Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib
Şəhər bələdiyyələrinin büdcə daxilolmaları əvvəlki illərlə müqayisədə 30 faizədək artıb
Noyabrın
14-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı
keçirilib.
AZƏRTAC xəbər verir ki, respublikanın bütün şəhər bələdiyyələrini
təmsil edən 74 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan Şəhər
Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti
haqqında hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, eləcə də təşkilati məsələlər
müzakirə olunub.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu siyasət bütün sahələr üzrə ölkəmizin davamlı inkişafını təmin
etdiyi kimi, bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından
inteqrasiya olunmasına zəmin yaradıb, vətəndaşların yerli özünüidarəetmədə fəallığı
artıb. Hesabat ilində Azərbaycan Prezidenti Administrasiyasının müvafiq şöbəsinin
dəstəyi, habelə Milli Məclisin Regional məsələlər komitəsi, Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və digər əlaqədar qurumlarla birgə bələdiyyələrin
daha səmərəli fəaliyyəti ilə bağlı sistemli tədbirlər həyata keçirilib, bu sahədə
qabaqcıl təcrübənin yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri
davam etdirilib, yerli özünüidarəetmənin qanunvericilik bazası təkmilləşdirilib.
Bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində
fəaliyyətin əlaqələndirilməsi davam etdirilib, "Bələdiyyələrin
Avtomatlaşdırılmış Məlumat Sistemi"nin fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilib,
həyata keçirilmiş inteqrasiya və vergi-uçot sistemində aparılan
optimallaşdırılma işləri nəticəsində şəhər bələdiyyələrinin büdcə daxilolmaları
əvvəlki illərlə müqayisədə 30 faizədək artıb.
Bələdiyyələr aztəminatlı ailələrin, qocaların, əlillərin və
valideyn himayəsindən məhrum uşaqların, müharibə iştirakçılarının və şəhid ailələrinin
sosial vəziyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi
istiqamətində bir sıra layihələr həyata keçirib, yerli əhəmiyyətli problemlərin
həlli istiqamətində əməli addımlar atıblar.
Hesabat dövründə yerli özünüidarəetmənin təkmilləşdirilməsi,
dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması,
yerli əhəmiyyətli məsələlərin həlli sahəsində onların fəaliyyətinin genişləndirilməsi
məqsədilə qəbul edilmiş qanunvericilik aktlarına əsasən bələdiyyələrin birləşdirilməsi
həyata keçirilib. Cari ilin yanvar ayında baş tutmuş seçkilər nəticəsində ölkə
üzrə 685 bələdiyyə yenidən formalaşıb ki, bunlardan da 74-ü şəhər bələdiyyəsidir.
Yığıncaqda əvvəlcə Assosiasiyanın İdarə Heyətinin 15 üzvü
seçilib. Daha sonra İdarə Heyətinin üzvləri arasından Azərbaycan Şəhər Bələdiyyələrinin
Milli Assosiasiyasının sədri seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Şəhər bələdiyyələrinin
sədrlərinin iştirakı ilə keçirilən səsvermədə Təmraz Tağıyev yenidən Azərbaycan
Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.
Sonra seçilmiş sədrin təklifi əsasında Assosiasiyanın 3
müavini müəyyən olunub. Həmçinin 5 nəfərdən ibarət Nəzarət-Təftiş
Komissiyasının üzvləri də səsverməyə çıxarılaraq seçilib.
Qeyd edilib ki, ötən dövrdə Milli Assosiasiya beynəlxalq
qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin bələdiyyələri və
assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirib.
Ümumi yığıncağın sonunda müzakirə olunan məsələlər barədə
müvafiq qərarlar qəbul edilib, bələdiyyələrin fəaliyyətinin müasir çağırışlar və
ölkəmizin yeni strateji inkişaf mərhələsinin tələbələri ilə uzlaşdırılması məqsədilə
onların maliyyə, kadr və texniki bazasının daha da yaxşılaşdırılması əsas
istiqamətlər kimi müəyyənləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli
Fərmanı ilə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nin bələdiyyələrin
vahid informasiya sistemi qismində və dövlət informasiya sistemi statusunda fəaliyyətinin
təşkili, Milli Assosiasiyalara verilən tövsiyələr, Sistemin Əsasnaməsinin ölkə ərazisində
fəaliyyət göstərən bələdiyyələr tərəfindən birgə təsdiq edilməsi və sistemə
ötürüləcək və sistemdən əldə ediləcək məlumatların dairəsinin Nazirlər Kabineti
tərəfindən müəyyən edilməsi dövlətimizin Milli Assosiasiyalara göstərdiyi yüksək
etimadın və diqqətin göstəricisi kimi qiymətləndirilib.
Ümumi yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Ədliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərləri iştirak ediblər.
Rəylər
1 Rəy
Əfrail Səfərov
15-11-2025, 2 həftə əvvəl
Yalansa da doğru olsun. Xəritə üzərində torpaq sürüşdürməsini dayandırın.
Cavabla