Təltif edilənlər sırasında bələdiyyə sədri də var
Xəzər rayonunda “Konstitusiya – Müstəqilliyimizin və Suverenliyimizin Zəmanətidir” mövzusunda tədbir keçirilib.
Xəzər
rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr Konstitusiya
Gününə həsr olunmuş “Konstitusiya – Müstəqilliyimizin və Suverenliyimizin Zəmanətidir”
mövzusunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə
“Şimal” Elektrik Stansiyasının inzibati binasında keçirilən tədbirdə Xəzər
RİH-nin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları,
Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, YAP Xəzər rayon
təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon məhkəməsinin sədri Abbas Rzayev,
qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun
idarə-təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri iştirak edib.
Tədbirdə
giriş sözü ilə çıxış edən natiqlər Prezidenti İlham Əliyevin 2025-ci ilin
“Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi
dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən
danışılıb, ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində
Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən
parlaq Zəfər kimi səciyyələndiriblər. Bugünkü qüdrətli Azərbaycanın Ulu Öndər
Heydər Əliyevin ideyaları əsasında, ölkə prezidenti cənab İlham Əliyevin müdrik
rəhbərliyi ilə inamla inkişaf etdiyini qeyd edən natiqlər qısa müddətdə əsrə bərabər
inkişaf yolu keçən müstəqil respublikamızın daha güclü dayaqlara malik olan və
milli maraqları qətiyyətlə qoruyan qüdrətli dövlətə çevrildiyini xüsusilə vurğulayıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxs, o cümlədən Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov Xəzər RİH başçısının “Fəxri fərman”la təltif ediliblər.
Rəylər
0 Rəy