Anar Hüseynli: “Bir çox sahibkar və digər vergi ödəyiciləri yerli vergiləri vaxtında ödəməklə yaşadıqları ərazinin inkişafına öz töhfələrini verirlər”
Xəzər rayonu Zirə bələdiyyəsində bələdiyyə sədri Anar Hüseynlinin, vergi xidmətinin rəhbəri Nuranə Hüseynovanın və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə görüş keçirilib.
Görüşdə bələdiyyənin cari fəaliyyəti, qarşıya çıxan çətinliklər,
mövcud problemlərin həlli yolları və gələcək fəaliyyətin daha səmərəli təşkili
məsələləri müzakirə olunub. Xüsusilə vergi-uçot sisteminin təkmilləşdirilməsi,
yerli büdcə gəlirlərinin artırılması, vergi ödəyiciləri ilə işin sistemli
qurulması və vergi borclarının yığılması istiqamətində görüləcək tədbirlərə
diqqət yetirilib.
Bildirilib ki, bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi
sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, ərazidə abadlıq işlərinin
aparılması, eləcə də sakinlərin müraciətlərinin operativ həlli baxımından mühüm
əhəmiyyət daşıyır.
Görüşdə çıxış edən Zirə bələdiyyəsinin sədri Anar Hüseynli həyata
keçirilən layihələrə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən dəstəyi
müsbət qiymətləndirib. Qeyd edib ki, bu əməkdaşlıq yerli əhəmiyyətli məsələlərin
həllinə və sakinlərin rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir.
Sədr vurğulayıb ki, bələdiyyənin məhdud insan və maliyyə
resurslarına baxmayaraq, azsaylı kollektivi vətəndaş məmnunluğunun təmin
olunması, sakinlərin gündəlik problemlərinin həlli və müraciətlərinə həssas
yanaşılması istiqamətində səylə çalışır.
Yerli büdcə gəlirlərinin dinamikasına toxunan Anar Hüseynli
vergi-uçot sisteminin təkmilləşdirilməsi, vergi ödəyiciləri arasında maarifləndirmə
işlərinin aparılması və borcların ödənilməsi istiqamətində görülən tədbirlərin
artıq müsbət nəticələr verdiyini bildirib.
Belə ki, 2026-cı ilin ilk 10 ayı ərzində Zirə bələdiyyəsinin
vergi və digər büdcə daxilolmaları 132 031 manat təşkil edib. Müqayisə üçün
qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə bu göstərici 107 990 manat olub.
Beləliklə, daxilolmalarda 24 041 manat və ya təxminən 22,3 faiz artım qeydə
alınıb.
2025 və 2026-cı illərin ilk 10 ayı üzrə daxilolmaların
müqayisəsi aşağıdakı kimidir:
Əmlak vergisi: 2025-ci ildə 23 383,01 manat, 2026-cı ildə 31
773,52 manat;
Torpaq vergisi: 2025-ci ildə 75 848,48 manat, 2026-cı ildə
88 379,65 manat;
Sanksiyalar: 2025-ci ildə 2 129 manat, 2026-cı ildə 3 175,55
manat;
Stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə
görə ödənişlər: 2025-ci ildə daxilolma qeydə alınmayıb, 2026-cı ildə 1 052
manat təşkil edib;
Bələdiyyə mülkiyyətinin icarəsinə görə ödəniş: hər iki ildə
6 600 manat;
İanələr: 2026-cı ildə 1 050 manat təşkil edib.
2026-cı ilin oktyabr ayı üzrə vergi daxilolmaları isə əmlak
vergisi üzrə 2 868 manat, torpaq vergisi üzrə 5 094 manat, sanksiyalar üzrə 85
manat olmaqla, ümumilikdə 8 047 manat təşkil edib.
Anar Hüseynli əldə olunan müsbət dinamikanı vergi ödəyicilərinin
uçotunun yaxşılaşdırılması, vergitutma bazasının dəqiqləşdirilməsi, borcların
yığılması və vergi xidməti tərəfindən aparılan məqsədyönlü işlərin nəticəsi
kimi qiymətləndirib. Bununla yanaşı, mövcud potensialdan daha səmərəli istifadə
etməklə büdcə daxilolmalarının artırılması üçün əlavə tədbirlərin görülməsinin
vacibliyini vurğulayıb.
O bildirib ki, vergi xidməti həm vergi borcu olan şəxslərlə,
həm də digər vergi ödəyiciləri ilə mütəmadi olaraq maarifləndirmə və izahat işləri
aparır. Məqsəd yalnız vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq
deyil, həm də yerli vergilərin ödənilməsinin vətəndaş məsuliyyətinin mühüm tərkib
hissəsi olduğunu ictimaiyyətə çatdırmaqdır.
Sədr təəssüflə qeyd edib ki, bəzi vergi ödəyiciləri qanunla
müəyyən edilmiş öhdəliklərini vaxtında yerinə yetirməkdən yayınırlar. Halbuki
bir çox sahibkar və digər vergi ödəyiciləri yerli vergiləri vaxtında ödəməklə
yaşadıqları ərazinin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan hər kəsin
üzərinə düşən öhdəliyə məsuliyyətlə yanaşması vacibdir.
Anar Hüseynli xüsusi olaraq vurğulayıb ki, bələdiyyə büdcəsinə
daxil olan hər bir manat yerli əhəmiyyətli məsələlərin həllinə, qəsəbənin
abadlaşdırılmasına və sakinlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət
edir. Buna görə də yerli vergilərin vaxtında və tam ödənilməsi yalnız qanuni
maliyyə öhdəliyi deyil, həm də yaşadığımız qəsəbənin inkişafına verilən mühüm
töhfə kimi qiymətləndirilməlidir.
Görüş zamanı Zirə bələdiyyəsinin sədri əmlak və torpaq
vergisi üzrə yığımların artırılması, vergitutma bazasının dəqiqləşdirilməsi və
vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra konkret təkliflər
də irəli sürüb.
İlk növbədə, vəfat etmiş şəxslərin mülkiyyətində olmuş və
miras qalmış daşınmaz əmlak və torpaq sahələri üzrə vergi öhdəliklərinin müəyyənləşdirilməsi
məsələsinə diqqət çəkilib.
Anar Hüseynli bildirib ki, bu sahədə mövcud çətinliklərin
aradan qaldırılması üçün vəfat etmiş mülkiyyətçilərin əmlakından faktiki
istifadə edən vərəsələrin müəyyənləşdirilməsi, vərəsəlik hüququnun rəsmiləşdirilməsi,
mirasdan imtina və faktiki istifadə halları nəzərə alınmaqla vergi öhdəliklərinin
qanunvericiliyə uyğun müəyyən edilməsi mexanizmlərinin təkmilləşdirilməsinə
ehtiyac var.
Onun sözlərinə görə, bəzi hallarda daşınmaz əmlak və torpaq
sahələri faktiki olaraq vərəsələr tərəfindən istifadə edilsə də, mülkiyyət
hüququnun rəsmiləşdirilməməsi bələdiyyələrin vergi uçotu və öhdəliklərin müəyyənləşdirilməsi
prosesində çətinliklər yaradır. Bu səbəbdən aidiyyəti dövlət qurumları ilə məlumat
mübadiləsinin gücləndirilməsi və qanunvericiliyə uyğun mexanizmlərin
hazırlanması vacibdir.
Sədrin irəli sürdüyü digər mühüm təklif investisiya təşviqi
sənədi əsasında əmlak və torpaq vergisi üzrə güzəştlərdən yararlanan
sahibkarlarla bağlı məlumatların elektron inteqrasiyasının yaradılması olub.
Qeyd edilib ki, investisiya təşviqi sənədi əsasında vergi
güzəştlərindən istifadə edən sahibkarların hüquqmüəyyənedici sənədləri ilə
daşınmaz əmlakın dövlət reyestri və kadastr məlumatları arasında elektron məlumat
mübadiləsinin təşkili zəruridir.
Anar Hüseynli bu məqsədlə aidiyyəti dövlət qurumlarının
informasiya sistemləri ilə bələdiyyələr arasında müvafiq elektron inteqrasiya
mexanizminin yaradılmasını təklif edib. Belə bir sistem vasitəsilə vergi güzəştlərindən
yararlanan sahibkarların mülkiyyətində olan daşınmaz əmlak, həmin əmlakların
hüquqi statusu və dövlət reyestrindəki qeydiyyat məlumatları bələdiyyələrə
elektron qaydada ötürülə bilər.
Sədrin fikrincə, bu mexanizm bələdiyyələrin vergitutma
bazası barədə daha dolğun və aktual məlumat əldə etməsinə, vergi güzəştlərinin
düzgün uçotunun aparılmasına və vergi inzibatçılığında şəffaflığın
artırılmasına imkan verəcək.
O, həmçinin vurğulayıb ki, bələdiyyələrin öz ərazilərində
yerləşən daşınmaz əmlakların hüquqi statusu və dövlət reyestrindəki məlumatlarla
bağlı üzləşdikləri çətinliklər nəzərə alınaraq, aidiyyəti qurumlarla elektron məlumat
mübadiləsinin genişləndirilməsi yerli özünüidarəetmənin maliyyə imkanlarının
artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Anar Hüseynli irəli sürülən təkliflərin reallaşdırılmasının əmlak
və torpaq vergisi ödəyicilərinin uçotunun yaxşılaşdırılmasına, vergitutma
bazasının dəqiqləşdirilməsinə, vergi daxilolmalarının artırılmasına və yerli
büdcə gəlirlərinin daha səmərəli formalaşdırılmasına xidmət edəcəyini bildirib.
Görüşdə bələdiyyənin qarşılaşdığı çətinliklərin aradan
qaldırılmasında aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın əhəmiyyəti də
vurğulanıb. Xüsusilə Xəzər Rayon İcra Hakimiyyətinin, Ədliyyə Nazirliyinin
müvafiq qurumlarının və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının
(ABMA) əməkdaşları tərəfindən göstərilən dəstək yüksək qiymətləndirilib. Qeyd
olunub ki, bu əməkdaşlıq yerli özünüidarəetmənin təkmilləşdirilməsi, bələdiyyələrin
institusional imkanlarının gücləndirilməsi və mövcud problemlərin həlli
baxımından mühüm rol oynayır.
Görüşdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai Birliyinin sədri Vüqar Tofiqli də müzakirə olunan məsələlərlə bağlı öz
təklif və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Sonda bildirilib ki, Zirə bələdiyyəsi bundan sonra da yerli
büdcə gəlirlərinin artırılması, vergi intizamının gücləndirilməsi, vergi ödəyiciləri
ilə işin təkmilləşdirilməsi və sakinlərin müraciətlərinin operativ həlli
istiqamətində fəaliyyətini davam etdirəcək.
Vurğulanıb ki, əsas məqsəd yalnız büdcə gəlirlərinin artırılması deyil, əldə olunan maliyyə imkanlarının qəsəbənin inkişafına, abadlıq və infrastruktur layihələrinin həyata keçirilməsinə, sakinlərin sosial rifahının yüksəldilməsinə və vətəndaş məmnunluğunun təmin olunmasına yönəldilməsidir.
Belediyye.info
Rəylər
0 Rəy