İsmayıl Rəsulov: "Ağcabədi bələdiyyəsi yol infrastrukturunun yenilənməsinə öz töhfəsini verməkdədir"
"Ağcabədi bələdiyyəsi əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə M. Ə.Sabir küçəsində yol təmir işlərini uğurla həyata keçirmişdir. Bələdiyyə tərəfindən 6 095 kvadrat metr sahəni əhatə edən yol infrastrukturunun yenilənməsi layihəsi tamamlanmışdır"- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov deyib.
Sədr qeyd edib ki, layihə çərçivəsində mövcud yolun səthi tamamilə yenilənmiş, çatlar və deformasiya olunmuş hissələr aradan qaldırılmışdır. Yol səthi əvvəlcə hamarlanmış, daha sonra yüksək keyfiyyətli çınqıl daşla örtülərək möhkəmləndirilmişdir. Bu tədbirlər nəticəsində həm piyadaların, həm də nəqliyyat vasitələrinin rahat hərəkəti təmin olunmuşdur.
Yol infrastrukturunun yenilənməsi prosesi zamanı bələdiyyə əməkdaşları və texniki heyət müasir standartlara uyğun iş aparmış, ərazidə təhlükəsizlik və nəqliyyat əlverişliliyi diqqət mərkəzində saxlanmışdır. Layihənin tamamlanması ilə M. Ə.Sabir küçəsi sakinləri üçün daha əlverişli və təhlükəsiz hərəkət şəraiti yaradılmışdır.
Sədr bildirib ki, Ağcabədi bələdiyyəsi vətəndaş məmnunluğunun daim prioritet hesab edir və şəhərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Yolun yenilənməsi layihəsi də bu məqsədin uğurlu nümunəsi kimi diqqət çəkir.
Beləliklə, 6 095 kvadrat metr sahədə aparılan yol təmir işləri həm estetik görünüşü, həm də funksionallığı ilə şəhər əhalisinin istifadəsinə tam hazır vəziyyətə gətirilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy