Bu tədbirlərin həyata keçirilməsi: VERGİ XİDMƏTİNİN RƏHBƏRİ TƏKLİF VERİR
(ƏMLAK VERGİSİ ÜZRƏ 2024–2026-CI İLLƏRİN 8 AYLIQ
YIĞIM GÖSTƏRİCİLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ VƏ TƏKLİFLƏR)
Zirə Bələdiyyəsinin ərazisində əmlak vergisi üzrə
vergi daxilolmalarının 2024–2026-cı illərin 8 aylıq dövrü üzrə göstəricilərinin
müqayisəli təhlili aparılmışdır.
Aparılmış təhlilə əsasən, 2024-cü ilin 8 ayı ərzində
əmlak vergisi üzrə bələdiyyə büdcəsinə 20 617 manat, 2025-ci ilin eyni dövründə
18 062 manat, 2026-cı ilin 8 ayı ərzində isə 25 848 manat vəsait daxil
olmuşdur.
Müqayisəli təhlil göstərir ki, 2025-ci ilin 8 aylıq
göstəricisi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 554,39 manat və ya
12,39 faiz azalmışdır.
2026-cı ilin 8 aylıq göstəricisində isə əvvəlki
ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım qeydə alınmışdır. Belə ki,
2026-cı ilin 8 ayında əmlak vergisi üzrə daxilolmalar 2025-ci ilin müvafiq
dövrü ilə müqayisədə 7 785 manat və ya 43.1 faiz artmışdır.
Eyni zamanda, 2026-cı ilin 8 aylıq yığım göstəricisi
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5.231 manat və ya 25,4 faiz çoxdur.
Beləliklə, 2024–2026-cı illərin 8 aylıq göstəricilərinin
müqayisəli təhlili göstərir ki, 2025-ci ildə əmlak vergisi üzrə daxilolmalarda
azalma müşahidə olunsa da, 2026-cı ilin eyni dövründə yığım göstəricilərinin əhəmiyyətli
dərəcədə artırılması təmin edilmişdir. 2026-cı ilin 8 aylıq nəticəsi əvvəlki
iki ilin müvafiq dövrləri ilə müqayisədə daha yüksək olmuşdur.
TƏKLİFLƏR
Əmlak vergisi üzrə daxilolmaların artırılması,
vergi öhdəliklərinin tam və vaxtında icrasının təmin edilməsi, vergi ödəyicilərinin
uçotunun dəqiqləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə
aşağıdakı məsələlərin nəzərdən keçirilməsi məqsədəuyğun hesab olunur:
1. Vəfat etmiş şəxslərin mülkiyyətində olmuş
daşınmaz əmlak və torpaq sahələri üzrə vergi öhdəliklərinin dəqiqləşdirilməsi
Vəfat etmiş şəxslərin mülkiyyətində olmuş və miras
qalmış daşınmaz əmlak və torpaq sahələrindən faktiki istifadə edən vərəsələrin
müəyyənləşdirilməsi və həmin əmlak və torpaq sahələri üzrə vergi öhdəliklərinin
qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə icrasının təmin edilməsi
məqsədəuyğundur.
Bu istiqamətdə vərəsənin mirasdan imtina etməsini təsdiq
edən müvafiq notariat qaydasında rəsmiləşdirilmiş sənədin təqdim edilmədiyi
hallarda, faktiki istifadə, mülkiyyət və digər hüquqi əsasların nəzərə alınması
ilə əmlak və torpaq vergisi üzrə öhdəliklərin müəyyənləşdirilməsi mexanizminin
təkmilləşdirilməsi təklif olunur.
2. İnvestisiya təşviqi sənədi əsasında vergi güzəştlərindən
yararlanan sahibkarlar barədə məlumat mübadiləsinin təkmilləşdirilməsi
Azərbaycan Respublikasının Vergi Məcəlləsində və
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş
güzəştlərdən yararlanmağa əsas verən investisiya təşviqi sənədi əsasında əmlak
və torpaq vergisindən müəyyən müddətə azad edilən sahibkarların hüquqmüəyyənedici
sənədləri barədə məlumatların daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastr məlumatları
ilə qarşılıqlı inteqrasiyasının təmin edilməsi təklif olunur.
Belə bir elektron inteqrasiyanın yaradılması nəticəsində
investisiya təşviqi sənədi əsasında vergi güzəştlərindən yararlanan
sahibkarların mülkiyyətində olan daşınmaz əmlak barədə məlumatların müvafiq
dövlət informasiya sistemlərindən bələdiyyələrin informasiya sistemlərinə
elektron qaydada ötürülməsi imkanının yaradılması məqsədəuyğun hesab olunur.
Bu mexanizmin tətbiqi bələdiyyələrə ərazilərində
yerləşən və investisiya təşviqi sənədi əsasında vergi güzəştlərindən istifadə
edən daşınmaz əmlak obyektləri barədə daha dolğun və aktual məlumat əldə etməyə,
həmin əmlaklara dair hüquqmüəyyənedici sənədlərin, o cümlədən daşınmaz əmlakın
dövlət reyestrindən verilmiş çıxarışlar barədə məlumatların bələdiyyənin məlumat
bazasında əks etdirilməsinə imkan verə bilər.
Hazırda bələdiyyələrin ərazilərində yerləşən
daşınmaz əmlakların hüquqi statusu və həmin əmlaklar üzrə dövlət reyestrində
mövcud olan məlumatların tam həcmdə əldə edilməsi istiqamətində qarşılaşdıqları
çətinliklər nəzərə alınaraq, dövlət informasiya sistemləri ilə bələdiyyələrin
informasiya sistemləri arasında elektron məlumat mübadiləsinin və
inteqrasiyanın yaradılması yerli özünüidarəetmə orqanlarının vergi
inzibatçılığının təkmilləşdirilməsinə mühüm töhfə verə bilər.
NƏTİCƏ
Yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsi
əmlak və torpaq vergisi üzrə vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsinə,
vergitutma bazasının dəqiqləşdirilməsinə və genişləndirilməsinə, vergi
daxilolmalarının artırılmasına, eləcə də yerli büdcə gəlirlərinin
formalaşdırılmasının daha səmərəli təşkilinə xidmət edə bilər.
Eyni zamanda, vergi ödəyiciləri və onların mülkiyyətində
olan daşınmaz əmlaklar barədə məlumatların elektron informasiya sistemləri
vasitəsilə qarşılıqlı mübadiləsinin təmin edilməsi vergi inzibatçılığının şəffaflığının
və səmərəliliyinin artırılmasına, vergi öhdəliklərinin vaxtında müəyyənləşdirilməsinə
və icrasına nəzarətin gücləndirilməsinə şərait yaradacaqdır.
Nüranə Hüseynova
Xəzər rayonu, Zirə bələdiyyəsinin vergi xidmətinin
rəhbəri
Rəylər
0 Rəy