Bələdiyyələrlə iş baş idarəsi tərəfindən növbəti seminar təşkil olunub
Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Bakı şəhəri üzrə fəaliyyət
göstərən bələdiyyələrin iştirakı ilə seminar-təlimlər təşkil olunub.
Videokonfrans formatında keçirilən təlimlər “Bələdiyyə
qulluğuna qəbul və icra aparatının formalaşdırılması qaydaları” və “Bələdiyyə
qulluqçularının hüquq və vəzifələri və onların sosial təminatları” mövzularını əhatə
edib.
Təlimlərdə bələdiyyə qulluğuna qəbul prosesi, bu sahədə
mövcud məhdudiyyətlər, müsabiqə komissiyasının təşkili qaydaları, eləcə də bələdiyyənin
icra orqanı olan icra aparatının səlahiyyətləri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, bələdiyyə qulluqçularının hüquq və vəzifələri,
iş vaxtının təşkili, məzuniyyət hüququ, pensiya və digər müavinətlərin verilməsi
qaydası da daxil olmaqla sosial təminat məsələləri üzrə qanunvericiliyin tələbləri
izah olunub.
Seminar zamanı bələdiyyə qulluğuna qəbul prosesində müşahidə
olunan bəzi çatışmazlıqlara da toxunularaq onların aradan qaldırılması istiqamətində
müvafiq tövsiyələr təqdim edilib.
Sonda mövzular üzrə iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Rəylər
0 Rəy