, tövsiyələrini verir və sonda xatirə şəkli çəkdirir. Əslində, normal idarəçilik mühitində bu, adi işgüzar münasibətlərin tərkib hissəsi olmalıdır. Ancaq təəssüf ki, bizim reallığımızda belə bir görüş istər-istəməz insanda təəccüb doğurur.

Səbəb sadədir: biz uzun illər ərzində elə bir idarəçilik mühitinə şahidlik etmişik ki, bir çox hallarda bələdiyyələrə yerli özünüidarəetmə orqanı, ərazinin sosial-iqtisadi inkişafında iştirak edən tərəfdaş kimi deyil, daha çox icra hakimiyyətinin diqqət və münasibətindən asılı olan qurum kimi yanaşılıb.

Artıq 26 ildir ki, bələdiyyə sisteminin inkişafı, onun qarşılaşdığı problemlərin həlli, yerli özünüidarəetmənin cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində çalışırıq. Bu illər ərzində yüzlərlə bələdiyyə sədri, onlarla icra hakimiyyəti başçısı dəyişib, müxtəlif idarəçilik yanaşmalarının şahidi olmuşuq. Təəssüf ki, bu müddət ərzində elə icra hakimiyyəti başçıları ilə də rastlaşmışıq ki, rəhbərlik etdikləri rayonda fəaliyyət göstərən, heç olmasa, şəhər bələdiyyəsinin inzibati binasının harada yerləşdiyindən belə xəbərsiz olublar.

Çünki onların bir çoxunu bələdiyyənin özü, onun fəaliyyəti, üzləşdiyi problemlər və ərazinin inkişafına verə biləcəyi töhfələrdən daha çox bələdiyyə sədri ilə “münasibətlər” maraqlandırıb.

Bu baxımdan, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun bələdiyyənin inzibati binasına baş çəkməsi, bələdiyyə üzvləri və qulluqçuları ilə görüşməsi, onların fəaliyyəti ilə maraqlanması təqdirəlayiq addımdır. Əlbəttə, bir görüşlə bütün problemlərin həll olunacağını gözləmək sadəlövhlük olardı. Lakin bəzən idarəçilikdə münasibətlərin dəyişməsi üçün elə bir addımın atılması kifayət edir ki, bu da gələcək əməkdaşlığın əsasını qoysun.

Bu təcrübənin digər rayonlarda da yayılması, xüsusilə son illərdə vəzifəyə təyin olunmuş icra hakimiyyəti başçılarının bələdiyyələrlə münasibətlərə bu prizmadan yanaşması bu gün son dərəcə vacibdir. Çünki müasir idarəçilik yalnız tabelikdə olan qurumlarla işləməkdən ibarət deyil. Müasir idarəçilik müxtəlif səlahiyyətlərə malik qurumların ümumi məqsəd naminə əməkdaşlıq etməsini, mövcud imkanlardan səmərəli istifadə olunmasını və yerli problemlərin həllində ortaq maraqların önə çəkilməsini tələb edir.

Bu gün ölkəmizdə 685 bələdiyyənin fəaliyyət göstərdiyini nəzərə alsaq, onların yerli inkişaf proseslərində iştirakının nə qədər əhəmiyyətli olduğunu daha aydın görə bilərik. Bələdiyyələrin imkanları, maliyyə resursları və səlahiyyətləri məhdud ola bilər. Ancaq bu məhdudiyyətlər onların ərazilərdəki rolunu kiçiltməməlidir. Əksinə, mövcud imkanlardan daha səmərəli istifadə etmək, yerli təşəbbüsləri dəstəkləmək və problemlərin həllində birgə fəaliyyət göstərmək üçün bələdiyyələrə daha çox ehtiyac var.

Etiraf etməliyik ki, icra hakimiyyəti başçılarının dəstəyini və konstruktiv münasibətini qazanan bələdiyyələrin fəaliyyətində müəyyən müsbət dəyişikliklərə nail olmaq imkanları daha geniş olur. Bu dəstək bələdiyyənin səlahiyyətlərinə müdaxilə etmək, onun fəaliyyətini öz nəzarətinə götürmək və ya müstəqil qərarvermə imkanlarını məhdudlaşdırmaq anlamına gəlməməlidir. Söhbət bələdiyyənin qanuni səlahiyyətlərinə hörmətlə yanaşmaqdan, onun təşəbbüslərinə açıq olmaqdan və ümumi maraq doğuran məsələlərdə əməkdaşlıq etməkdən gedir.

İcra hakimiyyəti bələdiyyəni rəqib və ya formal tərəf kimi deyil, yerli problemlərin həllində etibarlı tərəfdaş kimi qəbul edərsə, bunun faydasını ilk növbədə əhali görər. Kommunal məsələlərin həlli, abadlıq və təmizlik işlərinin təşkili, yaşıllıqların qorunması, sosial problemlərin müəyyənləşdirilməsi, ərazilərin inkişafı ilə bağlı təşəbbüslərin həyata keçirilməsi kimi sahələrdə əlaqələndirilmiş fəaliyyət daha yaxşı nəticələr verə bilər.

Unutmaq olmaz ki, bələdiyyə ilə icra hakimiyyəti arasında sağlam münasibətlərin qurulması yalnız iki qurumun maraqlarına xidmət etmir. Bu münasibətlərin əsas faydalananı vətəndaş olmalıdır.

Ən vacibi isə odur ki, bu münasibətlər ayrı-ayrı şəxslərin şəxsi təşəbbüslərindən asılı qalmamalı, davamlı əməkdaşlıq ənənəsinə çevrilməlidir. Bu gün bir icra başçısı bələdiyyənin inzibati binasına baş çəkə bilər, sabah başqa bir icra başçısı da eyni addımı ata bilər. Lakin məqsəd sadəcə görüşlərin sayını artırmaq deyil. Məqsəd elə bir idarəçilik mədəniyyəti formalaşdırmaqdır ki, bələdiyyə ilə icra hakimiyyəti arasında əlaqələrin qurulması qeyri-adi hadisə kimi deyil, normal iş prosesinin təbii hissəsi kimi qəbul olunsun.

Biləsuvarda baş verən bu hadisəyə məhz belə yanaşmaq lazımdır. Bu, sadəcə yeni təmirdən çıxmış inzibati binaya ziyarət deyil. Eyni zamanda, bələdiyyəyə münasibətin dəyişməsi, yerli özünüidarəetmənin əhəmiyyətinin qəbul olunması və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından müsbət nümunə ola bilər.

Arzumuz və gözləntimiz odur ki, Faiq Qürbətovun bu təşəbbüsü digər rayonlarda da maraq doğursun, başqa icra hakimiyyəti başçıları tərəfindən də davam etdirilsin. Bələdiyyə sədrlərinin qəbul edilməsi ilə kifayətlənməyən, bələdiyyələrin özləri, onların fəaliyyəti, problemləri və təşəbbüsləri ilə maraqlanan rəhbərlərin sayı artsın.

Bələdiyyəyə dəstək vermək onun əvəzinə işləmək deyil, onun öz vəzifələrini daha yaxşı yerinə yetirməsi üçün şərait yaratmaqdır. Bələdiyyəni tərəfdaş kimi qəbul etmək isə yerli özünüidarəetmənin güclənməsinə, vətəndaş məmnunluğunun artmasına və ərazilərin daha sürətli inkişafına xidmət edir.

Biləsuvardan başlayan bu müsbət nümunənin davamlı ənənəyə çevrilməsini arzulayırıq. Çünki güclü yerli özünüidarəetmə yalnız bələdiyyələrin deyil, bütövlükdə cəmiyyətin və ölkənin inkişafına xidmət edir.

Vüqar Tofiqli


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!

Elmi-Praktik Məsələlər
07-08-2026
964