Qanunvericiliyə edilən düzəlişlərin monitorinqi təşkil edilsin
Bu günlərdə Milli Məclisin Regional məsələlər komitəsinin yeni ildə ilk iclasına dəvət alanda əvvəlcə müəyyən fikirlərlə bağlı çıxış edəcəyimi düşündüm. Qeyd edim ki, həqiqətən iclas maraqlı keçdi və müzakirələr bir xeyli vaxt apardı.
Komitə sədri Səyavuş Novruzov başda olmaqla, üzvlərdən
Arzuxan Əlizadə, Vasif Qafarov, Aydın
Mirzəzadə, Elman Məmmədov və Kamran
Bayramov maraqlı fikirlər səsləndirdilər. Vaxtı ilə bələdiyyə sistemi ilə sıx
bağlı olduğundan Arzuxan Əlizadənin hər
kəsi narahat edən məsələlərə daha incəliklə
toxunması iclasın işinə yeni bir rəng
qatdı.
Fürsətdən istifadə edərək assosiasiya sədrləri Təmraz
Tağıyev və Hümbət Hüseynov, habelə
ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi”nin direktoru Adil
Əhmədov da çıxışlarında diqqətiçəkən məqamlara
toxundular. Müzakirələrə qoşulmaq istəsəm
də artıq vaxt darlığı səbəbindən fikirlərimi yazılı şəkildə oxucularımla bölüşmək istərdim.
***
Hər il Milli Məclis müəyyən qanunvericilik aktlarına düzəliş
və əlavələri müzakirə edir. Yəni qanunvericilik aktları təkmilləşdirilir və nəticədə
vətəndaş məmnunluğuna daha geniş imkanlar yaradılır. Bu dəyişikliklər, həm də bələdiyyə
qanunvericiliyində də aparılır.
Təklif edərdim ki, Regional məsələlər Komitəsi mövcud qanunvericiliyə etdiyi dəyişiklik,
düzəliş və ya əlavələrin icra vəziyyəti ilə bağlı monitorinq təşkil etsin. Quvvəyə
minən təklif və düzəlişlərin icra vəziyyəti yoxlanılsın. Araşdırılsın ki, qüvvəyə
minmiş düzəlişin xeyri nə olub? Vətəndaş, bələdiyyə və digər orqanlar bu dəyişkilikdən
nə “qazanıblar”.
Bu arada maraqlı bir məqama toxunmaq istərdim. Yeri gəlmişkən,
komitə iclasında da məhz bu mövzuya toxunmalı idim.
***
Ötən ildən bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə
əlaqədar prosedurlara qiymətləndirmə ilə bağlı edilən düzəliş əslində bələdiyyələrə
əlavə maliyyə vəsaitinin daxil olmasına şərait yaratmalı idi. Görünən odur ki,
qanunvericiliyə edilən bu düzəliş bələdiyyələri əlavə xərcə salmaqla yanaşı,
mülkiyyətin özgəninkiləşdirilməsindən daxil olan ödənişlərin həcmini 30 faizədək azaldıb. Demək kifayət qədər
insan, əslində seçici bələdiyyədən narazı qalıb və qalmaqdadır.
Bu gün adını çəkmək istəmədiyim bələdiyyələrdən biri qeyd edir ki, əldə etdiyi 120 min manata yaxın büdcə vəsaitinin 11.500 manatını məhz Əmlak məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin şəxsə köçürüb. Yəni həmin vəsaitin 2.720 manatı 16 sənədin qiymətləndirilməsinə, 6.820 manatını 26 sənədə görə xidmət haqqı kimi, 1.755 manatını dövlət vergi rüsumu kimi, 12 sənədlə hərracda iştiraka görə 120 manat ödənilib.
Beləliklə, bələdiyyə əldə etdiyi
maliyyə vəsaitinin təxminən 10 fazini
ancaq ƏMDX müvafiq qurumuna köçürüb. Əvvəl 16 sənədə görə qiymətləndirmə
arayışına görə hər bir sənədə görə bələdiyyə
30 manat ödəyirdisə, bu gün onun qiyməti minimum 150 manat təşkil edir.
Maraqlı məqam bir də ondadır ki, müvafiq qurum sənədə imtina verib geri qaytarırsa , bələdiyyənin
pulu batmış hesab olunur. Yəni hər dəfə həmin vəsait ödəməklə yeni arayışın
alınması tələb olunur. Beləliklə, bələdiyyə 16 sənədə görə təkcə qiymət
arayışına görə əvvəl 480 manat ödədiyi halda, sonuncu dəyişiklikdən sonra 2.720
manatı ödəməli olur. Bununla da razılaşmaq olardı, bir şərtlə ki, bələdiyyənin
təqdim etdiyi sənəd qəbul edilmiş olsun. Lakin ƏMDX-nin müvafiq qurumları əvvəlki illərdə olduğu kimi
çox arxayın şəkildə fəaliyyətdədir. Nə isə...
Bir sənədə görə yeddi dəfə imtinanın göndərilməsini necə başa
düşək? Bu qurumda heç fikirləşirlərmi ki, bu qədər imtina verməkdənsə bələdiyyələrlə
görüş keçirib həm onların səhvini izah edək, həm də öz səhvimizi etiraf edib təkrarlamayaq.
Bu qədərdə olmaz axı.
Maraqlı olan odur ki, muvafiq qurumları publik hüquqi şəxsə
və ya təsərrüfat hesablı qurumlara çevirməklə tarif dərəcələrini müstəqil şəkildə
“dəyişdirməyə” nail olublar. Bəs maraqlıdır, əldə edilən kifayət qədər vəsaitdən
dövlət büdcəsinə nə qədər vəsait ödənilib? Ümumiyyətlə, bu sahədə şəffaflıq təmin
olunurmu?
Müşahidələr göstərir ki, qurumda deyəsən bu barədə düşünmürlər.
Məlumat üçün deyim ki, verilən imtina səbəbindən, habelə qiymətləndirmə rəylərinin qəbulundan yol verilən
anlaşılmazlıqlar nəticəsində əhali Sizdən, yəni ƏMDX-dən,
seçici isə bələdiyyədən narazı qalır. Odur ki, Komitə üzvlərinə təklif edirəm
ki, edilən dəyişikliklərin icra vəziyyəti ilə bağlı monitorinq təşkil etməklə,
həm də bələdiyyələrə xəritələrin veriməsini sürətləndirə bilərlər. Nəticədə isə
bələdiyyələrin üzləşdiyi problemlərin həllinə təkan vermiş olardılar.
İnanıram ki, bu günədək bələdiyyə qanunvericliyinin təkmilləşdirilməsinə
kifayət qədər töhfə verən bir komitə bu təklifi diqqətdə saxlayacaqdır.
Vüqar Tofiqli
Rəylər
0 Rəy