Dünən bələdiyyə sədrlərinə zəng edib gül buketi sifariş edən məmur, bu gün.....CİDDİ
On rayon icra hakimiyyətinin son üç gündə paylaşdıqları məlumatları diqqətlə izlədim. Paylaşılan məlumatların əsas mövzusu Beynəlxalq Qadınlar gününə həsr olunan tədbirlərlə və ağacəkmə aksiyası ilə bağlı idi. Hər bir məlumatı oxuduqca diqqətimi bir məqam daha çox çəkdi.
Sual edirəm,
təşkil olunan tədbirlərin hər birində bələdiyyələrin “xüsusi töhfəsi” olduğu
halda, üstəlik tədbir və aksiyalarda bələdiyyə rəsmilərinin iştirak etdiyi
halda hansı səbəbdən məlumatlarda bələdiyyələrin adları belə çəkilməyib?
Nəzərə
alaq ki, on tədbirin hər birində bələdiyyələri təmsil edən rəsmi şəxslər
yaxından iştirak ediblər. Bəzi şəkillərdə bələdiyyə üzvlərinin və qulluqçularının
simaları açıq-aydın görünür. Düzdü, bəzi istisnalar olsa da, icra başçılarının hətta səyyar görüşləri ilə
bağlı paylaşılan məlumatlarda son günlər görüşdə iştirak edən bələdiyyə sədrlərinin
bu və ya digər formada şəkillərinin paylaşılmaması təəsüf döğurur. Bəli, bu
danılmaz bir faktdır. Ancaq mətləbdən uzaqlaşmayaq.
Deyə bilərsiniz
ki, bələdiyyələrin çoxsaylı problemləri olduğu halda bu məqamı elə də ciddi
problem sayılmamalıdır, axı. Düzdür,
razıyam, ancaq gəlin unutmayaq ki, hər bir problem öz başlanğıcını xırda bir səbəbdən
götürür. Nə isə...
Demək. Şəmkir, Nəsimi, Suraxanı, Abşeron, Xəzər, Sabunçu, Xətai, Nizami, Binəqədi
və Göyçay RİH-lərin yaydığı məlumatları diqqətlə izlədim. Yalnız Şəmkir, Xəzər və Binəqədi RİH rəsmiləri paylaşdıqları tədbirdə
bələdiyyənin təmsilçilərinin iştirakını qeyd ediblər.
Ən maraqlı
məqam ondadır ki, dünən bələdiyyə sədrlərinə
zəng edib, xanımlar üçün gül buketi sifariş edən məmurlar bu gün şirin dillə
danışdıqları sədrlərin təmsil etdiyi qurumun adını məlumatda paylaşmağa nədənsə
əziyyət çəkiblər. Nə isə...
Təəsüfləndirici
fakt bir də ondadır, hiss olunur ki, paylaşılan məlumatların bir çoxuna siyasi
rəhbərlər heç baxmayıblar. Baxsaydılar, bəlkə də belə yazılmazdı. Çünki bir çox
rayonlardan fərqli olaraq Sabunçu RİH başçısı Adil Vəliyevin, Suraxanı RİH
başçısı Adil Əliyevin və Xətai RİH başçısı Raqub Quluyevin bələdiyyələrə göstərdikləri diqqət hər kəsin
göz önündədir. Bu gün həmin rayon bələdiyyələrinin əldə etdiyi uğurlarda siyasi
rəhbərlərin xüsusi rolu olduğunu hər kəs yaxşı bilir. Ancaq ümumilikdə bir çox siyasi rəhbərlərin ətrafında olan RİH-lərdəki
bəzi ixtisara düşmüş, vəzifəsi aşağı salınmış məmurlar kifayət qədər yararlandıqları
doqquz hərfdən ibarət olan bələdiyyənin
adını yazmaqda niyə çətinlk çəkiblər, bax bu məqam çox maraqlıdır. Niyə bir məqamı
unudublar ki, cari ilin əvvəlində RİH-lərdə həyata keçirilən ixtisar zamanı bələdiyyəni
gözümçıxdıya salan bəzi sabiq məmurlara bələdiyyə ştat açıb işlə təmin etdi.
RİH-lərlə bağlı proses davam edərsə nəzərə alın ki, işiniz yenə bələdiyyəyə düşə
bilər. Belə olan halda heç olmasa yaxşılıq toxunmunu indidən əkin, heç
olmasa.
Bu cür
etinasızlıq, hörmətsizlik, ən nəhayət eqoizm nə vaxtadək davam edəcək. Bu
yanaşma ilə hara gedirsiniz. Ayıb deyilmi!!!
İndisə paylaşılan məlumatlara diqqət yetirək.
Vüqar Tofiqli
****
8 Mart -
Beynəlxalq Qadınlar Günü münasibətilə Şəmkir RİH başçısı aparatının əməkdaşları,
inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, Birinci və
İkinci Qarabağ müharibəsində şəhid olan qəhərman övladlarımızın ailələrini
ziyarət edib, şəhid analarına və xanımlarına bayram təbriklərini çatdırıblar.
*****
Nəsimi
rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə
həsr olunmuş tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan
Partiyası Nəsimi rayon təşkilatının sədri, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri,
rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin və
iştirakçılarının ailə üzvləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən,
elm, təhsil, səhiyyə, mədəniyyət, hüquq mühafizə və digər sahələrdə çalışan
qadınlar iştirak ediblər.
*****
5 mart 2026-cı il tarixdə Suraxanı Rayonu Heydər
Əliyev Mərkəzində YAP-ın Suraxanı rayon təşkilatının “Şəhərsalma və Memarlıq
İli” çərçivəsində təqdim etdiyi “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr
olunmuş “Qadın Gülərsə, Bəşəriyyət Gülər!” adlı tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
Adil Əliyev, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri
Vüqar Seyidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Qaya Məmmədov,
digər rəsmi şəxslər, Şəhid ailə üzvləri, Suraxanı rayonunun idarə, təşkilat, müəssisələrində
fəaliyyət göstərən xanımlar – YAP Suraxanı rayon təşkilatının fəal üzvləri,
rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
*****
Abşeron rayonunda
8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib. Xırdalan şəhərində yerləşən
Abşeron Rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, regional idarələrin, rayonun
hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, şəhid ailələri və
rayon ictimaiyyəti iştirak edib. Dövlət Himnimizin oxunması ilə başlayan tədbirdə
Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə
ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
****
Xəzər Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil
yolunun sağ hissəsində keçirilən aksiyada
Rayon İcra Hakimiyyətinin başçısı
Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının
müavinləri və Aparatın əməkdaşları, Xəzər RİH başçısının qəsəbə inzibati ərazi
dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil, səhiyyə,
mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, Şəhid
ailələri və müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
*****
Binəqədi Rayon
İcra Hakimiyyəti və Biləcəri Bələdiyyəsinin birgə təşkilatçılığı ilə qəsəbənin
10 May küçəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı ağacəkmə
aksiyası keçirilmişdir. Aksiya zamanı ərazidə ümumilikdə 200 ədəd ağac əkilərək
qəsəbənin ekoloji mühitinin yaxşılaşdırılmasına və yaşıllıq sahələrinin
artırılmasına töhfə verilmişdir. Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra
Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilati məsələlər sektorunun, Rayon İcra
Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin
və Biləcəri Bələdiyyəsinin əməkdaşları, qəsəbə ictimaiyyəti iştirak
ediblər.
******
07.03.2026-cı il
tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “8 Mart - Beynəlxalq
Qadınlar Günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Sabunçu
Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti
başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və
rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
*****
2026-cı il mart
ayının 6-da Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və Xətai rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü
münasibətilə “Azərbaycan cəmiyyətində qadınlar: ənənələr və çağırışlar”
mövzusunda tədbir keçirilib.
Tədbirdə dövlət
qurumlarının əməkdaşları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, partiya
fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
*****
Nizami Rayon İcra
Hakimiyyətinin və Yeni Klinikanın birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq
Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanımlarının iştirakı ilə “Zərifliyin
gücü” adlı bayram tədbiri keçirilib.
****
Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8
Mart – Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə tədbir
keçirilib.
Tədbirdə RİH başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, YAP rayon təşkilatının sədri Sahib Şükürov, şəhid anaları və şəhidlərimizin ömür-gün yoldaşları, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar iştirak edib.
Rəylər
0 Rəy