Nigar Məmmədova: “Vergi bildirişlərinin onlayn qaydada göndərilməsinə keçid üçün hazırda hazırlıq işləri aparılır”
Bu dəfə suallarımızı Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova cavablandırır:
-
Bələdiyyənin vergi xidməti olaraq, yerli büdcə gəlirlərinin
artırılması istiqamətində hansı addımlar atılır?
-
Nigar Məmmədova: Xocəsən bələdiyyəsi olaraq, yerli
büdcə gəlirlərinin artırılması vergi xidmətimizin əsas hədəflərindən biridir. Hər
il olduğu kimi, cari ildə də gəlir imkanları təhlil edilir və mövcud
potensialdan qanunvericiliyin tələblərinə uyğun şəkildə istifadə olunur. Eyni
zamanda, 2025-ci ilədək fərdi yaşayış evlərinin mülkiyyət hüququnu təsdiq edən
çıxarışların elektron formada əldə edilməsinin genişlənməsi vergi ödəyicilərinin
sayının artmasına müsbət təsir göstərib. Bunun nəticəsi olaraq, 2026-cı ilin
ilk doqquz ayı ərzində yerli büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə
müqayisədə 8 faiz artıb. Bununla yanaşı, vergi uçotunun təkmilləşdirilməsi
istiqamətində də işlər aparılır. Bələdiyyə ərazisində yerləşən yaşayış və
qeyri-yaşayış obyektləri, eləcə də torpaq sahələri müəyyənləşdirilərək müvafiq
məlumat bazasına daxil edilir.
-
Son iki il ərzində vergi xidmətinin fəaliyyətində
hansı yeniliklər tətbiq edilib?
-
Nigar Məmmədova: Son iki ildə vergi ödəyiciləri ilə
işin daha operativ və səmərəli təşkili, eləcə də vergi borclarının vaxtında ödənilməsinin
təmin edilməsi istiqamətində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, vergi
müfəttişləri tərəfindən vergi borcu olan vətəndaşlara borcun ödənilməsi ilə
bağlı SMS vasitəsilə xəbərdarlıqlar göndərilir. Bu, sakinlərin vergi öhdəlikləri
barədə vaxtında məlumatlandırılmasına və ödənişlərin həyata keçirilməsinə əlavə
imkan yaradır. Digər mühüm yenilik isə vergi öhdəliklərini vaxtında yerinə
yetirməyən vətəndaşlarla bağlı qəbul edilən inzibati aktların elektron qaydada
icraya yönəldilməsidir. Həmin aktlar Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin icra sənədlərinin məcburi icraya yönəldilməsi üzrə elektron
kabineti vasitəsilə müvafiq icra şöbəsinə göndərilir. Bu mexanizmin tətbiqi
vergi borclarının yığılması prosesinin daha sistemli təşkilinə və inzibati
prosedurların operativliyinin artırılmasına xidmət edir. 2025–2026-cı illərdə
icra şöbəsinə göndərilən aktlarla bağlı işlərin aparılması da bu istiqamətdə
görülən tədbirlərin tərkib hissəsidir.
-
Növbəti ildən vergi bildirişlərinin onlayn qaydada
göndərilməsi nəzərdə tutulur. Bununla bağlı hansı addımlar atılıb və gələcəkdə
hansı işlərin görülməsi planlaşdırılır?
- Nigar Məmmədova: Xocəsən bələdiyyəsində rəqəmsal xidmətlərin tətbiqinə artıq başlanılıb. Cari ilin fevral ayından etibarən SMS xidməti tətbiq olunur. Bu xidmət vasitəsilə vergi ödəyicilərinə borcları barədə məlumat verilir və onların vaxtında ödəniş etmələri təşviq olunur. Vergi bildirişlərinin onlayn qaydada göndərilməsinə keçid üçün hazırda hazırlıq işləri aparılır. İlk növbədə, vətəndaşların əlaqə məlumatları dəqiqləşdirilir ki, bildirişlərin ünvan sahiblərinə vaxtında və düzgün çatdırılması təmin edilsin. Bununla yanaşı, sakinlər arasında maarifləndirmə işləri həyata keçirilir, elektron bildirişlərin üstünlükləri və istifadəsi qaydaları barədə məlumat verilir.
Belediyye.info
Rəylər
0 Rəy